Əli Kərimli: “Xalq bu hakimiyyətə nifrət edir; Şər istibdadına son qoymalıyıq”
İP Elşad Abdullayevin ifşa videolarını yenidən müzakirəyə çıxardı
Ictimai Palata dünən Müsavat Partiyasının qərargahında 2012-ci ildə son dinləmələri keçirdi. Toplantının mövzusu isə lisenziyası ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı videolar və bu ilin yekunları idi.
“Videolar sübut etdi ki, dövlətdə cinayətkar bir şəbəkə var”
Toplantını Ictimai Palatanın Koordinasiya Şurasının dönəm sədri Rauf Arifoğlu açdı. O, ictimai dinləmələrin mövzusuna dair izahat verdikdən sonra sözü Müsavat Partiyasının başqanı Isa Qəmbərə verdi. Müsavat başqanı 2013-cü il prezident seçklərini nəzərdə tutaraq, “cəmiyyətin önəmli ilə daxil olduğunu” qeyd etdi.
Isa Qəmbər 2012-ci ilin hadisələrini bir neçə başlıq altında topladı. Onun sözlərinə görə, martın 1-də baş verən Quba hadisələri xalqın bu rejimə qarşı üsyanı idi: “Xalq əslində, icra başçısının timsalında bütün hakimiyyətin istefasını tələb etdi. ”Eurovision” günlərində isə cəmiyyətimiz Ictimai Palatanın keçirdiyi aksiyaların timsalında bütün dünyaya sübut etdi ki, o, dəyişiklik, ədalət istəyir və buna hazırdır. Elşad Abdullayevin videoları isə bütün cəmiyyətin bildiklərini əyani şəkildə sübut etdi. Bu videolardan belə aydın oldu ki, dövlətdə cinayətkar bir şəbəkə var. Onlar adam oğurluğundan tutmuş, siyasi hakimiyyətin və parlamentin rüşvətlə təşkil olunmasına qədər, hər cür cinayətlərə əl atırlar. Elşad Abdullayevin qardaşının məsələsində bütün bu göstəricilər çox aydın şəkildə ortaya çıxdı. Normal ölkələrdə parlament müqəddəs yer sayılır. Ancaq bunlar belə bir müqəddəs sayıla biləcək qurumu rüşvət yuvasına çeviriblər”.
“Rejimin ikinci adamı böyük bir skandalın içindədir”
Azərbaycan Xalq Partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseyn də çıxışında Elşad Abdullayevin videolarının iqtidarı sarsıtdığını qeyd etdi: “Təsadüfi deyil ki, minval.az saytı və ”Yeni Müsavat” qəzetinin birgə keçirdiyi sorğuda Elşad Abdullayev “Ilin adamı” seçilib. Bu, video hadisəsinin ictimai-siyasi proseslərdə önəmini əyani şəkildə göstərdi. Bunun əhəmiyyətini nə qədər azaltmağa cəhd göstərsələr də, birmənalı şəkildə demək olar ki, Azərbaycanda son illərdə rejimin əsaslarını sarsıdan məsələ oldu. Bunun nəticələrini görəcəyik. Bu videolardan sonra rejimin ikinci adamı böyük bir skandalın içərisindədir. Iqtidar bunu heç cür ört-basdır edə bilmir. Bu videolardan Azərbaycanda məhkəmə sisteminin acınacaqlı vəziyyətdə olduğu ortaya çıxdı”.
“Xalqın seçki hüququ əlindən alınıb”
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal da bildirdi ki, dövlət aparatındakı cinayətkarlar xüsusi qruplar yaradaraq, rüşvət toplayır və bu yayılan videolardan açıq-aşkar görünür: “Onlar gözəl, təhsilli, hər cəhətdən təcrübəli qadınları bu dəstəyə cəlb edərək, cinayətkar fəaliyyətlərini guya, təhlükəsiz bir rejimdə qururlar. Bu videolar həm də onu göstərir ki, Azərbaycanda Konstitusiyanın 1-ci maddəsi – hakimiyyətin mənbəyi xalqdır – işləmir. Xalqın seçki hüququ əlindən alınıb”.
“Hakimiyyət müxtəlif istiqamətlərdə ifşa olunur”
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Ibrahim Ibrahimli çıxışında bildirdi ki, 2012-ci il boyunca hakimiyyətin ən müxtəlif istiqamətlərdən ifşası prosesi gedib: “Hakimiyyətin ”kürü diplomatiyası” ifşa olundu. 10 il ərzində Azərbaycandan offşor zonalara 48 milyard dollar vəsaitin qanunsuz çıxarıldığı nüfuzlu beynəlxalq təşkilat tərəfindən açıldı. Beynəlxalq ictimai rəydə Azərbaycan hakimiyyətinə münasibət bir sıra böyük dövlətlərin timsalında sərtləşdi. Almaniya, Böyük Britaniya kimi dövlətlərdə artıq Azərbaycan iqtidarına münasibət bəllidir”.
“Istintaq komissiyasına ictimaiyyət nümayəndələri də daxil edilsin”
Ictimai Palatanın üzvü Imamverdi Cəfərov çıxışında bir neçə təklif irəli sürdü: “Elşad Abdullayev öz üzərinə düşən işi çox yüksək səviyyədə həyata keçirir. Geridə qalan iş bizim üzərimizə düşür. Biz Elşada necə kömək edə bilərik? Məlum istintaqın həqiqətləri ortaya çıxarması üçün nə etməliyik? Biz bu suallara cavab tapmalıyıq. Təklif edirəm ki, bir neçə nüfuzlu QHT təmsilçisinin istintaq komissiyasında fəaliyyət göstərməsinə imkan yaradılması üçün müvafiq hakimiyyət orqanına rəsmi müraciət göndərək. Bu, müraciət qəbul olunmasa, Ictimai Palatanın daxilində hüquqşünas Vidadi Mirkamalın sədrliyi ilə ictimai istintaq komissiyası yaradılsın”.
“Elşad Abdullayevin yaydığı videonu 1 milyon adam izləyib”
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev hakimiyyətin hələlik susduğunu bildirərək, bunu rejimin çıxılmaz vəziyyətə düşməsilə izah etdi. O, Abdullayevin videolarının ictimai rəydə maraqla izləndiyinə diqqət çəkdi: “Təkcə ilk videonu ”Azadlıq” qəzetinin saytında indiyə qədər 1 milyon adam izləyib. Bu, elə-belə məsələ deyil”.
“Dövlət səviyyəsində baş verən cinayətləri ört-basdır etməyə çalışırlar”
Tədbirdə yekun çıxışı Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli etdi. O bildirdi ki, artıq üçüncü dəfədir, Ictimai Palata baş verən cinayətləri müzakirəyə çıxarır: “Söhbət burada ayrı-ayrı şəxslərin konkret cinayət əməlindən getmir. Baş verən cinayətlər sənədli-sübutlu şəkildə Azərbaycan xalqına məlum olur. Dövlət adına çıxış edən bütün qurumlar, dövlətin hüquq-mühafizə adlanan sistem sən demə, birlikdə cinayət əməli törədirmiş. Burada ayrı-ayrı şəxslərin yox, sistemin cinayətindən söhbət gedir. Bu cinayətlərdə birbaşa ən mühüm dövlət orqanları hamılıqla iştirak edirlər. Bu, əslində, Azərbaycanda olan idarəetmə sisteminin böhranıdır. Bunu nə qədər lokallaşdırmağa çalışsalar da, mümkün olmur. Çünki videoların ardı gəldikcə görürük ki, demək olar, heç bir dövlət orqanı bu prosesdən kənarda qalmayıb. Belə təşəbbüslər oldu ki, baş verənləri hakimiyyətdaxili ixtilaf kimi təqdim etsinlər. Burada iki məqsəd ola bilərdi. Bir tərəfdən bu ideyanı ortaya atmaqla hakimiyyətin heç olmasa, bir qrupunu xilas etmək istəyirdilər. Digər tərəfdən, hakimiyyət özü də maraqlı ola bilərdi ki, guya bir qrupunun salamat olması barədə təəssürat yaratsın. Salamat olan qrup hansı qrupdur? Bəli, əvvəlki videolarda Daxili Işlər Nazirliyindən söhbət gedir, Gülər Əhmədova baş roldadır, Ramiz Mehdiyevdən söhbət gedir… Bəs Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı məsələlər hansı qrupa yazılacaq? Heydər Əliyev Fondu ilə bağlı işlər hansı qrupa yazılacaq? Bütövlükdə sistemin cinayətindən söhbət gedir. Ona görə də bunu ört-basdır eləmək cəhdləri heç bir nəticə verməyəcək.
“Hakimiyyətdəkilər dövlətin maraqlarını şəxsi maraqlarına qurban verirlər”
Gəlin görək, Azərbaycan hökuməti bu faktlara hansı reaksiyanı verir? Gözdən pərdə asmaq üçün Müstəqil Istintaq Komissiyası yaradıblar. Müstəqil Istintaq Komissiyası nə işlə məşğuldur? Zərərçəkmiş, oğurlanmış, bəlkə də öldürülmüş qardaşı olan Elşad Abdullayevi qorxutmaqla, ona qarşı kompramatlar toplamaqla, onu şantaj edib susdurmaqla, qohumlarına qarşı təzyiqlər etməklə, vaxtilə rəhbəri olduğu universitetdə yoxlamalar aparmaqla… Siyasi rəhbərlik Elşad Abdullayevin Fransadan Bakıya ekstradisiyasını həyata keçirməyə çalışır. Hətta mətbuat yazır ki, Fransa səfirinə bu məsələ ilə bağlı hədə-qorxu gəliblər ki, Elşad Abdullayevin ekstradsiyasına imkan verilməlidir, yoxsa, bu, Fransa-Azərbaycan münasibətlərinə təsir edə bilər. Bəlkə də istənilib ki, Elşad Abdullayev susdurulsun. Bu arada, adamın yadına Meksikada heykəl olayları yadına düşür. Dövlətin maraqları şəxsi maraqlara necə qurban verilir… Istənilən dövlətlə rəsmi münasibətlər pozula bilər, əgər bunların maraqları varsa… Istənilən bir cinayətin üstü açılmamaq naminə istər böyük, istər kiçik dövlətlə münasibətlər korlana bilər. Deməli, dövlət səviyyəsində baş verənləri ört-basdır etməyə, lokallaşdırmağa çalışırlar. Çalışırlar ki, xalqı yenə də aldatsınlar, həmin bu cinayətkar sistem iş başında qalsın. Ona görə də bu nəhəng cinayətlərin ört-basdır edilməsi üçün bu qədər həyasız çabalar ortada ikən, “biz bir neçə dəfə danışmışıq, daha danışmayaq” demək nə qədər düzgündür? Əksinə, biz toplum olaraq, Ictimai Palata olaraq baş verənlərə verdiyimiz reaksiyalar hələlik yetərli deyil”.
“Cəmiyyətin bütün təbəqələri səfərbər olunmalıdır”
AXCP sədri onu da bildirdi ki, Azərbaycan xalqı baş verənlərə görə hakimiyyətdən hesabat tələb etməlidir: “Ədalət, ləyaqət hər şeydən öndə gəlir. Artıq bu prinsiplər itirilib. Dövlətin ədalət, mənəviyyat anlayışı itib. Azərbaycan xalqı bu dövləti özünə doğma hesab edə bilmir. Bu hakimiyyətə olan neqativ münasibət az qala, dövlətə yönəlib, dövlətin gözdən salınması prosesi gedir. Artıq milyonlar bu videoya baxır. O milyonlar bundan sonra bu sistemin onlara rəhbərlik etməsinə imkan verməyəcək. Sadəcə, millətin toparlanması dövrü bir qədər vaxt aparır. Bütün bu baş verənlərin seçkiyə də müəyyən qədər aidiyyəti var. Nədən ibarətdi? Seçkiyə on ay qalmış bəlkə də təsadüf, bəlkə də qanunauyğun olaraq, bizə xatırladılır ki, hakimiyyət kimlərdədir, bu cinayəti törətmiş insanlar xalqın əzəmətli bir basqısı olmasa, heç bir demokratik seçkiyə getməyəcəklər. Bu həqiqəti seçkiyə on ay qalmış altını cızaraq videolar təqdim edilir. Özünüz düşünün, bu qədər cinayətləri olan insanlar razı olacaqlarmı ki, seçki komissiyaları azad olsun, seçkilər demokratik keçsin? Bu videolardan çıxartdığımız nəticələrdən biri də ondan ibarət olmalıdır ki, bizi olduqca çətin bir seçki gözləyir. Çətin bir seçkidə uğur qazanmaqdan ötrü cəmiyyətin bütün təbəqələri səfərbər olunmalıdır”.
“Azərbaycandakı şər isti bdadına son qoyaq!”
Əli Kərimli 2012-ci ili xarakterizə edən iki tendensiyanın altını cızdı: “Biri ondan ibarətdir ki, hakimiyyət bütün il boyu ifşa olunub. Ikincisi isə yeni-yeni insanlar müxalifət sıralarına qoşulub, yeni-yeni insanlar danışmağa başlayıb. Bu tendensiyalar bir tərəfdən hakimiyyətin gücünü, legitimliyini itirib çürüməsinə, digər tərəfdən isə cəmiyyətin aktivləşməsinə gətirib çıxarıb. Çox təəssüf, belə əhval-ruhiyyə yaranırdı ki, Ictimai Palata dağıla bilər. Ictimai Palatanın dağılmaq ehtimalı əlbəttə ki, hakimiyyəti çox sevindirirdi. Çox şükürlər olsun ki, biz özümüzdə o gücü tapdıq, müəyyən kompromislərlə çətinlikləri adladıq və məlum 19 dekabr qərarında biz çox ciddi şəkildə gələcəyə baxışımızı ortaya qoyduq. Nədən ibarətdi bu gələcəyə baxış? Proseslərdən geridə qalmamaq üçün seçkilərdə iştirak edəcəyimiz halda, güclü iştirakla bağlı ilkin qərarımızı verdik. Bu proses başlanıb və sürətlə getməlidir. O biri tərəfdən, Ictimai Palata sentyabrda qəbul etdiyi memoranduma sədəqətli qalıb. Kimin kənarda nə deməsindən asılı olmayaraq, Ictimai Palata sonuncu qərarında da ölkənin bütün demokratik qüvvələrinin konsalidasiyasına nail olmağı, seçkiöncəsi demokratik şəraiti yaratmağı proritet vəzifə olaraq elan edib. 2013-cü ildə bizi çox ciddi bir mübarizə və imkanlar gözləyir. Bu cinayətlərdən boğaza yığılmış, öz hakimiyyətinə nifrət eləyən Azərbaycan xalqını ümidləndirək, ruhlandıraq, mübarizəyə səfərbər edək, onun bütün proqressiv qüvvələrinin bir araya gəlməsini təmin edək və nəhayət, növbəti ildə Azərbaycandakı şər istibdadına son qoyaq!”
Ramin DEKO