I Dünya Savaşı Frans-Ferdinanda güllə atılması üstündə başlamışdı. Gerçəkdəsə bu bir bəlgə-bəhanə idi: o çağlar bir çox faktorlar dünya savaşını yetişdirmişdi. Elə o faktorlar üzündən də I Dünya Savaşı sonrası bu savaşın qaynağı olan Avropa dağılıb yenidən quruldu. Bu gün Azərbaycan belə bir sürəc içindədir. Bu gün Azərbaycanda heydərizmin dağılma prosesi gedir. Elşad Abdullayev bu prosesdə başlıca katalizator rolunu oynamaqdadır.
Indi hamını belə bir soru düşündürür: Sevinc Babayevanı öldürüblər, yoxsa özü ölüb? Indiki rejimin xarakteri bəllidir. Bu xarakter yetikliyi ilə də indi ölkəni dolaşan sorulara az-çox aydınlıq gətirə biləcək bir başlıca nəsnə var: E.Abdullayevin az öncə Sevinc Babayeva ilə bağlı yayımladığı videofakt. Hansısa yalançı müxalifət qəzeti R.Mehdiyevi təmizə çıxarmaq üçün S.Babayevanın başlıca fiqurant olduğu videomaterialı özünün jurnalistika-qəzetçilik qanacağına uyğun olaraq başdan-ayağa yalana çıxarmağa çalışmışdı. Ancaq o videomaterialda açıqlananların yalan deyil, əliyevçi rejim üçün xarakterik olduğu bəllidir.
Sözügedən videomaterialda necəsə S.Babayevanın ölümünü doğuracaq 4 başlıca epizod var. O epizodlara görə onu öldürə də bilərdilər, o epizodların arxasında dayanan QORXUNC gerçəkliyin etkisindən S.Babayeva öz-özünə də ölə bilərdi. Deyək, güclü stress, qorxu ilə bağlı yaranan ürək tutmasından. Sözügedən 4 başlıca epizod aşağıdakılardır:
1) S.Babayeva: “O Ramizin (Ramiz Mehdiyev) elə işlərini görür ki. Deyirəm, Gülər (Gülər Əhmədova), sən qorxmursan. Gülər, səni öldürəcəklər. Deyir: ”Neynim, zato dalımda durur da”. Hara göndərir, ora gedir”. Göründüyü kimi, bu yalnız pul-rüşvət araçılığı ilə bağlı bir epizod deyil, burada bizim bilmədiyimiz, ancaq Sevincin bildiyi nələrsə var. Sevinci qorxudan da budur. Başqa bir yandan, Gülərin özü də qorxulu işlərdə bulunduğunu bilir: o, “zato dalımda durur” desə də, ardınca bunu də deyir: “neynim?”. Bu isə Gülərin nədənsə, nəyə görəsə çıxılmazlığa düşməsi deməkdir. Prokurorluq, “Müstəqil istintaq komissiyası” bu kimi qaranlıqlara indiyədək aydınlıq gətirməli idi.
2) S.Babayeva: “Gəl Binəqədi rayonunu alaq, qardaşını ora başçı qoyaq”. Kimlərəsə yalan, dolama kimi görünə bilər, ancaq bu, 19 illik rejim gerçəyidir: rayonlar da, görəvlər də deputat mandatı kimi alınıb-satılır. Sevinc E.Abdullayevi mandat alverinin baş tutacağına inandırmaq üçün dəridən-qabıqdan çıxır, ancaq o biri yandan o, görünür, ortaya hansısa əngəl çıxdığından alınan pulu qaytarmamaqla bağlı başqa bir varianta əl atır. Bu isə Sevincin öz variantı deyil, rejim yetkililərinin pul alandan sonra ortaya atdıqları 19 illik variantlardan biridir: “bu olmasın, o olsun”. Bu sayaq görsənilərlə bağlı bir sıra redaksiyalarda illərlə çoxlu faktlar yığılıb. Bir sıra qəzet redaktorları çoxu kriminal sonluqla bitən bu sayaq faktları siyasi sifarişə işləyən məhkəmələrdə uduzub cərimələnmək qorxusundan üzə çıxarmayıblar. Bir sıra bəlli qəzet redaktorları illərlə bu sayaq faktları gərəkən yerlərə satmaqla çox böyük qazanc yiyəsi olublar.
3) Pul dolu kodlu çamadanın PA-da atvyorka ilə açılması. Bu sayaq QORXUNC faktları açıqlayan adamda ürək tutmasından doğal nə ola bilər?! Adam bunu ikilikdə danışdığını düşünüb…
4) “Gülər indi onlara çox lazımdı. Çünki çoxlu müxalifətçi tanıyır. Gülərin əliylə çox işlər olur. Xaricə göndərilir”. Bircə bu qalır, desin: Qənirə kimi… Burada bizim üçün ən önəmlisi burasıdır: “…çoxlu müxalifətçi tanıyır. Gülərin əliylə çox işlər olur”. Demək, Gülər yalnız mandat-görəv işlərində deyil, müxalifət arasındakı bazarlıq işlərində də aparıcı rol oynayır. Güləri danışdırmaq olsa, ən azı müxalifətdəki çoxillik uğursuzluq faktlarının – parçalanmaların nədəni ortaya çıxar.