(İndi seçim anıdır)
Natiq Güləhmədoğlu
“İndi seçim anıdır”- 2003-cü ilin prezident seçkisinə “Bizim Azərbaycan” blokunun namizədi İsa Qəmbərin şüarları arasında beləsi də vardı. Şüar daha çox namizəd İsa Qəmbəri şüurlarda canlandırmaq, onun təəssüratını yaratmaq üçün düşünülmüşdü.
2003-ün seçki saxtakarlığı, saxtakarlığa etiraz edənlərə tutulan divan geridə qalsa da, o günün ağırlığı hələ də cəmiyyətin çiynindədir. Özü də bu yük sabit deyil, əksinə, süngər kimi ildən ilə, gündən günə ətraf aləmdən nə qədər neqativ var, özünə çəkib daha da ağırlaşır.
Səbəblər barədə çox danışılıb. Ayrı-ayrı şəxslərin rolundan tutmuş, təşkilatçılığa qədər. Ən müxtəlif səbəbləri nəzərdən keçirəndə onların hamısını birləşdirən bir şeyi tapdım: Seçmək bacarığının bizdə lazımınca olmaması. Budur, əsas problem. Söhbət heç də İsa Qəmbəri, yaxud bir başqasını seçməkdən getmir, seçimi daha geniş miqyası düşünməyə və birgə müzakirəyə dəvət edirəm oxucunu.
Vaxtaşırı sosial şəbəkələrdə insanların kitabların baha olması, “hansı filmə baxaq” kimi qeydlərini görəndə məni dərin fikir götürür. Xüsusən, kasıblığa görə o kitab dərdi çəkənləri. Qətiyyən bu cür adamların intellektual qayğılarını reklam etmək kimi bir mərəzə tutulduğunu söyləmək istəmirəm. Sadəcə, başa düşməyə çalışıram: həqiqətənmi hazırda bir azərbaycanlı mütaliə üçün ədəbiyyat qıtlığı çəkir və bunun ən ciddi səbəbi pulsuzluqdur? Zənnimcə, xeyr, bu səhv analizin fəsadıdır.
Keçən günlərdə “Kitabsevərlər” adlı facebook qrupunda kimsə bir “avtobus kitabxana” fotosu paylaşmışdı, qeyd də qoymuşdu ki, bizdə də buna ehtiyac var. Sual verdim ki, həqiqətən belə ehtiyac Azərbaycanda hiss olunur? Axı dövlət xətti ilə kifayət qədər sanballı kitablar dərc edilib kitabxanalara paylanılıb, onların pulsuz götürüb oxumaq imkanı var. Kitabxana olmayan yerlərdə internet var və başqa dilləri demirəm, öz dilimizdə o qədər kitab dərc edilib, onların oxuyub başa çatmaq üçün 2 əlavə ömür yaşamalısan. O, “avtobus kitabxana”nı mən Fransada yaşadığım şəhərdə görürəm. Onu ehtiyac ortaya çıxarıb. Kitabxananın yoxluğu ehtiyacı deyil, oxucu çoxluğu ehtiyacı. Düşünün, bizim yaşadığımız şəhərin təxminən, Şirvan şəhəri qədər əhalisi var (130 min). Burda beş iri kitabxana, hər yaşayış kvartalda asudə vaxt keçirmək üçün mərkəzlər var. Bu mərkəzlərin də sayı yanılmıramsa, 6-7 dənədir və hər birində mütaliə üçün şərait. Üstəlik, 3-4 universitet korpusunda da kitabxanalar var, hər bir insan onlardan sərbəst istifadə etmək haqqındadır. Edirlər də. Belə bir şəraitdə “avtobus kitabxana”sı hoqqabazlıq yox, sırf praktik məzmun daşıyır.
Yaxud, filmlər, musiqilər. Kim indi belə şeyləri arzulayır, amma əli çatmır, onlarda gözü qalır? Heç kim. Bu bolluq o qədər qüvvətlidir bizə elə gəlir, həmişə belə olub. Halbuki, çox uzaqda demirəm, 30 il əvvəl biz içində 12 mahnı olan adi maqintafon kasetinə 5 min manat verən adamlar idik. Müqayisə üçün deyim ki, çörək onda min manat idi. Bəs o kaseti oxutmaq üçün hamıda avadanlıq var idi? Çətin. Ən yaxşı hər evdə biri olardı. Videomaqnitafonlar isə 50 ailədən birində olsaydı, böyük şeydi.
Deyəsən, mövzunu qarışdırıram, əl-ayağını toplayım. Demək istəyirəm ki, biz hazırkı dövrdə bir tərəfdən də zənginlik içində kasıblıq yaşayırıq. Eynən, o məsəlimizdəki kimi, “çox yana baxan çaş qalar”. Özü də dediklərim təkcə oxumaq, dinləmək, baxmaq mövzularında deyil, yemək, geyim və s. də belədir.
Qədim insanın həyatı kimi qayğıları da sadə idi. Mənə bəzən belə gəlir ki, biz əcdadlarımızdan daha fəlakətli vəziyyətdəyik. Keçmiş dövrün insanı öz cahilliyinə tutarlı səbəb göstərə bilərdi. Məsələn, biz Mirzə Cəlilin “Danabaş kəndli”lilərinə, novruzəlilərinə gülsək də, onların dili olsa bizi daha sərt yamanlaya bilər. Çünki, novruzəlilərin özünü inkişaf üçün imkanları yox dərəcəsində idi. Kitab yox, məktəb yox, müəllim yox, dünyada xəbər tutmaq üçün televiziya, radio, internet yox. Tarixin qaranlıq dövrü adlanan periodlarına getsək, işimizi lap çətinə salmış olarıq. Çünki, o çağlarda xırda istisnaları qırağa qoysaq, maarif, elm bir ovuc seçilmişin ixtiyarı idi, qara camaata o tərəfə boylanmaq ağır günah kimi qəbul edilirdi.
Bütün bunları yazdıqdan sonra başa qayıdıram. Bizim dövrümüzdə qıtlıqdan daha çox, insanın seçmək problemi var. Düzgün seçmə bacarığının olması bizi əfəl, geridə qalmış edir.
Bizdə təzadlı bir vəziyyət var. Kimi dindirsən, işgizlikdən, bekarçılıqdan şikayətlənir, ancaq o adamların hamısı eyni zamanda vaxt qıtlığından şikayətlənir. İlahi, görəsən, bəs biz bu qədər boş vaxtı hara, nəyə xərcləyirik? Bilirsinizmi, antik filosoflar bu “boş vaxt” dediyimiz nemətin nə qədər həsrətini çəkiblər. Onlar haqlı olaraq bu qənaətdə idilər ki, insanın insan olması üçün BOŞ VAXTA ehtiyac var. Məhz boş vaxt insanı öz içinə, daxili aləminə boylanmağa, kəm-kəsirini aradan qaldırıb cilalamağa səbəb ola bilər. Zaman dəyişdi, bəşəriyyətin əlinə heç zaman olmayan qədər boş vaxt keçdi, amma onun haqqı verilmədi, israf edildi. Səbəbləri çoxdur, onlara başqa yazıda toxunarıq, ancaq, biri və əsası vurğuladığım şeydir: düzgün seçə bilməmə.
Azadlıq anlayışının ilk baxışda söz yığınına oxşayan belə bir tərifi də var: “Azadlıq-seçə bilmək azadlığıdır”.
Seçmək təkcə seçkidə olmur. Bizim ölkədə tutaq ki, seçki Məzahirin fırıldaqçı sehrli çubuğuna tabe edilib. Bəs gün ərzində onlarla seçim ki var, o birbaşa bizim öz ixtiyarımızdadır, görək onları doğru-dürüst seçə bilirikmi? Məsələn, yazımı kitabı, materialı oxumaq, lazımı filmə, verilişə baxmağı, sizə məhz lazım olan şeyləri almağı və s. Zənn etmirəm. Dərindən düşünsək, adi məişətimizdə, küçə bayırda onu yoxsa, bunu seçimlərini düz edə bilməmək nəhayətində əsas seçkinin də rahat saxtalaşdırılmasına yol açır. Bu asan şey deyil, razıyam. Ancaq, dünyada asan nə var ki? Bilməliyik ki, dünyada günə çıxan, yaşayış tərzinə görə qibtə etdiyimiz bütün ölkələr istisnasız olaraq, gündəlik həyatda məhz düzgün seçim etməklə ora varıblar. 4-5 ildə bir dəfə seçmək yox, hər gün, hər saat düzgün seçmək! Baş yormalısan. Məşəqqətli gəlsə də, insan kimi yaşamağın bundan savayı alternativi yoxdur. Deyirlər, avtoritarizm, totalitarizm də xalqın nəzərində elə bu incə məqamın hesabına legitimlik qazanır. Çünki, belə sistemlərdə hamının əvəzinə düşünən, qərar verən, seçim edən bir dəstə adam olur, qalanları da şüuraltı olsa da özünü bu vəziyyətlə razı salır ki, nə yaxşı, mənim əvəzimə bütün bunları edən var. Beləliklə, qiymətli insan həyatı dönüb puç. “İndi seçim anıdır”-həyatınızın mənasızlığa bürünməsinə razı deyilsinizsə, bu devizi unutmayın.
nadilov5@gmail.com