Biletlərin qiyməti, vətəndaşın aşağılanması kimi…
İlham Hüseyn
Hökumət xeyli müddətdir ki, Formula-1 yarışını inkişaf göstəricisi kimi gözümüzə soxur. Bu yarışın keçirilməsini Azərbaycanın dünyadakı nüfuzunun artması kimi təbliğ edir. Xatırladım ki, dünyanın xeyli inkişaf etmiş ölkələri bu yarışların keçirilməsindən imtina edib. Dünyada o qədər ekstrimal idman növləri var ki, Formula-1 yarışını kölgədə qoyur. Yəni, heç bir ölkə bu yarışı özü üçün prestij saymır. Amma əsas məsələ başqadır. Biletlərin qiymətinə nəzər salanda görünür ki, bu yarışa tamaşa etmək milyonlar üçün əlçatmazdı. Qiymətlər elə seçilib ki, ancaq məmur tayfası və onların yan-yörəsi yararlana bilər. Yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti yerli azarkeşlərə birgünlük ayaqüstü zonada 90-160 manat, üç günlük tribuna biletləri 280-970 manat, uşaqlar üçün (16 yaşadək) isə 190-690 manat aralığında dəyişir. Bundan əlavə, hər il olduğu kimi, bu il Paddok klubu və xüsusi korporativ yerlər üçün bilet satışı da nəzərdə tutulub. Həmin biletləri daha çox iş adamları, şirkətlər alır. Qiyməti hər yerdə standart olur, təqribən 5 min dollara yaxındır.
Göründüyü kimi, ən aşağı bilet qiyməti də Azərbaycan vətəndaşını itələyir. Bu yarışlara milyonlar xərcləmək “yekə”lərin hobbisindən doğur. Büdcənin talan edilməsi, əhalinin 99 faizi üçün bilet qiymətlərinin əlçatmaz olması hökumətin vecinə deyil. Manata möhtac qalan, kredit bataqlığında boğulan, kommunal xərcləri ödməyə gücü çatmayan insanlara Formula-1 yarışıyla təsəlli vermək, həmin insanları təhqir etməkdi. Əslində, Formula-1, hakimiyyətin xalqdan nə qədər uzaq düşdüyünün göstəricisidir….