Azərbaycan bildirib ki, əgər Xankəndi Bakının inteqrasiya siyasətini qəbul etməzsə, Qarabağın indiki problemlərini həll edilməmiş qoyacaq və “daha sərt və daha kəskin addımlar atacaq”.
Bunu Qarabağ ermənilərinin “prezidenti” kimi təqdim olunan Araik Arutyunyan martın 6-da Xankəndidə keçirdiyi iclasda deyib.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, sözü gedən iclasın başlanğıcında iştirakçılar martın 5-də Azərbaycan tərəfi ilə atışmada ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azatutyun yazır ki, Araik Arutyunyan bu iclasda martın 1-də Azərbaycan tərəfi ilə keçirilmiş görüşün bəzi təfsilatlarını açıqlayıb.
O deyib ki, ikinci görüşdə Azərbaycan nümayəndəsi siyasi mövzuları müzakirə etmək istəyib və bu zaman “inteqrasiya” sözü işlədib.
Arutyunyanın sözlərinə görə erməni tərəfi bu mövzunun müzakirəsinə etiraz edib.
Qarabağ separatçılarının lideri bildirib ki, bundan sonra Azərbaycan tərəfi öz kanalları ilə onlara mesaj verib: “ya biz inteqrasiya siyasətini qəbul edirik, ya da mövcud problemlər həll olunmayacaq, əksinə daha sərt və daha kəskin addımlar atılacaq”.
Azadlıq radiosu