Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

Ötən ilin aprelindən bəri yaşı 10 ili aşan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi yasaqlanıb. Hökumət bu qərarını ölkədə avtomobil parkının köhnəlməsinə, eləcə də ekoloji amillərə bağlayır. Rəsmi rəqəmlərə görə, minik avtomobillərinin təxminən 5 faizinin istismar müddəti beş ildən az idi. Ölkədəki avtomobillərin 83 faizinin istismar müddəti 10 ili, 45 faizininsə 20 ili aşır.

Azərbaycanda avtomobil parkının yaşlı olması heç də səbəbsiz deyil. 2015-ci ildəki devalvasiyayadək ölkədə avtopark daha gənc idi. Həmin tarixdən bəri əhalinin sosial rifahının aşağı düşməsi, manatın alıcılıq qabiliyyətinin azalması, eləcə də avtomobil idxalı ilə bağlı rüsumların yüksək olması əhalini daha çox yaşlı avtomobillərə yönəltdi. Ötən il ölkəyə avtomobil idxalına dair Dövlət Gömrük Komitəsinin rəqəmlərindən görünür ki, 10 il məhdudiyyəti vətəndaşların avtomobil xərclərini daha da çoxaldıb. Bununla yanaşı, 2023-cü ildə Azərbaycana idxal edilən avtomobil sayındakı artım da diqqət çəkir.

Ötən il boyunca Azərbaycana toplam 88 min 151 ədəd avtomobil gətirilib. Bu qədər avtomobil idxalı ölkəyə 1 milyard 515 milyon dollara başa gəlib. 2022-ci ildə Azərbaycana 68 min 684 ədəd avtomobil idxal edilmiş və bu idxal üçün 845 milyon dollar ödənmişdi. Deməli, həmin illə müqayisədə 2023-cü ildə Azərbaycana gətirilən avtomobil sayı 28 faiz, avtomobil idxalına sərf edilən vəsaitin həcmi isə 79 faiz artıb. 2022-ci ildə ölkəyə idxal edilən avtomobillərin orta idxal dəyəri 12.3 min dollar olduğu halda, 2023-cü ildə bu göstərici 17.2 min dollara yüksələrək 40 faiz artıb.

Elektromobillərə maraq kəskin çoxalıb

Ötən il Azərbaycana avtomobil idxalında bir məqam – elektrik mühərrikli avtomobillərin toplam idxalda payının kəskin artması da diqqət çəkir. Gətirilmiş 3 min 102 avtomobil yalnız elektrik mühərriki ilə çalışıb. 2022-ci ildə bu rəqəm cəmi 486 idi. Deməli, ötən il ölkəyə gətirilən elektrik mühərrikli avtomobillərin sayı altı dəfədən çox artıb. İlboyu Azərbaycana idxal edilən minik avtomobillərinin 3.5 faizi elektrik mühərrikli olub. Daha bir il öncə bu rəqəm 1 faizə də çatmırdı. Ötən il Azərbaycana gətirilən elektromobillərin sayı ondan öncəki bütün illərdə gətirilən elektrikli avtomobillərin toplam sayından daha çoxdur.

İdxalda yalnız elektrik mühərrikli avtomobillərlə yanaşı, hibrid mühərrikli avtomobil sayında da artım davam edib. 2023-cü ildə Azərbaycana 14 min 98 ədəd hibrid mühərrikli avtomobil gətirilib. Bu, 2022-ci illə müqayisədə 24 faiz, 2021-ci illə müqayisədə 9 faiz, 2020-ci illə müqayisədə isə üç dəfəyə yaxın artım deməkdir. Ötən il ölkəyə gətirilən avtomobillərin 20 faizi elektrik və ya hibrid mühərrikli olub.

Hökumət nə düşünür?

Son dövrlər qəbul edilən bəzi qərarlardan görünür ki, hökumət xaricdən avtomobil idxalının bu qədər genişlənməsindən elə də məmnun deyil. Bunun əsas səbəblərindən biri devalvasiyadan sonrakı illərdə hökumətin ölkədən valyuta çıxışını azaltmaqla bağlı siyasətidir. Hökumət, bir çox digər sahədə olduğu kimi, avtomobil idxalında da bu alışlara sərf edilən vəsaitin ölkədə qalmasına yönəlik addımlar atır. Bunun əsas alətlərindən biri yerli avtomobil istehsalının avtomobil alışında payının artırılmasıdır. Ancaq Azərbaycanda istehsal edilən avtomobillərin rəqabət qabiliyyətinin yüksək olmaması həmin maşınlara marağı azaldır. Elə bu üzdən, hökumət artıq inzibati metodlarla yerli istehsal avtomobillərə marağı artırmaq istəyir. Unutmaq olmaz ki, ötən il qəbul edilən qərarla ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü ildən başlayaraq 10 il müddətinə ƏDV-dən azad edildi.

Azadlıq radiosu