Kamran Balayevin vəkili mülk qalmaqalının bəzi detallarını açıqladı
Milli Məclisin spikeri Oqtay Əsədovun və xanımı Zemfira Əsədova ilə kürəkənləri Kamran Balayev arasında mülk davası olması barədə məlumat vermişdik. Bildirmişdik ki, Kamran Balayev xanımından boşanma mərhələsindədir. Hazırda bu iş məhkəmədədir. Əsədovlar ailəsi isə Kamran Balayevə məxsus əmlakı keçirməyə çalışırlar. Oqtay Əsədov bu məsələdə kürəkəninə ciddi təzyiqlər edir.
Təzyiqlər o həddədir ki, Kamran Balayev ölkəni tərk edərək Ingiltərəyə qaçmaq məcburiyyətində qalıb. Bu məlumatlarla Oqtay Əsədovun mövqeyini öyrənə bilməsək də, Kamran Balayevin vəkili Adəm Məmmədovla danışmışdıq. O, məlumatı təsdiq etsə də, təfərrüatları barədə danışmaq istəməmişdi.
Lakin bu günlərdə o, “Təzadlar” qəzetinə müsahibəsində bəzi təfərrüatları açıqlayıb. Adəm Məmmədov bildirib ki, Kamran Balayevlə Oqtay Əsədovun qızı 2002-ci ildə rəsmi nigaha giriblər. Onların boşanmaq istəmələrinə gəlincə vəkil deyib: “Mən Əsədovlar ailəsi adından Səbail rayon Məhkəməsinə nigahın pozulması haqqında təqdim edilən iddia ərizəsinə əsasən deyə bilərəm ki, xarakterlərinin uyğun gəlməməsinə görə ayrılmaq qərarına gəliblər.
Ayrılma məsələsi hələ tam baş verməyib. Bunun təfərrüatları barədə hələ geniş açıqlama vermək istəmirəm. Amma gələcəkdə ola bilsin sizə bu barədə ətraflı məlumat verərəm”.
Adəm Məmmədov daha sonra Əsədovların Kamran Balayevin mülkünü ələ keçirmə barədə danışıb: “Təxminən hardasa 10 gün bundan əvvəl mənim yanımda Kamran Balayevə Bakının rayonlarının birinin polis idarəsində sahə müvəkili işləyən bir nəfər zəng edərək onun idarəyə gəlməli olduğunu bildirdi. O da bildirdi ki, mənim vəkilim var, bütün məsələləri o həll edir. Nə sözünüz varsa, dəvət edib, ona deyə bilərsiniz. Mən dərhal həmin telefon nömrəsini Kamrandan götürüb, həmin sahə müvəkkilinə zəng etdim. Və axşam saat 5-6 arasında idarəyə gələcəyimi bildirdim.
Görüşün vaxtına bir müddət qalmış həmin polis Kamran Balayevə bir də zəng etdi və bildirdi ki, idarənin rəhbərliyi onunla görüşmək istəyir. Kamran müəllim bir daha bildirdi ki, bütün bu məsələləri o vəkilinə həvalə edib. Nə sözü varsa, qoy vəkilimə desin.
Bildirdilər ki, Kamran Balayevin keçmiş həyat yoldaşı onun barəsində şikayət ərizəsi verib. Və ona görə də xahiş edirlər Kamran müəllim idarəyə gəlsin. Kamran müəllim bir daha bildirdi ki, onun vəkili var, bütün hüquqi məsələləri yalnız onunla danışmaq lazımdır. Artıq mən polis əməkdaşları ilə görüşə hazırlaşırdım. Bu zaman məlumat daxil oldu ki, polislər öz səlahiyyət hədlərini aşaraq heç bir məhkəmə qərarı olmadan, Konstitusiyanın 13-cü maddəsini, yəni vətəndaşın mülkiyyətinin toxunulmazlıq hüququnu pozaraq Kamran Balayevin evinin qapısını sındıraraq, evə daxil olublar. Təsadüfən həmin anda evdə heç kəs olmayıb.
Məqsəd həyat yoldaşının iddiası əsasında, heç bir məhkəmə qərarı olmadan evə daxil olub, Kamran Balayevi mülkiyyət hüququndan məhrum etmək olub. Qapının qıfılını dəyişdirib, evə tam sahiblənmək və Kamran Balayevi evə buraxmamaq məqsədi ilə bu qanunsuz addımlara əl atılıb.
Ev birgə nikah dövründə əldə olunub və ərlə arvadın birgə mülkiyyəti sayılır. Qanunvericiliyə görə də birgə nikah dövründə əldə olunmuş mülk, əmlak yalnız məhkəmə qərarı ilə bölünə bilər. Burada isə adi mülki iş olmasına baxmayaraq, polislər şəxsi mənzilə müdaxilə etmişlər. Aydın məsələdir ki, polislər bunu özbaşına etməyiblər, onları bu işə qoşan var. Bu, qanunvericilik hakimiyyətinin rəhbəri Oqtay Əsədovun göstərişi ilə baş vermişdi və ona görə də polislər özbaşınalıq edərək, mənzilin qapısını sındırıb, içəri daxil olmuşdular. Özü də bu qanunsuz işə Oqtay müəllim Milli Məclisin mühafizə xidmətinin əməkdaşlarını da cəlb etmişdi”.