Ölkənin iki əsas siyasətçisindən biri haqqında bir yazarın qeydləri
Bu gün Əli Kərimlinin doğum günüdür. Əli bəy ölkənin ən vacib iki siyasətçisindən biridir. Belə deyək, Azərbaycan siyasətini futbol oyununa bənzətsək, burada iki əsas oyunçu var, biri İlham Əliyev, o biri isə Əli Kərimlidir. Yerdə qalan bütün siyasətçilərimiz topdaşıyanlardır. Bir qrup siyasətçi topu aparıb İlham Əliyevin qabağına qoyur ki, o qol vursun, o biri qrup da topu aparıb Əli Kərimlinin qabağına qoyur ki, bu qol vursun. Biz isə cəmiyyət olaraq neçə illərdir bu oyunlara tamaşa eləməyə məhkumuq. Bu oyunun içində hərə özünə bu rol alır, xətt götürür, hörmətli rol var, hörmətsiz rol var, satılanı var, sınanı var, satılmayanı, qəlbən inananı, inanmayanı, məcbur olanı, olmayanı var, susanı var.
Təsadüfi deyil ki, ölkədə kim düz danışırsa, kim cəsarətlidirsə, ona Əli Kərimlinin adamı kimi baxırlar. Bunun səbəbi hakimiyyətin həddən artıq ədalətsiz olması, Əli bəyin isə bu ədalətsizliyə dabandabana zidd, prinsipial bir mövqedə dayanmasıdır. Ədalətsizliyə kəskin və barışmaz mövqe isə səni istər-istəmiz Əli bəyin yanında göstərir.
Mən əminəm və hətta bir neçə dəfə şahidi də olmuşam ki, Əli Kərimlini mediada söyən adamlar şəxsi söhbətlərimizdə ona can sağlığı arzulayıblar. Əli Kərimli ev-eşik deməkdir, Əli Kərimli mandat deməkdir, Əli Kərimli pul deməkdir, Əli Kərimli təminatlı həyat deməkdir. Kim özünü hökumətin gözünə soxmaq istəyirsə, gedib Əli bəyin böyür-başında gəzib dolaşır, sonra aralanır, söyür, deputat olur. Bəlkə, bir siyasətçi üçün belə şeylər məqbuldur, onu söymək, bunu satmaq, danışıqlara getmək, sifarişlər almaq, yazmaq, cahil bir toplumun hissləri üzərində dərin və dayaz oyunlar qurmaq. Amma mənim qəbul etdiyim və inandığım bir həqiqət var ki, əgər bir yazıçı maddi qarşılıq naminə öz içinin ona diqtə etmədiyi şeyləri yazır və danışırsa, həmin gün özünə xəyanət etmiş olur və bundan sonra düzü, mən inana bilmirəm ki, o yazıçı nəsə yaza bilsin. Yazıçı hətta sifarişlə İlham Əliyevə də qarşı nəsə yazırsa, bu da öz içinə xəyanət deməkdir.
İzləyicilərimə əminliklə deyirəm, Əli Kərimliyə rəğbət ifadə eləyib bu ölkədə maddi mənada ciddi nəyəsə nail olmaq mümkün deyil, bunu şəxsən öz təcrübəmdən bilirəm. Yerin ancaq küçələr, parklar, çayxanalar, kirayə evlər olacaq, borclar, niysə dükanlar olacaq.
Neyləyək, bizim də bəxtimizə bu vətən düşüb. Ləyaqətli bir yolla acından ölməməkdən başqa heç bir arzusu və istəyi olmayan yazıçının belə öz ehtiyaclarından xilas olmaq üçün qabağına şərtlər qoyan bir sistemin övladlarıyıq.
Uğurlar arzulayıram, Əli bəy.
Arzu edirəm, dost-tanışından pul dilənib özünə bir Book Cafe alıb, sonra o Book Cafeni banka girov qoyub özünə bir ev almaq və satdığı kitabların pulu ilə kreditini bağlamaq, sonra isə oturub azad bir şəkildə yaradıcılığı ilə məşğul olmaq, məişət qayğılarından, ehtiaclardan xilas olandan sonra isə özünü yazıçı kimi də, şəxsiyyət kimi də cilalamaq arzusu ilə alışıb-yanan cavan bir yazarın qarşısına hətta sən o Book Cafeni dilənib alsan belə oranı işlətməyinə icazə verilməyəcək, yeganə yol cəbhəçi dostlarınla şəxsi münasibətini kəsməkdir şərti qoymayan bir hökumətimiz olsun.
Doğum gününüz mübarək, mübarizə adamı.
Kəramət Böyükçöl