Bakı şəhər sakini Zaur Cariyev 4 il əvvəl Bakı Nəqliyyat Agentliyinə mütəxəssis kimi işə qəbul olunub. Bildirdiyinə görə bu ilin iyul ayında feysbuk social şəbəkəsində elektron hökumət barədə yazılan bir statusa tənqidi rəy yazdığı üçün BNA sədrinin müşaviri Tural Mahmudov onu otağına çağıraraq barəsində tədbir görüləcəyini deyib. Və altı gündən sonra əmək müqaviləsinə xitam verilib…
Hazırda işsiz olan Zaur Cariyev tənqidi rəyinin əsaslı olduğunu bildirir. İşlədiyi müddətdə Bakı Nəqliyyat Agentliyində cinayət tərkibi olan nöqsanlarla rastlaşdığından bu qənaətə gəlib.
Azadliq.info-ya danışan Zaur Cariyev həmin qanunsuzluqların bəziləri barədə məlumat verib. O, bildirib ki, 2015-ci ildən fəaliyyət göstərən agentliyin ərazilərdə quraşdırılan avadanlıqların (məhəccər, tumba, panduslar) dəqiq sayı yoxdur. Bu avadanlıqlara nəzarət edən üç şöbə fərqli siyahılar verir. Nəzarət olunmadığı üçün ərazidəki bu avadanlıqlar qırılır, sökülür heç kimin xəbəri də olmur. Təsadüfi yoxlama zamanı say əskiyi gələndə Polis Bölmələrinə məlumat verilir ki, guya oğurlanıb.
Zaur Cariyevin toxunduğu digər bir məsələlər daha diqqətçəkəndir. Şikayətçi bildirir ki, narkoloji testdən müsbət çıxan əməkdaşlar rəhbərlik tərəfindən himayə olunur və işdə saxlanılır. O, tenderlərin də qeyri-şəffaf, böyük pozğuntularla aprıldığını bildirir. Şikayətçi işə qəbul zamanı rüçvət hallarına yol verildiyi haqda da məlumatlı olduğunu deyərək, əlindəki faktları hüquq mühafizə orqanlarına verməyə hazır olduğunu bildirib.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq. İnsan resursları şöbəsindən Cariyevin işdən çıxarılması barədə məlumat əldə edib verəcəyini bildirsə də bu günə kimi heç bir məlumat yoxdur.
azadlıq.info