Oqtay Gülalıyev: «Vanda 130 milyona şəhər tikdilər, bunlar 320 milyonla ortaya heç nə qoya bilməyiblər»
Bir evin kvadratını 500 manata sənədləşdiriblər ki, bu məbləğə hətta Bakıda ev almaq olar
Zaqatalada gərginlik davam etməkdədir. Zəlzələdən sonra dövlətin zərərçəkmişlərə yardım məqsədilə ayırdığı vəsaitin təyinatı üzrə xərclənməməsi əhalinin ciddi narazılığına səbəb olub. Hazırda Zaqatalada da Ismayılıdakı kimi fövqəladə vəziyyət elan olunub. Zaqataladakı hüquq-mühafizə orqanları, daxili qoşunlar bir nömrəli hazırlıq səviyyəsinə gətirilib. Zaqatalanın kəndlərində əhalinin narazılığının səngiməməsi hakimiyyəti təşvişə salıb. Elə bu üzdən əhaliyə 4000-7000 arası kompensasiya verilir. Amma ödənilən məbləğ evin bərpası və tikintisi üçün kifayət etmədən bəzi kəndlərin əhalisi, ümumiyyətlə, yardımı almaqdan imtina edib. Mövzu ilə bağlı suallarımızı “Kür” Vətəndaş Cəmiyyəti qərargahının koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyevə ünvanladıq:
– Oqtay bəy, Zaqataladakı problemlərin kökü nədən qaynaqlanır? Zəlzələ bölgəsində tikilən evlərin bir kvadrat metri paytaxtdakı qiymətlərlə eynidir?
– Zaqataladakı olayların kökündə təbii ki, ölkədəki sosial ədalətsizlik dayanır. Ölkədə sosial-iqtisadi problemlərin həll olunmaması, rüşvət və korrupsiyanın geniş vüsət alması Zaqatala olaylarının başvermə səbəbləridir. Zaqatalada səkkiz aydır ki, zəlzələ baş verib. Insanlar problemlərinin həllini gözləyirdilər. Hazırda aksiya keçirərək, narazılıqlarını ifadə edən adamlar ümid edirdilər ki, onların ciddi zədə almış evləri tikiləcək, xəsarət görən evlərə isə bərpa üçün kifayət qədər vəsait veriləcək. Amma son nəticədə onlara 4000-5000 manat arası pul təklif olundu ki, bu da narazılığın açıq müstəviyə keçməsinə səbəb oldu. Çünki ayrılan vəsait onların evlərini təmir etməsinə imkan vermir. Zərər görmüş evlər çay daşı ilə deyil, mişar daşı ilə tikilib. Ona görə onların kiçik vəsait hesabına bərpası real deyil. Digər tərəfdən, biz tikilən evlərin müstəqil komissiyanın vasitəsi ilə qiymətləndirməsini aparmışdıq. Məlum olmuşdu ki, Qax-Zaqatala bölgəsində zəlzələ ilə bağlı tikilən bir evin kvadratı 500-550 manata başa gəlir. Bu isə Bakının mərkəzi Yasamal rayonunda tikilən evlərin kvadratının qiymətinə uyğun gəlir. Bu, kifayət qədər şişirdilmiş bir qiymətdir. Göndərdiyimiz sorğuya cavabda məlum olur ki, Qax-Zaqatala bölgəsində tikilən 2 otaqlı evlər 45 min manata, 3 otaqlı evlər 60 min manat civarında başa gəlir. Bu da kifayət qədər böyük rəqəmlərdir. Altmış min manata Bakıda ev almaq olar.
– Bundan başqa, tikinti həyata keçirən şirkətlərlə də bağlı bir sıra qaranlıq məqamlar mövcuddur. Bu barədə sizə nə məlumdur?
– Təəssüflər olsun ki, bizim bu barədə sorğumuz hələ tam cavablandırılmayıb. Ona görə biz konkret olaraq hansı şirkətlərin bu tikintini həyata keçirdiyi ilə bağlı məlumatımız yoxdur. Yalnız qeyri-rəsmi əldə etdiyimiz məlumata görə, bu şirkətlərin böyük əksəriyyəti fövqəladə hallar nazirinə və hakimiyyətdə təmsil olunan digər şəxslərə yaxınlığı ilə seçilirlər. Bəzən elə olur ki, bu şirkətlər də həmin işi görmür və işin icrasın başqa kiçik şirkətlərə həvalə edirlər. Burada da tikinti ilə bağlı bir neçə əl dəyişir. Bu da öz növbəsində böyük talançılıq və korrupsiya faktları ilə müşahidə olunur.
Kəndbəkənd evləri monitorinq edəcəyik
– Kəmallədin Heydərov bu yaxınlarda açıqlamasında bildirmişdi ki, 2984 ev tikilərək istifadəyə verilib. Bu məlumat nə dərəcədə reallığı əks etdirir? Reallıqda əhalinin istifadəsinə neçə ev verilib?
– Hələ rəsmilər keçən ilin sonuna qədər evlərin böyük əksəriyyətini tikib, istifadəyə verəcəklərini söyləmişdilər. Amma hadisələr göstərdi ki, bu evlərin tikintisi nəinki yekunlaşmadı, əksinə, böyük gərginlik yaşandı. Yanvarın 7-də Kəmaləddin Heydərov bildirdi ki, 2984 ev tikilərək istifadəyə verilib. Biz o vaxt da bu rəqəmləri şübhə altına almışdıq və rəqəmlərin düzgünlüyünü yoxlamaq üçün FHN-ə müraciət etmişik. Həmin evlərin tikilən kəndlər üzrə siyahısını istədik ki, orada monitorinq aparaq. Təəssüflər olsun ki, bizə siyahı hələ də verilməyib. Gələn həftə bu siyahını bizə verəcəklərini söyləyiblər. Bu siyahını əldə edəndən sonra kəndlər üzrə evləri yoxlayacağıq. Onların keyfiyyətinin, necə tikildiyini yoxlayacağıq. Yerli mənbələrdən əldə etyimiz məlumatda bu rəqəmlər ciddi şübhə altına alınır.
– Tikildiyi elan olunan evlərin heç olmasa yarısı tikilibmi?
– Əldə etdiyimiz məlumat tam əksini göstərir və belə görünür ki, elan olunan rəqəmlər tamamilə fərqli və şişirdilmişdir.
– Zəlzələdən dəyən ziyanı aradan qaldırmaq üçün dövlət büdcəsindən 320 milyon manat pul ayrılıb. Bu məbləğ kifayət qədər böyük olsa da, əhali hələ də evlə təmin olunmayıb. Halbuki müqayisə üçün deyək ki, Vandakı zəlzələdən sonra təxminən 130 milyon manata bölgədə yeni şəhərcik salındı?
– Bu müqayisəni biz hesabatımızda qeyd etmişik. Həqiqətən də 130 milyon manata bir il ərzində müasir, modern evlər tikildi. Qax-Zaqatala bölgəsindəki fəlakətləri aradan qaldırmaq daha böyük vəsait ayrılıb. Və yaxud Kür daşqınları ilə bağlı 460 milyon manat vəsait nəzərdə tutulmuşdu. Amma nəticə ürəkaçan deyil. Təbii ki, bütün bunların mahiyyətində korrupsiya, inhisarçılıq, talançılıq durur. Ayrılan vəsaitlər ünvanına çatmır.
– Ortada bir məntiqsizlik də var. Dövlətin zərərçəkmişlər üçün tikdiyi evlərin bir kvadratı 500 manata başa gəlsə də, əhali üçün evin tikinti, bərpası üçün ən yaxşı halda 7000 manat ayrılır. Bu isə heç 15 kvadratın pulu etmir?
– Əhaliyə verilən kompensasiya bərpa və gücləndirmə üçün verilən vəsaitdir. Bəli burada böyük məntiqsizlik var. Bu məntiqsizliyə daha birini əlavə etmək istəyirəm. Hökumət insanlara evin kvadrat metrin 500 manata tikib satır. Amma həmin evin bərpa və gücləndirməsini 34 manatdan həyata keçirirlər. Ən yaxşı halda məbləğ 40 manat olur. Deməli, insanlara hər kvadrata görə nağd verilən pul 40, özlərinin işinə görə ayırdıqları vəsait 500 manatdır.
Xəyal