Bu arada separatçıların rüsvayçı videomüraciət saxtakarlığı ifşa olunub. Onlar fevralın 18-də yayılan videonu iki gün əvvəl çəkibmişlər
ABŞ prezidenti Co Bayden Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı jurnalistlərin qarşısında çıxış edib:
“Bizim ehtimal etməyə əsasımız var ki, Rusiya gələn həftə, yaxın günlərdə Ukraynaya müdaxilə etməyi planlaşdırır. Biz hesab edirik ki, hədəflərdən biri də əhalisi 2.8 milyon olan Kiyev ola bilər”.
Ağ Evdə jurnalistlərin suallarına cavab verərkən ABŞ prezidenti deyib ki, onda olan məlumata görə Vladimir Putin Ukraynaya hücum qərarını artıq qəbul edib.
Prezident bildirib ki, belə düşünmək üçün “ciddi əsaslar var”.
Bayden deyib ki, müdaxilə baş vermədikcə, “diplomatik tədbirlər nəzərdən keçiriləcək”.
Prezident malik olduğu məlumatın mənbəyini açmayıb, sadəcə olaraq deyib ki, ABŞ-ın “ciddi kəşfiyyatı” var.
O əlavə edib ki, dövlət katibi Entoni Blinkenin Rusiya xarici işlər naziri Sergey Lavrovla gələn həftəyə təyin edilmiş görüşü də müdaxilə olmasa baş tutacaq.
Onun sözlərinə görə hücum olsa, “diplomatiya qapıları çırpılacaq”.
Separatçılar ‘təcili evakuasiya’ videosunu iki gün əvvəl çəkiblər
Ukraynanın şərqindəki qondarma DXR-in (Donetsk Xalq Respublikası) separatçı hakimiyyətinin başçısı Denis Puşilinin bölgədən qadınların, uşaqların və qocaların təcili evakuasiyası barədə müraciəti fevralın 18-də yayılıb.
Onun sözlərinə görə separatçıların nəzarətində olan ərazidən 700 min nəfər, yəni bütün əhalinin üçdə biri çıxarılmalıdır.
Fevralın 18-də evakuasiya barədə digər qondarma separatçı bölgənin – LXR-in (Luqanks Xalq Respublikası) başçısı Leonid Paseçnik də videomüraciət edib.
Amma bu videomüraciətlərin yayılmasından bir neçə saat sonra ekspertlərin təhlili göstərib ki, hər iki müraciət iki gün əvvəl fevralın 16-da yazılıb.
Qərb kəşfiyyatları Rusiyanın Ukraynaya məhz həmin gün hücum edəcəyini bildirmişdilər.
Putin ‘Donbas qaçqınlarının’ Rusiyada yerləşdirilməsinə göstəriş verib
Rusiya prezidenti Vladimir Putin fevralın 18-də deyib ki, o şərqi Ukraynada özünü müstəqil elan etmiş iki ərazidən evakuasiya edilən əhalinin qəbul olunması, yerləşdirilməsi və ərzaqla təchiz edilməsi üçün hökumətə tapşırıq verib.
Kremlin bəyanatında deyilir ki, prezident “Donbas qaçqınlarının” problemləri ilə məşğul olmağı Fövqəladə Hallar Nazirliyinə həvalə edib.
Reuters agentliyi yazır ki, Putin Donbasdan təxliyə olunan hər bir adama 10 min rubl (129 dollar) ayrılması üçün göstəriş verib.
Qərb deyir ki, Rusiya müdaxilə üçün separatçı ərazidən istifadə edə bilər
Yüksək vəzifəli Qərb rəsmilərindən biri deyib ki, Kremlin Ukraynaya müdaxiləni “qeyri-standart” şəkildə həyata keçirməsi Qərbdən Moskva üzərinə ən ağır sanksiyaların qoyulmasına dair təcili qərarın qəbul edilməsini tələb edə bilər.
Reuters yazır ki, Qərb Ukraynanın şərqindəki separatçıların qadın və uşaqların evakuasiyasını elan etməsini bu münaqişədə kəskin dönüş anı kimi qiymətləndirir.
Qərb bu qənaətdədir ki, Moskva Ukraynaya hücuma separatçı bölgələrdən başlaya bilər.
Ehtimal olunur ki, Rusiya bunu Ukraynanın separatçılar üzərinə hücumu ilə əsaslandıracaq.
Donbasdan qadın və uşaqlar Rusiyaya evakuasiya olunur. Nə gözlənilir?
Ukraynanın şərqində rusiyayönlü separatçıların qondarma “Donetsk Xalq Respublikası – DXR” bu ərazidəki qadınların, uşaqların və ahılların Rusiyaya ərazisinə təxliyəsinə başlandığını elan edib.
Bu barədə məlumatı qondarma qurumun başmısı Denis Puşilin verib:
“Bugün, fevralın 18-dən əhalinin Rusiya Federasiyasına kütləvi mərkəzləşdirilmiş çıxışına başlanır. Qadınlar, uşaqlar və ahıllar ilk növbədə evakuasiya olunur”.
Puşilin bildirib ki, Rusiyanın Rostov vilayətinin rəhbərliyi ilə adamların qəbulu və yerləşdirilməsinə dair razıalşma əldfə olunub.
O deyib ki, təxliyə edilənlər bütün lazımi ərzaq və başqa vasitələrlə təmin olunacaqlar.
Puşilin iddia edib ki, guya Ukrayna prezidenti Volodimir Zelenski ən yaxın vaxtda Ukrayna ordusuna “DXR” və “LXR” (Luqansk Xalq Respublikası-red) üzərinə hücum əmri verəcək.
O iddia edib ki, Ukrayna hərbi birləşmələri döyüş hazırlığı vəziyyətinə gətirilib və Donbasın hərbi yolla ələ keçirilməsinə başlanacaq.
Puşilinin sözlərinə görə, “Donetsk Xalq Respublikasının silahlı qüvvələri” əhali və infrastrukturu müdafiə etmək iqtidarındadır.
AzadlıqRadiosu xəbər verir ki, Luqansk separatçılarının başçısı Leonid Paseçnik də nəzarətində olan ərazidən evakuasiya elan edib.
Rusiyada Putinin rəhbərliyi ilə nüvə təlimləri keçiriləcək
Atəşkəs pozuntularının artması Moskvanın bundan qonşusuna təcavüz üçün bəhanə kimi istifadə edəcəyi ilə bağlı xəbərdarlıqları gücləndirib.
ATƏT-in monitorinq missiyası adətən günə onlarla kiçik atəşkəs pozuntusu qeydə alır. Missiyanın fevralın 18-də bildirdiyinə görə, son 24 saatda 600-dək pozuntu baş verib. Onlardan 300-dən çoxu partlayışlardır.
“Rusiya qüvvələrini qarnizona çəkdiyini elan etsə də, biz hələ bunu görməmişik”, – ABŞ-ın Müdafiə naziri Lloyd Ostin fevralın 18-də Varşavada jurnalistlərə deyib.
“Faktiki olaraq, regiona, sərhəd regionuna daha çox qüvvənin yerləşdirildiyini görürük”, – nazir deyib.
“Cənab Putin öz cinahında NATO-nun güclənməsini istəmirdi, bu gün isə bu baş verir”, – Ostin Polşada mətbuat konfransında söyləyib.
Adı çəkilməyən diplomatik mənbə “Reuters” agentliyinə deyib ki, 2015-ci ildən bəri bugünkü kimi böyük atışma olmayıb. Ukraynanın şərqində münaqişə 2014-cü ildə başlayıb.
Azadlıq radiosu