Azərbaycan hakimiyyəti təkcə evləri yox, ailələri də dağıdır…
Azərbaycanda siyasi fəaliyyətin bir özəlliyi və çətinliyi də ondandır ki, hakimiyyət onu bəyənməyənləri opponent yox, düşmən kimi qəbul edir. Bizim ölkədə müxalifətçi həyatını seçmək könüllü dar ağacına yollanmaq olmasa da, şüurlu formada işsizliyə, həbsə, işgəncəyə, təqib və təzyiqə “hə” deməkdir.
Nə qədər anormal olsa da, avtoritar Azərbaycanda siyasi fəalın həbsi, təqib və işgəncəyə məruz qalması adiləşib. Təşviş doğuran yeni meyl isə Azərbaycan hakimiyyətinin daim “sığınacaq” kimi istifadə etdiyi milli dəyərlər, ailə institutu vasitəsilə rəqiblərinə qarşı təxribatlar həyata keçirməsidir.
Elnur Seyidov – bu ad artıq Azərbaycandan kənarda da ciddi siyasi dairələrə tanışdır. 10 ay əvvəl isə bu ad çox az adama nəsə deyirdi. Çünki minlərlə başqa bank işçisi kimi, Seyidov da siyasətdən kənar fəaliyyətdəydi. Lakin hakimiyyət onu məhz Əli Kərimlinin qaynı olduğuna görə həbs etdi və bu günə qədər heç bir ağlabatan əsas gətirmədən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında girov saxlayır. Kim bilmir ki, bu, hakimiyyətin ən amansız təqib və təzyiqi qarşısında mətin duran AXCP sədrinin ailəsində diskomfort yaradıb, onu sarsıtmaq üçün düşünülən məkrli plandır?
Inqilab Kərimov – bu adı isə siyasi fəalların əksəriyyəti tanıyır. Inqilab Kərimov Əli Kərimlinin əmisi oğludur. Lakin o, bu genetik əlamətinə görə deyil, əqidəcə Əli Kərimliyə yaxınlığına görə tanınıb. Müxalifətin keçirdiyi bütün razılaşdırılmış və razılaşdırılmamış aksiyalarda Inqilab Kərimovun avanqardlığı hiss olunub. Bu, aysberqin görünən hissəsidir. Görünməyən hissədən isə yazmaq çətindir. Bu mübariz insanın nələr yaşadığını yaxın çevrəsindən kənarda bilənlər azdır. Inqilab Kərimovu hədəfləməklə hakimiyyət həmişə iki məqsəd güdüb: həm Əli Kərimliyə təzyiq, həm də də müxalifət cameəsində ümumi qorxu yaratmaq.
Siyasi aktivliyin qabardığı bütün dönəmlərdə Inqilab Kərimov hakimiyyətin pressinqi altına düşüb. Vaxtilə ortabab bizneslə məşğul olan bu şəxs qısa müddətdə siyasi sifariş əsasında tam müflis etdirilib; iki dəfə uzunmüddətli həbs yaşayıb; inzibati qaydada yaşadığı həbslərin sayını isə yəqin, o özü də unudub.
Inqilab Kərimov əslində, bu gün ikinci həyatını yaşayır. Çünki 2005-ci ilin 26 noyabr mitinqində polislər əvvəlcədən onu işarələyərək, ölümünə döymüşdülər. O zaman onurğa sütunu zədələnən Inqilab əlillik “qazandı”. O, mübarizənin yükünü sözün həqiqi və məcazi mənasında kürəyində daşıyanlardandır.
Bunlar bir insan üçün çox ağır hadisələrdir, ancaq hakimiyyət bununla da kifayətlənmədi. Artıq sirr deyil, hökumətin səyi nəticəsində Inqilab Kərimovun ailəsi dağılıb. Ailə heç də bu gün çoxlarına baş bəlası olan məişət problemlərinə görə dağılmadı. Kərimov çətin seçim qarşısında qoyulmuşdu: Bu ailə ya məhv olmalıydı, ya da…
Bu il müxalifətin yaz aksiyaları zamanı Inqilabın həyat yoldaşı Sədaqət Kərimova səki ilə gedəndə üstünə avtomobil sürülür. Səbəbini heç gizlətmirlər də: “Inqilaba de ki, ağıllı olsun, özünü düşünmür, sizi düşünsün”.
Düşünmək üçün heç yetərli vaxt da verilmir, cəmi bir həftədən sonra dövlət-nömrə nişanı yerinə “xoşbəxt olun” yazılan həmin avtomobil ailənin böyük oğlu Kamran Kərimlini vurur. Kamran ölümdən ayaq sümüklərinin xıncımlanması hesabına qurtarır. Bu artıq əvvəlki kimi, telefonla edilən sözdə hədə deyildi, konkret əməl idi. Bəlli idi ki, öyrədilən kriminallar ailədən kimisə tələf edib, bunu təsadüfi bədbəxtlik kimi rəsmiləşdirmək məqsədi güdür. Çarə ailəni ölkədən çıxarmağa qalırdı, onun üçün Kərimovlar əvvəlcə Türkiyədə, sonra isə Fransada yerləşdi.
Inqilab Kərimov isə Bakıdadır. Yenə də mübarizəsini davam etdirir. Yenə də aksiyalarda öncüllük edir. Elə Ictimai Palatanın dekabr aksiyasında sutkalıq həbs alanlardan biri də o idi. Və faciə də budur: milyonların xoşbəxtliyi üçün çalışan insan elə buna görə də özünün 5 yaşlı oğlu Kənanın nəvazişini çəkməkdən, hər gecə saçlarını sığallamaqdan məhrum edilib.
Görəsən, hakimiyyət şövqündən gözü kor olanlar bu cür insani hissləri də qavraya bilmirlər?
Inqilabın hekayəti adama Beynəlxalq Əfv Təşkilatının Bakıdakı söküntü işlərilə bağlı dərc etdiyi hesabatın adı ilə çox səsləşir: Azərbaycan hakimiyyəti təkcə evləri yox, ailələri də dağıdır…
Hikmət