AXCP sədri Əli Kərimli
Gerçək müttəfiqlər!
Ukraynada olan 100-lərlə tanınmış beynəlxalq mətbuat təmsilçilərinin Buçada, İrpendə, digər Ukrayna şəhərlərində Rusiya ordusunun törətdiyi cinayətlər haqqında birbaşa hadisə yerindən reportajlar verib, bu insanlıq əleyhinə cinayətlərlə dünyanı detallı şəkildə məlumatlandırdığı bir vaxtda İlham Əliyev də Putinə məktub göndərib onunla “müttəfiqliyimizi” tərifləyib.
Əliyev Putinə bu gün göndərdiyi məktubda onunla imzaladığı müttəfiqlik bəyanatı haqqında belə yazıb: “Bu mühüm sənəd otuz il ərzində dövlətlərimiz arasında münasibətlərin keyfiyyətcə yeni, ən yüksək səviyyəsini müəyyənləşdirib”.
Dövlətimizi beynəlxalq aləmdə təmsil edən şəxs bütün sivil dünyanı, insanlığı, humanizmi qarşısına alıb Putinlə müttəfiqliyi seçirsə, Ukraynada törədilən insanlıq əleyhinə cinayətləri görməzliyə vurursa, açıq-aşkar haqsızın, beynəlxalq hüququ tapdayanın, dinc əhaliyə divan tutanların tərəfini tutursa, sabah biz necə beynəlxalq ictimaiyyətdən ədalət, beynəlxalq hüquqa hörmət tələb edəcəyik?
Bilməliyik ki, bu mühüm seçim məqamında İlham Əliyevin hüquqla idarə olunan azad dünyanı yox, Putini, beynəlxalq avtoritarizmi seçməsi ölkəmizin milli maraqlarına çox böyük zərbədir.
Bu gün həm də onunla xarakterizə olunub ki, Lavrov və digər Rusiya rəsmiləri Rusiya ordusunun Ukraynada dinc əhaliyə qarşı törətdiyi cinayətləri danıb. Deyib ki, Buçadakı qətliam səhnələşdirilib, feykdir, Ukraynalıların öz işidir. Bütün dünyanın əli üzündə qalıb. Təkcə azərbaycanlılardan başqa. Biz azərbaycanlılar isə Lavrovun bu qırmızı yalanını eşidəndə İlham Əliyev hökumətinin “Tofiq Yaqublu özü özünü döyüb”, “Əli Kərimli başını avtobusa vurub” tipli yalanlarını xatırlayırıq. Və bir daha əmin oluruq ki, Azərbaycandakı rejimlə Rusiyadakı rejimi eyni dünyagörüşü birləşdirir. Aqibətlərinin də eyni olacaqlarına şübhə etməyin.