Ölkənin seçkinləri xalqı bu rejimdən qurtarmağın yolunu göstərdi
Əli Kərimli: «Hamımız iddialarımızdan, ambisyalarımızdan bir addım geri çəkilməsək, Azərbaycanı xilas edə bilmərik»
Dünən ADP-nin qərargahında Naxçıvan Ziyalıları – Vətəndaş Hərəkatı Naxçıvandakı repressiv vəziyyətlə bağlı ictimai dinləmələr keçirib. Dinləmələrdə İctimai Palatanın, Ziyalılar Forumunun, Demokratik Qüvvələrin Məşvərət Məclisinin üzvləri, ictimai-siyasi fəallar iştirak edib. Qeyd edək ki, iki il budan əvvəl yaradılan hərəkat bir neçə dəfə Naxçıvandakı vəzəyyətlə bağlı forum keçirib. Bu dəfəki dinləmənin mövzusu son günlər Naxçıvandan gələn dəhşətli xəbərlər, o cümlədən Muxtar Respublikanın MTN-də işgəncədən dünyasını dəyişən Turac Zeynalov və ailəsinin başına gətirilənlər, hüquq müdafiəçiləri, jurnalistlər və iş adamlarının təhdid olunması və həbs edilməsi olub.
Naxçıvan bir qaranlıq adaya çevrilib
Tədbiri giriş sözü ilə açan hərəkatın koordinatoru İbrahim İbrahimli bildirib ki, son günlər Naxçıvandan həyacan dolu xəbərlər gəlməkdədir. Baş verənlərə hələ cəmiyyətin adekvat reaksiyası olmasa da, rejimə qarşı narazılıq insanların şüuruna təsir etməkdədir:
– Naxçıvanda yürüdülən siyasət dəyişməsə, zəruri islahatlar aparılmasa burada partlayış ola bilər. Korrupsiya Naxçıvan daxil olmaqla ölkədə idarəçilik sisteminə çevrilib. MTN-də işgəncə ilə öldürülən Turac Zeynalovla bağlı ölkədən qaçmış MTN işçisinin dedikləri sübut edir ki, o, daha ciddi şeylər bildiyi üçün öldürülüb. Naxçıvanda ancaq hüquq müdafiəçiləri həqiqətləri ictimailəşdirə bilir. Çünki orada siyasi fəaliyyətə imkan vermirlər. İş adamının həbsi, sonra psixiatriya xəstəxanasına salınması, jurnalistlərə qarşı təhdidlər vəziyyətin yaxşı olmadığını göstərir. Naxçıvan bir qaranlıq adaya çevrilib. Əgər Heydər Əliyev Naxçıvandan hakimiyyətə gəlmək üçün tranpilin kimi istifadə edirdisə, onun oğlu İlham Əliyev Naxçıvandan laborotoriya kimi yararlanır. Sonradan bu təcrübə Azərbaycanın bütün bölgələrinə tətbiq olunur.
Naxçıvan MTN-i özü jurnalistə hədə zəngləri edir
Daha sonra Naxçıvandakı mövcud durum barədə Muxtar Respublikanın sakinləri məlumat verib. İP-in Naxçıvan şöbəsinin təmsilçisi Həsən Şıxəliyev bildirib ki, son vaxtlar Naxçıvanda siyasi canlanma baş verməkdədir. Bu hadisələrin fonunda İP-nin Naxçıvanda aktiv fəaliyyətə başlaması hakimiyyəti narahat edir. İP-nin Naxçıvandakı axırıncı toplantısından sonra təşkilata təzyiqlər güclənib:
– İctimai Palatanın yerli şöbəsinin Naxçıvanda iki iclasını keçirmişik. İnsanların quruma axını var. Bakıdakı proseslər də Naxçıvana böyük təsir edir. Son tədbirləri artıq bütün müxalifət birgə keçirir. Elə bu səbəbdən də təzyiqlər başladı. Təşkilatın son iclasında iştirak edən iş adamı Məmməd Qurbanov iclasdan altı gün sonra həbs edildi. Onun gətirdiyi tonlarla mal gömrükdə saxlandı. Bizə yaxınlaşan iş adamları həm maddi, həm mənəvi ziyan çəkirlər. İş adamının həbsini araşdırmağa çalışan jurnalistlər də döyülürlər. Lakin bunlara baxmayaraq, biz fəaliyyətimizi davam etdiririk. Prezident seçkiləri ərəfəsində müxalifət qüvvələri birləşməsə, bölgədə və ümumilikdə ölkədə vəziyyət daha da pis olacaq.
Turac Zeynalovla bağlı araşdırma aparmaq üçün Naxçıvana səfər edən “Azadlıq” radiosunun əməkdaşı Yafəz Əkrəmoğlu isə deyib ki, bölgədə vəziyyət son dövrlər çox çətinləşib:
– MTN əməkdaşı İbrahim Musayev Naxçıvandan qaçıb və Naxçıvan hakimiyyəti haqqında ciddi açıqlamalar verir. Son vaxtlar bölgədəki hücumlar və aqressivlik bununıa bağlıdır. Onun açıqladığı məlumatlardan aydın olur ki, Turac Zeynalovu qəsdən öldürüblər. İbrahim Musayev deyir ki, Turacı ciddi məlumatları bildiyinə görə öldürüblər. Hakimiyyətdəki hansısa qrupun terror təşkilatı ilə əlaqəsi olub və Turac da bunu bilib. Məsələ ilə bağlı Naxçıvan MTN-in rəyini öyrənmək istədik, bundan sonra mənə hədə zəngləri, mesajları gəldi. Məsələ ilə bağlı DİN-ə müraciət etdik. Sonunda bildirdilər ki, məni hədələyən Naxçıvan MTN-nin yüksək vəzifəli şəxslərindən biridir. Onun cəzalandırılacağını da bildirdilər. Ancaq DİN-in müstəntiqi səhəri gün mənə zəng etdi ki, o, heç nə edə bilmir və məsələ araşdırılmaq üçün Naxçıvana göndərilir. Naxçıvanda işin necə araşdırılacağı bəllidir, iş mənim əleyhimə yönələcək.
Azərbaycanda mütləq xalq hərəkatı başlamalıdır
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə Naxçıvanda yaradılan Resurs Mərkəzinin fəaliyyətindən danışıb. Onun sözlərinə görə, Resurs Mərkəzi bölgədə kifayət qədər mühüm rol oynayır:
– Turac Zeynalov qətlə yetiriləndə mən və bir neçə hüquq müdafiəçisi Naxçıvana getmişdik. Həmin səfər zamanı Naxçıvandakı gərginliyi öz gözlərimizlə gördük. Baş verənlərin fonunda 2013-cü il çox mühümdür. Azərbaycanda mütləq xalq hərəkatı başlamalıdır. Bu platforma ətrafında xalqın 90 faizi birləşə bilər. Hazırda Qərb, Azərbaycan cəmiyyəti, hətta Rusiya bu hakimiyyətdən narazıdır. Hakimiyyət gələn il üzərinə götürdüyü öhdəlikləri icra etməyə məcbur ediləcək.
İstiqlalçı deputat, VAMBP sədri Hacıbaba Əzimov vurğulayıb ki, Naxçıvanda baş verənlər Azərbaycanı illərdir anti-milli klanın idarə etdiyini göstərir:
– Bu klan xalqın sərvətlərin talayır, büdcəni oğurlayır. Xalqı bu cür əzməklə elə bilirlər ki, hakimiyyətlərinin ömrünü uzadacaqlar. Çünki onlar bu xalqdan deyil, düşüncəsi də, məfkurəsi də yaddır. Naxçıvanda Azərbaycandakı idarəçiliyn eybəcərlikləri görünür. Naxçıvan PKK-nın gəlir mənbələrdən birinə çevrilib. Bunu Öcalan da vaxtı ilə etiraf edib. Prezident Administirasiyasında çalışan Səfa Mirzəyev Naxçıvanda PKK-ya dəstək verənlərdəndir. Artıq bu idarəçiliyə qarşı vahid cəbhədə mübarizə aparmağın zamanı gəlib. Mən mətbuatda AXCP sədrinin bu istiqamətdə müsahibəsiylə tanış oldum. Mən bu fikirləri dəstəkləyir və düşünürəm ki, hazırda daha geniş formatda demokratik düşərgənin birliyinə nail olmalıyıq. Vaxtı gələndə isə kim daha layiqdirsə, o da bu düşərgədən vahid namizəd kimi irəli sürülməlidir İşğalçı hakimiyyətdən xilas olmaq uğrunda mübarizədə hamıya uğurlar.
Dəyişikliklər növbəsi bizə çatıb
İP Koordinasiya Şurasının üzvü Mehriban Vəzir də hesab edir ki, Naxçıvan repressiyaların aparılması, sınaqların keçirilməsi üçün bir düşərgədir:
– Naxçıvan həm bu rejimin, həm PKK-nın girovundadır. Azərbaycanda mütləq bir dəyişiklik olacaq, bu dəyişiklik ərəfəsindəyik. 1988-ci ildə də xalqımız çətinliklərdən keçib müstəqillik qazandı. Biz bu mərhələni də aşacağıq və ədalət mərhələsinə qədəm qoyacağıq. Xalqımızın gələcəyi uğrunda əlimizdən gələni etməliyik.
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər də Naxçıvanda baş verənlərdən narahatlığını ifadə edərək Azərbaycanın xilasını demokratik qüvvələrin birliyində gördüyünü deyib:
– Gələn ilin dəyişikliklər ili olacağına inanıram. Naxçıvanda, o cümlədən ölkədə durumun dəyişməsi üçün demokratik qüvvələrin potensialı səfərbər olunmalıdır. Avtoritar hakimiyyətin dəyişməsi üçün Azərbaycanda xalq hərəkatı olmalıdır. Amma bu hərəkatın yaranmasına bir sıra müxalifət liderləri mane olur. Hazırda “mən əsas namizədəm” ifadəsi işlədilməməlidir. Biz daha çox demokratik qüvvələrin birliyinə nail olmalıyıq. Birlikdən sonra ictimai rəy kimi müdafiə etsə, o, namizəd olmalıdır. Xalq o adama səs verəcək ki, millətin uğrunda ölümə belə hazırdır. Öz və qrup maraqlarına xidmət edən şəxs vahid namizəd ola bilməz. Dəyişikliklər növbəsi bizim regionundur. Belə bir vəziyətdə müxalifətdən kiminsə “mən seçkidə iştirak edəcəm” deməsi qeyri-demokratik seçkiyə əvvəlcədən legetimlik donu geyindirmək cəhdidir.
Naxçıvanda milli qüvvələrin təqib olunmasından narahatlığını bildirən “Borçalı” cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədlinin fikrincə, “Azərbaycan sürətlə milli mahiyyətini, dövlətçiliyini itirməkdədir:
– Ölkədəki bu qədər eybəcərliklərlə barışmaq ləyaqətsizlik olar. Siyasi qüvvələr xalqı ruhlandırmalıdır. Seçki üçün demokratik mühüt formalaşdırılmalıdır….
İP KŞ-nin üzvü Vidadi Mirkamal da Turac Zeynalovla bağlı məsələnin detallarını xatırladaraq, hakimiyyətin mafiya idarə üsullarından istifadə etdiyini deyib:
– Turac Zeynalovun ailəsinə əxlaqsız təzyiqlər edilib. MTN dövlətin və vətəndaşların təhlükəsizliyini qorumalı olduğu halda, insanların həyatını təhlükə altına atır. Azərbaycanda dövlət orqanları mafioz strukturlara çevrilib. Azərbaycanda mafiya dövlətin içərisindədir. Dövlət öz vətəndaşlarına qarşı əxlaqsız üsullardan istifadə edir. Biz hüquqşünaslar “Seçki islahatları memorandumu” layihəsini hazırlamışıq. Təklif edirik ki, demokratik qüvvələr bu sənəd ətrafında birləşsin. Müxalifət ünvanlı mesajlar verərək xalqın ayağına getməlidir. 2013-cü il seçkiləri son şansdır. Bu seçkidə müxalifət qalib gəlməsə dünya dağılmayacaq. Amma xalq ruhdan düşəcək. Biz istəyirik ki, koalisiya yaransın, birlik olsun və seçkidə bigə iştirak edək.
AXP rəhbəri Pənah Hüseynin qənaətincə, Naxçıvanda baş verənlər beynəlxalq aləmin diqqətinə çatdırılmalıdır. Demokratik qüvvələrin birliyinə gəlincə, P.Hüseyn deyib ki, bunun üçün tərəflər qarşılıqlı ittihamlara yol verməməlidirlər.
ALP sədri Əvəz Temirxan da demokratik düşərgənin birliyinə diqqət çəkərək, tədbirdə iştirak edən bütün müxalifət təşkilatlarının təmsilçilərini qeyd-şərtsiz danışıqlara başlamağa çağırıb:
– Artıq ölkədəki proseslərlə bağlı ciddi addım atmağın vaxtıdır. Bu baxımdan demokratik qüvvələrin vahid mövqedən çıxış etməsi vacibdir. Təklif edirəm, İctimai Palata, Ziyalılar Forumu, Məşvərət Məclisi, “Qarabağ bloku”, «ReAl» bu danışıqlara başlasın.
Naxçıvan Ziyalılar Birliyinin təsisçilərindən Səxavət Əlisoy isə naxçıvanlıların muxtar respublikanı kütləvi şəkildə tərk etdiyini vurğulayıb:
– Kəndlərin əlli faizi boşalıb. Ancaq seçkilərdə iştirak 98 faiz olur. Naxçıvanda insanların durumu, yaşamaq imkanları həddindən artıq ağırdır. Baş verənlərə görə məsuliyyət hakimiyyətin üzərindədir.
Azərbaycan hər gün böyük dəyişikliklərə yaxınlaşır
AXCP sədri Əli Kərimli çıxışında bildirib ki, baş verənlərə xalqın adekvat reaksiyası hələlik görünməsə də, hər ötən gün ölkə ciddi dəyişikliklərə bir az da yaxınlaşır və bir gün etirazın qarşısını almaq mümkün olmayacaq:
– Bu günlərdə mən mətbuatda Zaqataladan bir məhbusun ağır işgəncələrlə həbsxanada öldürülməsini oxudum. Bizim gözümüzün qarşısında bir gənci o şəkildə məhv edib öldürdülər. Yenə də bizim təpkimiz adekvat olmadı. Belə hadisələr Azərbaycanda hər gün olmasa da, hər həftə baş verir. Elə sonuncu dəfə mən «Azərbaycan saat»ı proqramında orduda xidmət üçün göndərilən əsgərin öldürülüb, sonradan intihar kimi qiymətləndirilərək valideyinlərinə qaytarılması barədə sujetə baxdım. Azərbaycanın bütün bölgələrində bu hadisələr mütamadi olaraq təkrarlanır. Amma bunların hamısı bizim cavabımız üçün yetərli olmur. Bu nəylə bağlıdır? Mən tariximizin şərəfli səhifələrini xatırlayıram. Görürəm ki, bizim millətimiz cəsarətli və birgə addımlar atmağa qadir millətdir. Bu milləti qorxaq adlandırmaq olmaz. Uzun illər biz müxalifət liderlərinin səhvindən, Qərbin bir sıra dairələrinin satqınlığından, hökumətdəkilərin acgözlüyündən yaşanmış məğlubiyyətlər insanları küsdürüb, onların özünə inamını azaldıb. Ona görə də bu gün baş verənlərə reaksiya adekvat deyil. Amma mən əminəm ki, artıq əks proses gedir. Millətimiz informasiya almaq imkanları artdıqca, baş verənlərdən xəbər tutaraq hiddətlənir. Bu hadisələr on doqquz ildir Azərbaycanda baş verir. Biz indi Turac Zeynalov olayını xatırlayan zaman Şahmərdandan üzü bəri Naxçıvandakı terrorun qurbanlarını xatırlamalıyıq. Elə bir neçə il bundan qabaq AXCP-nin Culfa şöbəsinin sədri Rza Bənanyarlını döyə-döyə öldürmədilərmi? İndiyədək nə qədər belə terrorlar olub. Amma vaxt var idi bu terrorlardan minlər, uzağı on minlər xəbər tuturdu. Bu gün isə informasiya resurslarımız artıb. Hazırda internet köməyimizə gəlir. Bu gün artıq «Azərbaycan saatı» proqramı vasitəsilə televiziya blokadasını yarmışıq. Naxçıvanda «Azadlıq» qəzetinin, başqa müstəqil qəzetlərin satışına imkan verilmədiyi yerlərdə artıq «Azərbaycan saatı» var. İnsanlar həqiqətləri görürlər. İndi artıq yüz minlər dövlət terrorundan xəbərdardır. Əminəm ki, bu ədalətsizliklərdən xəbər tutan həmin yüz minlərin hiddəti toplanır. Azərbaycan hər gün böyük dəyişikliklərə yaxınlaşır. Bugünki toplantı da həmin hazırlığın elementidir.
Bizim toplantının ilk mesajı ondan ibarət olmalıdır ki, Naxçıvanda baş verənlərdən xəbərdarıq. Naxçıvandakı dövlət terroru ilə üzbəüz qalmış insanları təkbaşına buraxmaq fikrində deyilik. Biz burdan həmin zülmün qarşısında dayanmış insanlara – Məlahət Nəsibovaya, İlqar Nəsibova, Elman Abbasova, Həkim Eldostuya, Yafəz Əkrəmoğluna, siyasi məhbus həyatı yaşamış Yaşar Bağırsoya, Zeynal Bağırsoya dəstəyimizi ifadə etməliyik. Biz onların arxasındayıq.
Demokratik qüvvələrin birliyi indiki problemlərin əsas çarəsidir
Biz buradan aydın şəkildə mesaj verməliyik ki, hakimiyyətin daha bir niyyəti alınmadı. Hakimiyyət təqdim etməyə çalışırdı ki, Azərbaycanda hakimiyyət Naxçıvanlılardadır. Bununla öncə özünə ad qazanırdı. Bir var desinlər ki, hakimiyyətdə kriminallardır, oğurulardır, bir də var kifayət qədər hörmətli adla özünü adlandırsın və bəyan etsin ki, hakimiyyətdə Naxçıvanlılardadır. Eyni zamanda Naxçıvan əhalisini girova çevirmək, zülm çəkən, daha ağır məşəqqət yaşayan insanların boynuna qoymaq istəyir ki, bu hakimiyyət sənindir və get onun üçün öl. Bir məqsəd də ondan ibarətdir ki, Naxçıvanlılarla Azərbaycanın digər kəsimini üz-üzə qoysunlar. İndii biz burdan o mesajı verə bilərik ki, kriminal hakimiyyətin bu niyyəti də iflasa uğradı. Çünki bu gün hamı başa düşür ki, hakimiyyətdə adam oğurluğu ilə məşğul olanlar, cinayətkarlardır. Ən çox əzilənlərin arasında isə Naxçıvanlılardır.
Bu hakimiyyətin məkirli siyasəti birbaşa İlham Əliyevdən qaynaqlanır. Naxçıvan bu avtoritarizmin labaratoriyasına çevrilib. Məkirli siyasət birinci orada praktikadan keçirilir, alınırsa başqa bölgələrə yayırlar. Hazırda Naxçıvanlaşma siyasəti Azərbaycanın hər yerində aparılır. Gəncədə Elmar Vəliyev, Sumqayıtda Eldar Əzizov bu siyasəti aparır. Yəni Vasif Talıbovun Naxçıvanda qurduğu rejimi Gəncədə, Sumqayıtda və başqa şəhərlərdə qurmağa çalışırlar. Əgər biz ayağa qalxmasaq Vasif Talıbov rejimini bütün Azərbaycanda qura bilərlər.
Bu gün hakimiyyət Naxçıvandakı təcrübəni bütün Azərbaycanda yamağa çalışırsa, biz də Naxçıvanda demokratik qüvvələrin məhdud şərtlərlə apardığı mərd mübarizəni, şücaəti bütün Azərbaycana yayacağıq. Naxçıvanın, Azərbaycanın istənilən çoğrafiyasının problemi həmin ərazidə həll oluna bilməz. Mənə xoş oldu ki, bu gün bura Naxçıvanda baş verənlərə etiraz üçün toplanmış insanlar bütövlükdə Azərbaycanı xilas etmək üçün praktik təkliflər verirlər. Xoş oldu ki, tədbir boyu birlik əsas ideya oldu. Hamı bu və ya digər formada demokratik qüvvələrin birliyini indiki problemlərin əsas çarəsi sayır. Toplantının sonunda Azərbaycan xalqına verə biləcəyimiz bir mesaj da ondan ibarət olmalıdır ki, hələlik məqsədimizə nail ola bilməməyimizə, fikir ayrılıqlarının olmasına baxmayın. Hamımız birlik axtarışındayıq və başa düşürük ki, çarəmiz birlikdədir. Başa düşürük ki, böyük xalq hərəkətı olmadan, hamımız iddialarımızdan, ambisyalarımızdan bir addım geri çəkilmədən Azərbaycanı xilas edə bilmərik. Hamımız nu vətənin övladlarıyıq. Vətənimizi xilas etmək üçün hamımız birgə fəaliyyət göstərməliyik.
Xəyal