“Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin kollektivi “Qasid” Yayım Firmasının qarşısında yenidən aksiya keçirib. Bu gün keçirilən aksiyada firmanın qəzetlərə olan borcunun qısa müddətdə ödənilməsi tələb edilib.
“Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev və köşə yazarı Şahvələd Çobanoğlu çıxış edərək aksiyanın məqsədi haqda danışıblar. Bildirilib ki, firma “Azadlıq”a olan 35 min manatlıq borcunu hələ də ödəmir, bu isə kollektivə ciddi maliyyə problem yaradır. Rahim Hacıyev və Şahvələd Çobanoğlu problemin kökündə siyasi sifarişin dayandığını bildiriblər. Onlar deyib ki, qəzetlərə olan borc səhmləri dövlətə məxsus olan “Qasid” firması üçün cüzi məbləğdi. Lakin məhz siyasi sifariş nəticəsində qəzetlərə bu cür problem yaradılır.
Jurnalistlər “Qasid”in rəhbərliyinə ünvanlanan “Pulumuzu verin” şüarları səsləndiriblər.
Aksiya bir qədər davam edəndən sonra “Qasid”in direktoru Mirkazım Kazımov jurnalistləri otağına görüşə dəvət edib.
Görüş zamanı Mirkazım Kazımov “Azadlıq”ın rəhbərliyinə qəzetə olan borclarını qaytarmaqla bağlı hər hansı konkret fikir bildirməyib. O, ümumi sözlərlə borcu qaytaracaqlarını vəd edib. Özlərinin də maliyyə böhranı içində olduqlarını deyən firma direktoru fevral ayından vəziyyətləri yaxşılaşacağı halda qəzetə olan borclarını ödəməyə başlayacaqlarını bildirib.
Rahim Hacıyev “Azadlıq”a açıqlamasında bildirib ki, Mirkazım Kazımov borcun ödənilməsi ilə bağlı konkret vəd vermədiyinə görə aksiyalar davam edəcək: “Biz borcumuzu alana qədər mübarizəmizi davam etdirəcəyik. Çünki borcun ödənilməməsi ”Azadlıq” qəzetinin fəaliyyətini dayandırmasına səbəb ola bilər”.