Ərəstun Piriyev: «Qardaşımı ofisdə öldürməyin səbəblərindən biri də o idi ki, sənədləri götürsünlər»
2011-ci ilin iyulun 11-də saat 13 radələrində Bakıda törədilən bir qətl hadisəsi ölkə gündəmini dəyişdi. Belə ki, paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində bu qurumun təsisçisi Əflatun Piriyevin odlu silahdan açılmış atəşlə qətlə yetirilməsi, baş mühasib Əmiraslan Əhmədovun ağır yaralanması şok effekti yaratdı.
Hadisədə təqsirli bilinən şəxslər – Hümbət Məmmədov, Fərman Hacıyev, Tofiq Bəkirov, Sahil Şamilov, Şamil Şamilov, Vüsal Qurbanov həbs olunub və hazırda Bakı Ağır Cinayətlərə dair Məhkəmədə iş üzrə proses davam etdirilir…
Qətldən bir neçə ay əvvəl ofisin katibəsi niyə dəyişdirildi?
Əflatun Piriyevin qətli ilə bağlı qardaşı Ərəstun Piriyev “Azadlıq”a geniş müsahibə vermişdi. Müsahibəsində bir sıra mətləblərə toxunmuşdu. Sonradan Hümbət Məmmədov içəridən qəzetimizə məktub göndərərək Ərəstun Piriyevin dediklərinin həqiqətə uyğun olmadığını bildirdi.
Yenidən biz Ərəstun Piriyevlə əlaqə saxlayıb ona ünvanlanan ittihamlara aydınlıq gətirməsini xahiş etdik.
Ə.Piriyev deyir ki, qardaşı qətlə yetirilməzdən öncə səhəti ilə əlaqədar tez-tez ölkəni tərk edirdi: “Növbəti dəfə xaricə müalicəyə gedəndə (2011-ci ilin aprelində) Hümbət bundan istifadə edib ”Azər Ross IK” MTK-nın Səidə adlı katibəsini bir bəhanə ilə işdən çıxardıb, öz adamını təyin etdirdi. Çünki Səidə şirkətdə işləyəndə ofisə gələn bütün adamların adını qeydiyyat dəftərinə yazırdı. Hətta bir dəqiqəlik ofisə gələn olardısa, o da qeyd olunurdu. Yeni gələn şəxs isə onun əmisi nəvəsinin əmisi qızı idi. O, Hümbətin dediklərini edir və qeydiyyat aparmırdı. Səidənin işdən çıxarılmasından təxminən bir ay sonra qardaşım qətlə yetirildi. Çünki Hümbət Məmmədova ofisə gələnlərin hamısının qeyd olunması sərf etmirdi. Həmin ərəfələrdə qardaşımın qətlinə görə həbs olunan şəxslər də ofisə gəlirdi və Hümbət Məmmədovun otağında söhbət edirdilər”.
Hümbət Məmmədovun məktubunda Ərəstun Piriyevin Rizvan Vahabovla münasibəti olması barədə yazılanlara o, belə aydınlıq gətirdi: “Mənim Rizvan Vahabovla tanışlığım yoxdur. Bu adamı bircə dəfə olsun görməmişəm. Dediklərim Əflatundan eşitdiklərimdir”.
“Tahir Kərimov qardaşımın ona satdığı ”Lexus”un pulunu vermədi”
“Hümbət Məmmədov yazır ki, Novruz adlı şəxsi tanımır. Guya Novruz adında bir nəfəri tanıyır, o da Vaqif Məmişovun dayısıdır. Demək istəyirəm ki, Novruzu yaxşı tanıyır. Çünki Vaqifin dayısı olmayan o biri Novruz ”Aşqabadlı” ləqəbi ilə tanınır. Aşqabadlı Novruz Hüseynovla dostu Tahirin əliylə tanış olub. Onunla iş quraraq 1995-ci ildə 25 milyon manat (indiki pulla 5000 manat) bankdan iki dəfə əməliyyat edib. Birini aidiyyəti ünvana, o birini isə özü üçün. Çünki bir məbləği iki dəfə köçürəndə haqq-hesabda nəzərə çarpmır. Həm bundan, həm də ona edilən etibardan sui-istifadə edib. Sonra Hümbət yazır ki, Bakıya gələnə qədər Əflatunun heç nəyi olmayıb. Bildirmək istəyirəm ki, qardaşım Hümbəti tanımayana qədər Bakıda bağ evi, şəhərin mərkəzində iki mənzili, o dövrdə hər kəsdə olmayan “Mercedes” markalı avtomobili olub. Hümbət isə Bakıya gələndə ümumi həyətdə ikiotaqlı mənzili vardı. Əflatun Hümbəti tanıyana qədər 7 saylı beton zavodunun müdiri də, Kənd Tikinti nazirliyində şöbə müdiri vəzifələrində çalışıb. Üstəlik, “Avesta” konserinin vitse-prezidenti idi. Hümbət deyir ki, Əflatuna maşın verib. Bu ağ yalandır. Əksinə, Hümbətin qudası, hazırda Salyanın icra başçısı olan Tahir Kərimov Daşkəsənə başçı gedən zaman “Lexus” markalı avtobilini ona satıb. Pulunu verəcəyini desə də, indiyə kimi bir qəpik də verməyib”, – deyə Ərəstun Piriyev söyləyir.
“Hümbətin Tahir Kərimova verdiyi 400 min manat saxta sənədlərlə camaata satılan mənzillərin puludur”
Ərəstun Piriyev bizimlə söhbətində daha bir şok xəbər verdi: “Bizə çatan məlumatlara görə, Hümbət Məmmədov qardaşımın pullarını qaytarmamaq üçün onu öldürmək barədə düşünüb. Bu barədə vəkili Alovun münasibətini öyrənib. Vəkil də həm özünə zərbə dəyməsin, həm də məhkəmədə və başqa işlərdə Hümbətin ona verəcəyi pulları almaq üçün buna ”hə” deyib. Qardaşımda “Volbak” MMC-nin “Nizami”də tikdiyi binayla, onların Rizvanı aldatmasıyla bağlı hesabatlar vardı. Qardaşımı ofisdə öldürməyin səbəblərindən biri də o idi ki, sənədləri götürsünlər. Hümbət həbs olunan gün Alov mənə yaxınlaşıb dedi ki, Hümbətin ona 100 min dollar borcu var. Dedi ki, inciməyin, bunu etməliyəm. Özünü sığortalamaq üçün bunu edib”.
Ərəstun Piriyev deyir ki, qardaşı qətlə yetiriləndən sonra hadisə yerinə gələn Nərimanov rayon prokurorluğunun əməkdaşları onun əşyalarını götürdü: “Əşyaları içərisində qeyd dəftərçəsi də vardı. ”Papanin”dəki tikintiyə qədər bütün haqq-hesab orada öz əksini tapırdı. Kimə nə verib, hansı tikiliyə nə qədər xərcləyib qeyd olunmuşdu. Ancaq “Papanin” yox idi. Çünki “Papanin”dəki tikintiyə görə Hümbətin Əflatuna borcu vardı. Izi itirmək üçün bu kitabça yoxa çıxdı”.
Müsahibimiz vəkil Alov Səfərəliyevin açıqlamasına da münasibət bildirdi: “Alov deyir ki, 15 faiz onun qonorarıdır. Biz deyirik ki, Alov Rizvan Vahabovu məhkəmədə udmaq üçün Hümbətdən ümumi məbləğin 15 faizini tələb edib. Bunu etiraf edir. Rizvanla da Hümbət arasında 3 milyon dolların çəkişməsi gedirdi. Bu pulun 15 faizi 450 min dollar edir. Azərbaycanda hansı vəkil 450 min dollara iş görür? Bundan başqa, Hümbət sizə yazdığı məktubunda hər şeyə toxunsa da, Rizvan Vahabovun yaxını Sərdarla bağlı heç nə deməyib. Bildirmək istəyirəm ki, Hümbət Sərdarla birləşərək həm Rizvana, həm də qardaşıma atıb. Sərdar isə qudası Tahir Kərimovun yanına göndərib. Buna niyə aydınlıq gətirmir? Hümbət Məmmədov Tahir Kərimov Salyana başçı gedəndə ona 400 min manat verib ki, rayonda onlara da iş versin. Hümbətdə olan bu pul isə saxta sənədlərlə camaata satdığı mənzillərin puludur. Həmin şəxsləri də istintaq zərərçəkmiş şəxs kimi tanıyır”.
Ramin DEKO