“SOCAR Polymer” şirkətinin əməkdaşı Fariz Nəbiyev siyasi baxışlarına görə təzyiqlərlə üzləşdiyini deyir. Onun sözlərinə görə, etirazçı ruhunu, müxalif partiya təəssübkeşliyini, partiya üzvlərilə yoldaşlığı, siyasi məhbus ailələrinə yardım etməsini yaxın çevrə bilsə də, işdə rəhbərlik məlumatsız idi.
Deyir ki, hərçənd, Facebook platformasındakı müzakirələr zamanı müəyən statuslara yazdığı şərhlər, ölkədəki idarəçiliklə bağlı sərt tənqidləri bəyənməsinə görə bir neçə dəfə xəbərdarlıq eşitmişdi. Onun sözlərinə görə, sosial mediada monitorinq aparan, dövlət orqanlarında çalışan şəxslərin bu platformalardakı fəaliyyətini izləyən xüsusi xidmətlər vaxtaşırı hesabatlar hazırlayıb, qurumlara təqdim edirlər: “Rəhbərlik buna görə məni birbaşa hədələməsə də, aydın şəkildə dedi ki, daha məsuliyyətli davranmalıyam, harada işlədiyimi unutmamalıyam. Söhbət ölkədə idarəçilik, vətəndaşlara münasibətlə bağlı statuslardan gedirdi. Mən bildirdim ki, heç bir normal insan bu problemlərə biganə qala bilməz. Mən də öz fikrimi bildirmişəm. Facebook dostlarımın bir çoxu da ictimai-siyasi fəallar, tənqidçilər, jurnalistlərdir. Onlar hansısa post paylaşanda uyğun hesab edirəmsə, bəyənirəm”.
Fariz Nəbiyev danışır ki, bundan sonra bir müddət işini davam etdirsə də, Yeni Azərbaycan Partiyasına (YAP) üzvlük məsələsi ortaya çıxanda problem dərinləşib. Onun sözlərinə görə, idarə rəisinə hakim partiyaya üzv olmaq istəmədiyini dedikdə sərt reaksiya ilə qarşılaşıb: “İdarə rəisi mənə xəbərdarlıq elədi ki, öz təşəbbüsü deyil, ona “yuxarıdan” nə deyirlərsə, o da gəlib işçilərə çatdırır. Ona görə işçinin də reaksiyasını gedib çatdıracaq və mənim üçün yaxşı nəticələnməyəcək. Dediyi kimi də oldu. Bir də eşitdim ki, artıq nəinki özümü, bütün qohumlarımı araşdırırlar. Günlərin birində qəfildən gəlib evdən məni apardılar. Orada ağlasığmaz işgəncələrə məruz qaldım. Deyirdilər ki, bu dövlətdən maaş alıb, həmin pulla bu dövlətə müxalif olan adamlara yardım eləyirsən? Buraxanda da qarşıma şərt qoydular, dedilər ki, açıb-ağartmağı ağlına gətirmə. Əhsən Nuruzadə adlı adamın adını çəkdilər. Dedilər ki, onu da əvvəl ağıllandırmaq üçün 10 gün saxlayıblar, çıxıb, başına gələnləri danışıb, bir həftə sonra cibinə narkotik atıb tutdular, 7 il verdilər, hələ də həbsdədir…”
Fariz Nəbiyev bu hadisədən sonra SOCAR-dan çıxarılıb. O, başına gələnlərlə əlaqədar Daxili İşlər Nazirliyinə, Ombudsman Aparatına müraciət etdiyini də vurğulayıb.
SOCAR-dan Fariz Nəbiyevin hansı səbəbdən işdən çıxarılması haqda açıqlama almaq mümkün olmayıb. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsi “Azadliq.info”nun bu haqda sualını cavablandırmaqdan imtina edib.
Azadliq.info