Hacı İbrahimin şərikinin qətlinin təfərrüatları “Azadlıq”da
Hacı İbrahim və Əflatun Piriyevə pul atan Hümbət Məmmədov Salyanın icra başçısına 400 min manatı nə üçün verib?
başlanğıcı ötən sayımızda olub (bu yazının sonunda verilib)
Hümbət Məmmədov Rizvan Vahabovu məhkəmədə necə uddu?
“Volbak” MMC-nin metronun “Nizami” stansiyasının yaxınlığında tikdiyi 7 mərtəbəli binanin bütün mənzillərini Hümbət Məmmədov sataraq mənimsədiyindən sonra (yalnız bir mənzili Əflatun Piriyev satıb- R.D) Əflatun Piriyev onunla belə razılığa gəlir ki, “Papanin”də tikilən 8 korpuslu binada bunun əvəzini çıxar. Belə ki, sözügedən ünvanda tikilən binalarda 40 faiz Hacı Ibrahim Ibrahimlinin, 40 faiz Hümbət Məmmədovun, 20 faiz isə Əflatun Piriyevin idi. Binanı isə “Azər-Ross IK” MTK tikirdi. “Nizami”dəki tikilidən Əflatuna çatacaq 1 milyon 240 min manat buradakı binadan satılacaq mənzillərdən veriləcəkmiş. Hümbət də səs-küy olmasın deyə razı olur. Əflatun Hümbətin Rizvana atdığı pulu isə öz aralarında həll etməyi öz ixtiyarlarına buraxır. Bu məsələ həll olunmadığı üçün Rizvan Vahabov onu məhkəməyə verir. Ortalıqda 2 milyon manatdan çox pulun söhbəti gedirdi. Hümbət Alov adlı şəxsi özünə vəkil tutur. Məlumatlara görə, vəkil Hümbətə məhkəmədə prosesi udmaq üçün ortalıqdakı pulun 15 faizini istəyir. Hümbət dərhal razılaşır və məhkəməni udur.
Hümbət Məmmədov “Papanin”də bina tikintisində Əflatuna olan borcunu qaytarmır. Əksinə, mənzilləri satır. Əvvəlcə 18 mənzil satır. Sahiblərinə sənədlərini qaydasında verir. Ancaq pulu kassaya köçürmür. Üstündən az keçməmiş Əflatunun müalicə üçün xaricdə olmağından istifadə edərək daha 14 mənzil satır. Bu dəfə başqa adlarla. “Gənclik”də tikintini “Azər-Ross” həyata keçirirdisə, buradakı tikili “Azər-Ross IK”-ya məxsus idi. Adlar çox oxşar olduğundan vətəndaşlar möhürə o qədər də diqqət etmirlər. Bundan başqa, Hümbət mənzilləri satmaq üçün daha iki saxta möhür düzəltdirir. Möhürün ölüçüləri də fərqli olur. Biri o birindən 0.5 mm böyük olur. Əflatun Piriyev ölkəyə qayıdandan sonra sırf təsadüf nəticəsində məsələnin üstü açılır. Bütün tikinti işlərinə nəzarət edən Əflatun Piriyevin yanına gələn binadan mənzil alanlardan biri tikinti işlərinin nə yerdə olduğunu soruşur. Ondan sənəd tələb edən Əflatun möhürün və müqavilənin saxta olduğunu aşkarlayır. Məlum olur ki, Hümbət 14 mənzili satarkan həm xəzinədarın, həm mühasibin, həm də başqa şəxslərin yerinə imza atıb və möhür də saxta imiş. Pullardan isə bir manat da kassaya köçürməyib. Şirkətin adına ləkə gəlməsin deyibən, Əflatun saxta sənədləri qanuniləşdirir. Düşünür ki, problemi Hümbətlə öz aralarında həll edə biləcək…
Əflatun Piriyev öldürməkdə məqsəd nə idi?
Beləliklə, Hümbət Məmmədov “Papanin”də tikilən binalardan 32 mənzili sataraq ümumilikdə 3 milyon 560 min manatı mənimsəyir. Bütün işə məsul olan Əflatun Piriyev problemi yoluna qoymağa çalışır. Belə ki, tikintinin sürətlə getməsi üçün Əflatun qohumlarının və dostlarının köməkliyi ilə Rusiyada yaşayan azərbaycanlıları işə cəlb edir ki, tikinti işləri sürətlə getsin. Yəni onlar binadan mənzil alsınlar, əllərində pul olsun və bütünlükdə korpuslar başa çatdırılsın. Ancaq Hümbətin belə addım atması işləri ləngidir. Buna baxmayaraq Əflatun Hümbətlə söhbət edərək, götürdüyü pulları geri qaytarmağı tələb edir. Çünki binadan mənzil alanlar tikinti işlərinin tez başa çatdırılmasını tələb edirlər. Hümbət Məmmədov bir neçə dəfə Əflatun Piriyevə pulları qayataracağına söz versə də, vədinə xilaf çıxır.
Hümbətin bu hərəkətlərindən Hacı Ibrahim Ibrahimlinin xəbəri olmur. Əflatun problemi ona danışmaq istəmir. Çünki Hacı Ibrahim Ibrahimli problemi hüquqi müstəvidə həll edəcəyini bilir. Əflatun daha çox Hümbətlə söhbət edib məsələni həll etmək istəyir.
“Əflatun deyirdi ki, Hacı Ibrahim Ibrahimli problemi bilsə, Hümbəti məhkəməyə verəcək. Əflatun isə kirvəsiylə üz-üzə gəlmək istəmirdi. Deyirdi ki, 5 nəfər bizə haqq qazandırsa da, 95 nəfər qınayacaq. Camaatdan ayıbdı. Deyəcəklər ki, qohumlar problemlərini məhkəməyə aparıblar”,- deyə Ərəstun Piriyev bildirir.
Əflatun Piriyev tikinti işlərinin sürətlə getməsi üçün yenidən Hümbətlə söhbət edir və nəticəsi olmur.
Hümbət Məmmədov Hacı Ibrahim Ibrahimlidən yayınmaq üçün Əflatun Piriyevi öldürməyi qərara alır. Düşünür ki, onu öldürsə, bütün yeyintiləri mərhumun üstünə qoya biləcək. Və beləliklə, “Avesta”nın rəhbərinə hər şeyi “sübut” edəcək…
Hümbət Məmmədov mənimsədiyi pulları hara yatırıb?
Əməliyyat gedir və Hümbət Məmmədov məsələni yoluna qoymaq üçün Rusiya vətəndaşı Tofiq Bəkirovu Bakıya dəvət edir. Onlar may ayının sonlarında görüşüb, qətlin ilkin olaraq 30 min dollar müqabilində həyata keçirilməsinə razılaşırlar. Öz növbəsində, Tofiq Bəkirov sifarişin yerinə yetirilməsini həmyerlisi Fəriman Hacıyevə tapşırır, sonuncu isə cinayətin icrasına tanışları Sahil və Şamil Şamilov qardaşlarını cəlb edir. Adları çəkilənlər qətlin planını hazırlayaraq Əflatun Piriyevin hərəkət marşrutunu izləyib, ofisini və yaşadığı ünvanı nəzarətdə saxlayıb, iyulun 11-də isə aldatma yolu ilə iş otağına daxil olub onu qətlə yetirir, Əmiraslan Əhmədovu ağır yaralayaraq hadisə yerindən qaçırlar.
Məlumatlara görə, hadisəni törədən Ramil Hacıyev (Fəriman Hacıyevin qardaşı – R.D.) olaydan sonra ölkəni tərk etməli olur. Deyilənlərə görə, Rusiyaya qaçıb, ancaq az keçməmiş başqa bir cinayətə – adam oğurluğuna görə həbs olunub. Əflatun Piriyev öldürüləndən sonra Fəriman Hacıyev Hümbətdən əlavə 6 min dollar tələb edir. Çünki mərhumu qətlə yetirən zaman şirkətin mühasibini də ağır yaralayıb.
Məlumatlara görə, Hümbət Məmmədov Əflatun Piriyevə atdığı milyonları başqa işə yatırım edir. Sumqayıtda 1 milyon manata Şüşə zavodu, Dubayda və Moskvada ev tikintisinə 2 milyon manat, Rumıniyada və Ukraynada biznes qurmaq üçün milyona yaxın yatırımlar ayırır. Bakıdakı tikinti işlərindən fərqli olaraq qeyd olunan ünvanlardakı biznesinə nəzarət edir.
Tahir Kərimovla Hümbət Məmmədovun iş birliyi
Hümbət Məmmədovun biznes fəaliyyəti bununla bitmir. Belə ki, o, hazırda Salyanın icra başçısı olan Tahir Kərimovla da iş birliyi qura bilib. Belə ki, sözügedən şəxslər həm də qudadırlar. Tahir Kərimov hələ Daşkəsənin icra başçısı olan zaman Hümbət Məmmədov qudasının əliylə dövlət büdcəsi hesabına 10 köhnə binanın təmir olunmasını və Daşkəsən rayon Polis Idarəsinin tikilməsini tenderdə udur. Tahir Kərimov Salyana getdikdən sonra Hümbət Məmmədov “Azər-Ross”dan saxtakarlıqla əldə etdiyi 400 min manatı ona “hədiyyə” edir. Bu nəcibliyin qarşılığında Salyanda quruculuq işlərində ona pay ayrılmasını dolayı yolla tələb edir.
Hümbət Məmmədov “Nizami”dəki bina tikilən zaman Rizvan Vahabovun yaxın qohumu olan Sərdarla isti münasibətlər qurduğu üçün onu Salyana da göndərməyə nail olur. Hazırda Sərdar Tahir Kərimovun rayonda tikinti işlərini həyata keçirən şəxslərdən biridir. Indi maraqlı sual ortaya çıxır. Sərdarla Tahir Kərimovu hansı tellər bağlayır. Bu özü sübut edir ki, Rizvan Vahabova və Əflatun Piriyevi aldatmaqda Hümbətə köməklik edən Sərdar bunun müqabilində mükafatlandırılır və Hümbətin qudasının yanında yaxşı biznes əldə edir.
Hümbət Məmmədovun qətldə adı hallanandan sonra məhkəmə onun 8 mülkünə həbs qoyur. Yalnız Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən 7 mərtəbəli bina və Zərifə Əliyeva adına parkın yaxınlığında tikintisi gedən şadlıq evi bu həbsdən “canı”nı quratara bilir. Şadlıq evinin olay olan gündən tikintisi dayandırılmışdı. Son iki ayda yenidən iş başlanıb.
Ramin DEKO
***
01.12.2012
«Azər-Ross»un rəhbəri Əflatun Piriyevin qətlinin şok təfərrüatları «Azadlıq»da
Biznesmeni kirvəsi necə öldürdü?
2011-ci ilin iyulun 11-də saat 13 radələrində Bakıda törədilən bir qətl hadisəsi ölkə gündəmini dəyişdi. Belə ki, paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində bu qurumun təsisçisi Əflatun Piriyevin odlu silahdan açılmış atəşlə qətlə yetirilməsi, baş mühasib Əmiraslan Əhmədovun ağır yaralanması çoxlu mülahizələrə yol açdı. Hər kəs bir söz dedi, hər kəs birini ittiham etdi.
Olayın üstündən il yarımdan artıq zaman ötüb. Hadisədə təqsir bilinən şəxslər – Hümbət Məmmədov, Fərman Hacıyev, Tofiq Bəkirov, Sahil Şamilov, Şamil Şamilov, Vüsal Qurbanov həbs olunub və hazırda Bakı Ağır Cinayətlərə dair Məhkəmədə iş üzrə proses davam etdirilir.
Ötən gün mərhumun qardaşı Ərəstun Piriyevlə hadisə olan ünvanın yaxınlığındakı ofisdə görüşüb, olayın təfərrüatlarını öyrəndik.
Hümbət Məmmədovun maliyyə əməliyyatları…
Hadisə necə oldu baş verdi? Bu suala aydınlıq gətirmək üçün Ərəstun Piriyev bir az keçmişə qayıtmalı oldu. Çünki qardaşının ölümündə əli olan dəstənin bir üzvü – Hümbət Məmmədovun Əflatun Piriyevlə şərikli biznesi olub. Hümbət Məmmədovla mərhumun necə tanış olması uzun bir tarixçədir. Biz də yazımıza bu tarixçədən başlayırıq…
Əflatun Piriyev 1962-ci ildə Gürcüstanın Qardabani rayonunun Nəzərli kəndində anadan olub. 1979-cu ildə 7 saylı Dəmir-Beton Zavodunda fəhlə kimi işə başlayıb və sözügedən zavodda müdir vəzifəsinə qədər yüksəlməyi bacarıb. Sonradan Kənd Tikinti Nazirliyində (KTN) şöbə müdiri olub. Nazirlik indiki Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin binasında yerləşirdi. SSRI dağılma ərəfəsində olduğundan işçilərin maaşını verməkdə də çətinlik yaranmışdı. Çıxış yolu kimi Əflatun Piriyev KTN-in balansında olan binanın bir neçə ofisini kirayəyə verməli olur. Ofisi kirayələyənlərin sırasında Hümbət Məmmədov da olur. Elə buna görə onlar tez-tez görüşməli olurlar. Hümbət Məmmədov gürcüstanlı yerliləri ilə iş qurduğu üçün Əflatun Piriyev kirayə verdiyi ofisdən istifadə edib. Bir müddət sonra isə H.Məmmədovun şərikləri ilə qurduğu biznesi iflasa uğrayır. Bu zaman onun Murad adlı bir adama 5 min dollar və başqa şəxslərə borcu olubmuş. Biznes çökəndən sonra Hümbət Məmmədovun borcu olduğu adamlar ondan pulunu tələb edir. O isə ölkəni tərk etmək məcburiyyətində qalır. Rusiyaya getmək üçün Əflatun Piriyevlə görüşür və ona bildirir ki, yol pulu üçün ağız açdığı qohum-əqrəbaları ona kömək etmir. Mərhumun isə Hümbət Məmmədovun borclarından xəbəri olmayıb. Beləliklə, Ə.Piriyev ona maddi yardım edir. Məmmədov Rusiyaya – Sankt-Peterburqa gedir. Orada həyat yoldaşının qohumu olan iş adamı Vaqif Məmişovla görüşür və Azərbaycanda biznes işləriylə məşğul olduğunu bildirir. Buna inanan Məmişov Məmmədovu yanında işə götürür və biznesinin maliyyə məsələlərini ona həvalə edir. Hümbət Məmmədovun Sankt-Peterburqa getməsindən xəbərdar olan Murad pulunu almaq üçün onun yanına gedir. Məmişovun ofisində əmisiylə görüşür və Hümbət Məmmədovun onun başına gətirdiklərini danışır. Bu söhbət Vaqif Məmişova çatır və o, adamlarına əmr edir ki, Məmmədovun işini təftiş etsinlər. Onun işi yoxlanılarkən ortaya külli miqdarda maxinasiyalar çıxır. Məlum olur ki, Hümbət Məmmədov pul köçürmələrini ikiqat edirmiş. Belə ki, o, hər hansı bir yerə pul köçürərkən həmin məbləğ qədər başqa ünvana da yatırım edirmiş. Sonuncu ünvan özünə aid imiş və Volqoqradda yerləşirmiş. Bunun üstü açıldığı üçün Vaqif Məmişov Hümbət Məmmədova verdiyi evi əlindən alır və 24 saat ərzində Sankt-Peterburqu tərk etməyi əmr edir. Məlumat üçün bildirək ki, Hümbət Məmmədovun Bakıdakı şərikləri ilə işlətdiyi biznesin çökməsinə də Vaqif Məmişova qarşı etdiyi həmin əməliyyat səbəb olub. Bakıda da Novruz adlı şərikinə qarşı bu cür addımlar atıb – “ikili köçürmə”lər edib.
250 min dollarlıq yatırım haradan idi?
Hümbət Məmmədov Sankt-Peterburqdan Volqoqrada gəlir. Əldə etdiyi pullarla Gürcüstanın Qaraçöp mahalından olan iş adamlarıyla iş qurmağa başlayır. Bu işdə də Əflatun Piriyevin adından yararlanaraq onun qohumlarından istifadə edir. Daha sonra Hümbət Məmmədov özünə “krışa” axtarmağa məcbur olur. Biznesini idarə etmək üçün FSB-nin əməkdaşlarıyla sıcaq münasibətlər qurmağa başlayır. Volqoqradda bir müddət işləyə-işləyə Bakıyla maraqlanır. Burada olan tanışlarla bağlı “kəşfiyyat” aparır. Ona sərfəli olan şəxs isə təbii ki, Əflatun Piriyev idi. Bir müddət keçəndən sonra Volqoqraddakılara atıb Bakıya gəlir. Paytaxtda olanda Əflatuna yaxınlaşmaq üçün bir məqam axtarır. Mərhumla kirvə olmaq üçün bir neçə dəfə Piriyevlə söhbət edir. Əflatun isə bu qohumluğa razı olmur. Hər dəfə bir bəhanəylə söhbətdən yayınır. Nəhayət, sonda istəyinə nail olur. Hümbət Məmmədovun Gürcüstanda yaşayan valideynləri Bakıya gəlir. O, Əflatun Piriyevin evinə gələrək yeni aldığı mənzilinə Piriyevləri ailəlikcə dəvət edir. Əflatun Piriyev Məmmədovların mənzilinə gedir. Hümbət Məmmədovun atası orada elan edir ki, nəvəsi sünnət olunacaq, Əflatun da kirvə olmalıdır. Yaşlı kişinin sözündən çıxa bilməyən Əflatun Piriyev kirvə olmağa razılıq verir. Bu işdən bir müddət sonra Hümbət Məmmədov Rusiyaya gedir, az keçməmiş yenidən ölkəyə qayıdır. Əflatuna Rusiyada problemlər yaşadığını deyir. Burada iş görmək üçün ona kömək etməyi xahiş edir. Bildirir ki, yaxşı pulu da var. Əflatun ona deyir ki, Azərbaycanda ən yaxşı biznes tikinti ilə məşğul olmaqdı. Pulunun bir hissəsinin Rusiyada olduğunu deyən Hümbət Məmmədov ilkin olaraq 250 min dollar yatırım qoya biləcəyini deyir və razılıq əldə olunur.
Hümbət Məmmədov Hacı Ibrahim Ibrahimliylə Əflatun Piriyevi necə aldatmaq istəyir?
Əflatun Piriyev buna qədər artıq “Avesta” konsernində vitse-prezident idi. 7 saylı Dəmir-Beton Zavodunun bir hissəsini özəlləşdirmişdi. Qalan hissəsini Hacı Ibrahim Ibrahimli özəlləşdirmişdi. Elə o zamandan qətlə yetirilən günə qədər “Avesta”nın vitse-prezidenti vəzifəsini icra edib.
Nə isə… Iş görmək üçün Əflatun Piriyev Hümbət Məmmədovu Hacı Ibrahim Ibrahimli ilə tanış edir. Beləliklə, ilk işləri metronun “Gənclik” stansiyasının yaxınlığında 3 bloklu 12 mərtəbəli bina tikmək olur. Tikintidə 20 faiz Əflatun Piriyevin, 40 faiz Hümbət Məmmədovun, 40 faiz Hacı Ibrahim Ibrahimlinin olur. Tikinti işini “Azər-Ross” MTK həyata keçirir. MTK-nın sədri isə Əflatun Piriyev olur. Tikintinin elə ilk ayındaca binadan bir neçə mənzil satılır. Hümbət Məmmədov üç ay ərzində yatırıma qoyduğu 250 min dolların bir neçə qatını çıxarır.
“Gənclik”dəki tikinti işi gedə-gedə başqa bir ünvanda, metronun “Nizami” stansiyasının yaxınlığında yeni bir bina üçün işə başlanılır. Belə ki, Hacı Ibrahim Ibrahimli Əflatun Piriyevlə Hümbət Məmmədovu iş adamı Rizvan Vahabovun yanına göndərir. Rizvan Vahabovun “Nizami”də bina tikintisi üçün yeri və icazəsi vardı. Hümbət Məmmədov gizlincə Rizvan Vahabovla təkbətək görüşərək tikintini şərikli aparmağı təklif edir. Bu xəbər Hacı Ibrahim Ibrahimliyə çatır. “Avesta”nın rəhbəri Əflatun Piriyevə zəng edərək kirvəsinin belə bir iş tutduğunu, gizlincə danışıqlar apardığını deyir. Əflatun Piriyev öz növbəsində Hacı Ibrahim Ibrahimliyə bildirir ki, bu məsələni araşdıracaq. Hümbət Məmmədovla danışan kirvəsi etdiyi hərəkətin düzgün olmadığını bildirir. Məmmədov Piriyevə özünü sığortalamaq üçün deyir ki, Hacı Ibrahim Ibrahimli ilə görüşüb tikintidə ona 25 faiz payının olduğunu deyəcək. Əflatun Piriyev yenidən “Avesta”nın rəhbəriylə görüşüb məsələni yoluna qoymağa çalışır. Hacı Ibrahim Ibrahimli Əflatuna görə məsələnin dərinliyinə getmir və Hümbət Məmmədovun bu hərəkətini bağışlayır. Hacı Ibrahim Ibrahimli “Nizami”də başlanılacaq tikinti işindən geri çəkilir. Və oradakı işə 25 faiz Əflatun Piriyev, 25 faiz Hümbət Məmmədov, 50 faiz Rizvan Vahabov olmaqla şəriklik edirlər. Problemlər də elə buradan başlayır.
Sözügedən ünvanda tikilən bina “Volbak” MMC-nin olub və 7 mərtəbəli bina tikilməsi nəzərdə tutulub. Buranın da rəhbəri Əflatun Piriyev olub. Hümbət Məmmədov Rizvan Vahabovun tikinti işinin üstünə təyin etdirdiyi yaxın qohumu Sərdar adlı şəxslə isti münasibətlər qurur. Və Əflatun Piriyevlə Rizvan Vahabova atmağa başlayır. Belə ki, Sərdarla Hümbət tikinti işinə sərf olunan pulların hesabatını hazırlayıb Əflatuna təqdim edirlər. Əflatun Piriyev hesabatda maxinasiyaların olduğunu o an hiss edir. Hesabatın üzünü çıxardaraq imza atmadan geri qaytarır və deyir ki, vaxt olanda baxacaq. Bir müddət keçəndən sonra ona ikinci hesabat təqdim olunur və bunda da maxinasiya olduğunu bilən Əflatun Piriyev yenidən hesabatın üzünü çıxarıb imza atamadan geri qaytarır.
Əflatun Piriyev ölkədə olmayanda – səhhəti ilə əlaqədar müalicəyə gedəndə Hümbət Məmmədov binadakı mənzilləri satır. Pulları isə kassaya köçürmədən mənimsəyir. Ölkəyə qayıdandan sonra Əflatun Piriyev məsələdən hali olur. Məlum olur ki, “Volbak” MMC-nin tikdirdiyi binada satılmayan cəmi iki mənzil qalıb. Əflatun Piriyev bu iki mənzilin birini qızı, o birini də oğlu üçün saxlayır. Ikinci dəfə ölkəni tərk edib müalicəyə gedəndə Hümbət Məmmədov mənzillərin birini də satır. Geri qayıdandan sonra Əflatun Piriyev vəziyyətin dözülməz olduğunu görür və düşünür ki, belə getsə, Hümbət “Nizami”dəki sonuncu mənzili də satacaq. Çarəsiz qalıb sonuncu mənzili özü satır. Burada tikilən bütün mənzillərin və qeyri-yaşayış sahəsinin pulunu Hümbət Məmmədov yeyir…
ardı var…
Ramin DEKO
Növbəti sayımızda:
* Əflatun Piriyevlə Rizvan Vahabovun haqqını yeyən Hümbət Məmmədov sonradan hansı addımları atır?
* Hümbət Məmmədovun Salyanın icra başçısı Tahir Kərimovla hansı əlaqəsi var?
* Hümbət Məmmədov Əflatun Piriyevi öldürtmək üçün hansı addımı atdı?
Bu və başqa sualların cavabını “Azadlıq”ın sabahkı sayında oxuya bilərsiniz…