PA rəhbəri «Elşad Abdullayev kabusu»nu iqtidardakı düşmənlərinə qarşı çevirir
Belə rəy yaradılır ki, baş verənlər ona qarşı rəqiblərinin işə saldığı plandır
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev dünən növbəti müraciətini yayıb. Bu dəfə o, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin onun barəsində dediklərinə cavab verib.
“Mənə qarşı yaradılan problemlərin səbəbkarı Ramiz Mehdiyevdir”, – deyə müraciət edən sabiq rektor daha sonra birbaşa PA rəhbərinin özünə xitabən yazır: “Hörmətli Ramiz Mehdiyev! Məni qəbul etmək Sizin şəxsi işiniz deyildir, vəzifə borcunuzdur. Uzun müddət dövlət qulluğunda işləyən ali dövlət vəzifəli şəxsin ”Elşad Abdullayev kimdir ki, mən onunla görüşəm”, fikrini başa düşmək olmur. Heç olmazsa Sizin 2 övladınızın həm MTN-də, həm də BDU-da müəllimi olmuşam”.
E.Abdullayev həmçinin haqqında bundan qabaqkı müraciətində bəhs etdiyi R.Mehdiyevlə görüşünün təfərrüatlarına toxunub. “Görüşün başlıca məqsədi oğurlanmış qardaşım Mahir Abdullayevin geriyə qaytarılması və deputat seçilməyimlə əlaqədar idi.
Ramiz Mehdiyev bildirdi ki, deputat keçmək üçün ya Kürdəmirdə, ya da Gəncədə orta məktəb tikib təhvil verməlisən və telefonla həmin şəhərlərin icra başçılarına mənim barəmdə göstəriş verdi. Daha sonra məni birinci mərtəbədə Gülər Əhmədova və Sevinc Babayeva gözləyirdi. Video görüntülərdə olduğu kimi, bu andan mənə qarşı “Gülərqeyt” terroru başladı. Bir hüquqşünas kimi uzun müddət apardığım müşahidələrlə müəyyən etmişdim ki, artıq bu adamlara nəyisə sübut etmək mümkün deyil.
Buna görə də məcburiyyət qarşısında qalıb mənim üstümə gələn mütəşəkkil cinayətkar təşkilatın video görüntülərini qeyd etdim. Bu günə qədər 3 videogörüntü yayımlanıb. Həmin videogörüntülərə hüquqi qiymət vermək əvəzinə hörmətli Ramiz Mehdiyev məni təhdid edir”.
E.Abdullayev rektoru olduğu ABU-nu PA rəhbərinin onun əlindən almaq istədiyini də iddia edir: “Ramiz Mehdiyev mənə tapşırdı ki, heç bir elmi dərəcəsi və heç bir elmi məqaləsi olmayan yaxın qohumu Fikrət Əliyevi Azərbaycan Beynəlxalq Universitetinə prorektor təyin edim, bir müddətdən sonra özüm rektor qalmaq şərti ilə, ABU-nun təsisçiliyini Fikrət Əliyevə təhvil verim”.
Məktubunun sonunda E.Abdullayev ölkə başçısının R.Mehdiyevi istefaya göndərməli olduğunu yazıb.
Ramiz Mehdiyevin Elşad Abdullayevin bundan əvvəlki müraciətinə cavabından sonra mətbuatda PA rəhbərinin mövqeyini əks etdirən yazılar və xəbərlər dərc olunmağa başlayıb. Bu da səbəbsiz deyil. Ramiz Mehdiyev hesab edir ki, hakimiyyətdəki rəqib qruplaşma Elşad Abdullayevdən ona qarşı istifadə edir. PA rəhbəri bu məsələ ilə bağlı hər iki açıqlamada Elşad Abdullayevdən ona qarşı istifadə edildiyinə işarə vurub.
Hazırda Elşad Abdullayevlə bağlı məsələdə əsasən aşağıdakı məqamlar qabardılır:
1. Sabiq rektor ifşa kampaniyasını Fransadan aparır. Fransa ilə Azərbaycan arasında isti münasibətlər var və bu münasibətlərin təməli Heydər Əliyevin dövründə qoyulub. Indi də Azərbaycanın, daha dəqiqi hakim ailənin Fransa siyasi dairələri ilə sıcaq ilişgiləri mövcuddur. Bu halda Fransanın hakimiyyəti ifşa edən Elşad Abdullayevi himayə etməsi başadüşülən deyil.
Məlumat üçün deyək ki, Ilham Əliyevin xanımı, deputat Mehriban Əliyeva Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəridir. Fransa məsələsinin qabardılması da əslində baş verənlərdə Paşayevlərin maraqlı olduğuna eyham edilir.
2. Elşad Abdullayev qardaşı ilə bağlı məsələyə görə hakimiyyətin üzərinə yeriyir. Azərbaycan reallığında ifşaedici açıqlamalarına görə onun ölkədəki yaxınları təzyiqlərə məruz qalmalı idi. Amma bunun əksi baş verir. Elşad Abdullayevin yaxınlarına nəinki təzyiq edilir, hətta ona qardaşı Elsevər Abdullayevin Baş Prokurorluqda vəzifə tutmasına belə, göz yumulur.
Yenə də baş verənlərin hakimiyyətdə hansısa qüvvələrə lazım olduğu təəssüratı yaradılır.
3. Ramiz Mehdiyevin Şah Ismayıl Xətai barədə yazdığı məqalədə onun gündəmə gələn Iran məsələsində Qərbə jest etməsi iddia olunur. Bu məqam PA rəhbərinin sığortası kimi dəyərləndirilə bilər.
Beləliklə açıq-aydın görünür ki, Ramiz Mehdiyev özünü qorumaq üçün bu tip yazılarla ictimaiyyətə baş verənlərin pərdəarxası məqamlarını açmaq xəttini tutub. Prosesin gedişatı göstərir ki, PA rəhbəri bu məsələdə daha da konkretliyə vara bilər.