«Bizə torpaq sahəsi ayrılan vaxt niyə onun Neft Şirkətinə məxsus olduğunu demirdilər?»
“Azadlıq”a müraciət edən Qaradağ rayon Puta qəsəbə sakini Dadaşov Sərvər Hüseyn oğlu 22 dekabr 2012-ci ildə təmir apararkən Dövlət Neft Şirkətinin nümayəndəsi ondan tikintini dayandırmağı tələb edib: “Şəxsi mülküm olduğunu bildirərək nə iş gördüyümü özüm bildiyimi dedim. Bu zaman özünü təqdim etməyən bir şəxs ərazinin Neft Şirkətinə məxsus olduğunu bildirərək təcili tikintini dayandırmağı tələb etdi. Tikinti dedikdə ikinci mərtəbənin dəhlizinə şifer vururduq.
Çünki yağış yağanda su evə dolur. Növbəti gün həmin şəxs yenidən “Niva” markalı maşınla yanında da iki mühafizəçiylə gələrək tikintini dayandırmağı tələb etdi, əks halda evi sökdürməklə hədələdi.
Bu, 20-30 ilin evidir, onun hər bir sənədi var. SOCAR özəlləşdirilmiş evə nə haqla müdaxilə edə bilər? Bu müddətdə əziyyət çəkib ev tikmişəm ki, gəlib əlimdən alsın?
Onların sözlərinə görə, 15 evdən 7-si SOCAR-ın ərazisinə düşür. Mənə yazılı sənəd təqdim eləsinlər ki, bu ərazi SOCAR-a məxsusdur. Torpaq sahəsi ayrılan zaman nə üçün gəlib demirdilər ki, tikinti olmaz, ərazi SOCAR-ındır?!”.
Sosial şöbə