Əlövsət Osmanlı: «Kurikulum adı ilə dövlətin milyonlarla vəsaiti talan edilib, sənəd isə ortada yoxdur»
“Azərbaycanda repetitorluğun yayılmasının səbəbini yalnız məktəbdə deyil, başqa yerdə axtarmaq lazımdır”. “Trend”in məlumatına görə, bu sözləri dünən mətbuata açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, bununla bağlı obyektiv tədqiqat aparmaq və tədqiqatın nəticələrini ölkə ictimaiyyətinə açıqlamaq lazımdır. Nazirin sözlərinə görə, repetitorluq dünyada və Azərbaycanda həmişə olub, bu gün də var, gələcəkdə də ola bilər. Misir Mərdanov söhbətarası kurikulum məsələsinə də toxunub: “Kurikulum Azərbaycan təhsili üçün yenidir. Hər bir yeniliyin özünün çətinliyi olur. Bunları öyrənib nəzərə alırıq və gələcəkdə də bunu davam etdirəcəyik”.
Nazirin fikirlərinə təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı münasibət bildirib. Onu oxucuların diqqətinə çatdırırıq.
“Əslində Mərdanovun söylədikləri yeni deyil. Onun repetitorluğun tüğyan eləməsinin səbəblərini ”məktəbdə deyil, başqa yerdə axtarmaq lazımdır” fikri gülüncdür. Yaxşı, bunun kökü haradadır, cənab nazir? Cavabı gün kimi aydın olan bir sualı niyə məchul istiqamətə yönəltmək istəyirsiniz? Bunun kökü sizdə, rəhbərlik etdyiniz Təhsil Nazirliyindədir, sayın Mərdanov! Bildiyiniz başqa bir şey varsa, bunu cəmiyyətə açıq şəkildə niyə söyləmirsiniz?! Deyin görüm, oxu atıb yayını gizlətməkdə məqsədiniz nədir?! Səbəbi bilmirsinizsə, bəs bunu kim bilməlidir: kənd təsərrüfatı nazirimi, yoxsa nəqliyyat nazirimi?! Başqa vaxt Mərdanov deyir ki, təhsilimizdə olan problemləri də, onun həll yollarını da bilirik. Bəs indi nədən o, 10-12 ildir təhsilimizdə kök salmış repetitorluğun haradan qaynaqlandığını bilmir? Bilmirsə, mən deyim: sənin məktəblərinin mütləq əksəriyyətində tədris, təhsil mühiti yoxdur.
Görəsən, repetitorluğun həmişə mövcud omasını xüsusi vurğulamaqla nazir nə demək istəyir: repetitorluğu təqdir, yoxsa inkar edir?! Sanki o bilmir ki, repetitorluq institutu göbələk kimi yerdən çıxmayıb, məktəbin, məktəb mühitinin dağı(dı)lması nəticəsində təşəkkül tapıb. “Bununla bağlı obyektiv tədqiqat aparmaq lazımdır” deyən nazir hiss olunur, günahı öz üzərindən atmağa, yaxud da başqaları ilə bölüşməyə çalışır. Onun deməyindən belə çıxır ki, tədqiqatı nazirlik yox, digər qurumlar aparmalıdır. Çox gülməlidir, deyilmi?!
O ki qaldı, kurikulum məsələsinə, hesab edirəm ki, bu haqda Mərdanovun danışmağa haqqı yoxdur. Çünki o, fənn standartlarını “kurikulum” adı ilə təhsilimizə sırımaqla dövləti və milləti aldadıb. Bu adla dövlətin milyonlarla vəsaiti talan edilib. Bu günsə Mərdanov heç bir diskomfort keçirkmədən olmayan şeyin – kurikulumun yeniliyindən və çətinliyindən danışır. Bundan sonra ona nə deyəsən?!”.
Ramin DEKO