“Bu hakimiyyət kriminal metodlarla hərəkət edir və bütün dünyada rüsvay olacaq”
Rüstəm İbrahimbəyov: “Bunu təşkil edənlərin səfehliyinin və alçaqlığının dərəcəsini təsəvvür etmək çox çətindir”
Tanınmış dramaturq və rejissor Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinemotoqrafçılar İttifaqına qarşı cinayət işinin başlandığı, hazırda bununla bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsində araşdırmalar getdiyi barədə məlumat vermişdik. “Azadlıq”a daxil olan bu xəbəri Kinemotoqrafçılar İttifaqının katibi Rasim Balayev də təsdiqləyib. O bildirib ki, Kinemotoqrafçılar İttifaqına qarşı təxminən 30 min manat vergidən yayınma ilə bağlı ittiham irəli sürülüb: “Söhbət, 2009-cu ildə keçirilən “Şərq-Qərb” Bakı Beynəlxalq Film Festivalından gedir. Həmin vaxt Mədəniyyət və Turizm Nazirliyi festivalın keçirilməsi üçün ittifaqa 300 min manat vəsait ayırmışdı. O vəsaitin 54 min manata qədəri ƏDV olaraq ödənmişdi. Sonradan nazirlik festivala daha 30 min manat ayırdı. Onun da təxminən 9 min manatı ƏDV kimi ödənməliydi. Lakin ödənməyib. Onu da biz yox, pulu ayıran qurum – Mədəniyyət və Turizm Nazirliyi ödəməli idi. İttifaq tərəfdən heç bir mənimsəmədən söz gedə bilməz. Biz sadəcə səhlənkarlıq edib sonradan bununla maraqlanmamışıq. İndi üstündən 3 il keçəndən sonra məlum olub ki, vergidən yayınma var. Heç nədən bizi problemə sürükləyirlər. Bunun da əsl səbəbləri məlumdur”.
Kinematoqrafçılar İttifaqının katibi onu da əlavə edib ki, məsələ ilə əlaqədar Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə yazılı müraciət ediblər. Ancaq müraciətə hələ heç bir cavab verilməyib: “Bu məsələyə şəxsən nazir özü aydınlıq gətirməlidir. Yenə təkrarlayıram, vergini pulu ayıran qurum ödəməlidir, lakin ödəməyib. Bunun da günahını biz çəkirik. Qoy cavabdeh olan hər kəs məsuliyyətə cəlb olunsun” (“teleqraf.com”).
“Həbs olunmaq istəyirəm, heç olmasa orada gündə üç dəfə havayı yemək verilir”
“Elə bu saat Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai İstintaq İdarəsindən çıxmışam. Müstəntiqin yanında idim. Çox pis vəziyyətdəyəm. Ömrü boyu Azərbaycan mədəniyyəti üçün işlə, sonda da müstəntiqlər qarşısında izahat ver”. Bunu dünən axşam saatlarında AzNews.az-a açıqlamasında R.Balayev deyib: “İzahat verdim. Sabah yenidən izahat verməliyəm. Sabaha o qədər suallar hazırlayacaqlar ki. Hansı adam özü ayağı ilə izahat verməyə gedər? Əlbəttə ki, dəvət etmişdilər. Bir-bir hamı orada izahat verəcək. Kinemotoqrafçılar İttifaqının süpürgəçisindən tutmuş qarovulçusuna kimi hamı dindiriləcək. Adını da qoyublar ki, kino ittifaqının fəaliyyətini yoxlayırlar. Sonu nə olacaq özüm də bilmirəm. Amma doğrudan da həbs olunmaq istəyirəm. Heç olmasa orada gündə üç dəfə havayı yemək verilir”.
“Özlərini çox gülünc vəziyyətdə qoyacaqlar”
Azərbaycan Kinemotoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov “Mediaforum”a açıqlamasında Vergilər Nazirliyinin rəhbərlik etdiyi İttifaqla bağlı cinayət işi başlatmasına münasibət bildirib: “Mənə təzyiq etmək istəyirlər. Baxmayaraq ki, əvvəl də təşkilatı yoxlayıblar və hər hansı qanun pozuntusu, cinayət əməli aşkarlanmadığı barədə akt tərtib ediblər. Sadəcə, biz anlaşılmazlıq nəticəsində əlavə dəyər vergisini ödəməmişik. Xatırlayırsınızsa, 2009-cu ilin sentyabr ayında “Şərq-Qərb” Kino Festivalı keçirmişdik. Bu tədbir üçün lazım olan maliyyənin yarısını Mədəniyyət və Turizm Nazirliyi ödəməli idi. Amma o vaxt nazirlik nümayəndələri buna imkanları çatmadığını bildirmişdilər. Bundan başqa, festival çərçivəsində müxtəlif ölkələrin kino qurumları bizə xidmət göstərib. Festival keçirilən dövrdə bununla bağlı yoxlamalar aparılıb və hər hansı qanun pozuntusu, maliyyə israfı, hansısa vəsaitin nəzərdə tutulmayan formada xərclənməsi kimi hallar aşkarlanmayıb. 3 ildən sonra yenidən yoxlama aparıblar və yenə də hər hansı qanun pozuntusu, cinayət əməli aşkar etmədiklərini deyiblər. Mən hakimiyyəti tənqid etməyə başlayandan, Azərbaycanda yeni hərəkat yaranacağını və Ziyalılar Forumunun da bu hərəkata dəstək verəcəyini bəyan edəndən sonra Vergilər Nazirliyinin nümayəndələri yenidən ittifaqda yoxlamalara başlayıb, guya bizim vergidən yayındığımız haqda qərar çıxarıblar. Bizə deyirlər ki, bu məbləği ödəməlisiniz. Bizim də həmin məbləği birdəfəlik ödəmək imkanımız yoxdur, ona görə də vergilər nazirinə məktub yazdıq ki, həmin məbləği hissə-hissə ödəyəcəyik. Buna baxmayaraq cinayət işi açılıb. Bütün bunlar məsələnin siyasi xarakter daşıdığını və birbaşa mənim ictimai fəaliyyətimlə bağlı olduğunu göstərir. Amma belə təzyiq metodları ilə heç nəyə nail ola bilməyəcəklər, özlərini çox gülünc vəziyyətdə qoyacaqlar. Çünki bu, 3 il əvvəl baş vermiş məsələdir və indi onu qaldırmaq ağılsızlıqdır”.
“Mən heç vaxt onlara güzəştə getməyəcəm”
R.İbrahimbəyov hələlik məsələ ilə bağlı istintaqa çağırılmadığını bildirib: “Çünki mən ittifaqın sədriyəm və bu işlərlə birbaşa məşğul olmuram. “Şərq-Qərb” kinofestivalının direktoru da var, cinayət işini onun barəsində açıblar. Amma Rasim Balayevi də istintaqa çağırıblar. Rasim Balayevin istintaqa çağırılması qanunsuzluqdur, çünki o, ittifaqda maliyyə məsələlərinə baxmır. Mənim maliyyə məsələlərindən çox az məlumatım var, Rasim Balayevin isə pul məsələlərindən ümumiyyətlə başı çıxmır. İttifaqın maliyyə məsələləri üzrə katibi var və bu işlərlə o məşğul olur. Amma onların da heç bir günahı yoxdur, bizim vergidən yayınmağımızla bağlı deyilənlər tamamilə böhtandır. Məqsəd bizi susdurmaqdır, amma buna nail olmayacaqlar. Mən heç vaxt onlara güzəştə getməyəcəm və işimizi davam etdirəcəm. Onlar istəyir ki, mən susum. Qarşıdan prezident seçkisi gəlir. Mənim məqsədim ölkədə vətəndaş cəmiyyəti formalaşdırmaq, insanları fəallaşdırmaqdır. Bu da yavaş-yavaş reallaşır. Ziyalılar Forumunun nüfuzu getdikcə artır, insanlar bizə hörmət edir, ümid bağlayır, fikirləşirlər ki, çalışıb hansısa dəyişikliklərə nail ola bilərik. Biz belə işlərlə məşğul oluruq. Hökumət isə bizə müxtəlif problemlər yaratmaqla bizim başımızı qatmaq istəyir. Böhtanların məqsədi məni ləkələmək, xalqın gözündən salmaqdır. Təzyiqlərin bundan sonra da davam edəcəyini gözləyirəm, amma cavablarını da verəcəm. Təzyiqləri dəf etməyə də hazıram. Belə getsə, mən özümü və təşkilatımı qorumaq, müdafiə etmək üçün dünya ictimaiyyətini ayağa qaldırmalı olacam. Onda bunlar biabır olacaqlar”.
“Qorxutmaq və mövqeyimizdən çəkindirmək istəyirlər, amma bu heç vaxt olmayacaq”
Məsələ ilə bağlı “Turan”a açıqlamasında isə R.İbrahimbəyov hakimiyyətin kriminal metodlarla hərəkət etdiyini və bütün dünyada rüsvay olacağını bildirib: “Festivalın bütün iştirakçılarına və qonaqlarına müraciət etmişik ki, onların avtobus və avtomobillərdə daşındıqlarını, xidmətlərin pulsuz olmadığını və bunların həqiqətən baş verdiyini təsdiqləsinlər. Bütün bunları sübut etmək çətin deyil. Çətin olan bunu təşkil edənlərin səfehliyinin və alçaqlığının dərəcəsini təsəvvür etməkdir. Onlar ancaq ona nail olacaqlar ki, ölkə növbəti dəfə bütün dünyanın qarşısında rüsvay olacaq. Onlar bizi qorxutmaq və öz mövqeyimizdən çəkindirmək istəyirlər. Bu, heç vaxt olmayacaq! Hakimiyyət yalnız bir şeyə nail olacaq, cinayətkar metodlarla və kriminal məfhumlarla yaşadığını bir daha nümayiş etdirəcək”.