Bildiyiniz kimi qəzetimizin yayımı ilə bağlı ciddi problemlər var.”Qasid” yayım firması “Azadlıq” qəzetinin nüsxələrini satsa da, uzun müddət ərzində pulumuzu vermədiyindən müxtəlif yollarla qəzetimizi yaymağa çalışırıq.
Bəzi şəxslər Bakıda bizə bu işdə kömək göstərməyə çalışdılarsa da, onlar polisin təqibləri ilə üzləşdiklərinə görə paytaxtda bu işi görmək mümkün olmadı.
Son dövrlərdə bəzi dostların köməyi ilə “Azadlıq” qəzetinin nüsxələrini rayonlara aparmaqla yaymağa şalışırıq.
Çox təəssüf ki, bizə bu işdə də problem yaratmaq üçün hər cür qanunsuzluqlara əl atılır.
Yenə də bu işdə polislərin fəal iştirakı təmin olunur.
Bir müddət idi ki, qəzetimizin bəzi rayonlara çatdırılmasında oxucumuz Sahil Eminov fəal iştirak edirdi.
Qəzetimizin yayılması hökumət dairələrini görünür o qədər narahat edir ki, bizə hər cür problemlər yaratmaqdan çəkinmirlər.
Bir neçə gün əvvəl növbəti dəfə Sahil Eminov qəzetin nüsxələrini işi ilə bağlı getdiyi rayonlara çatdırmaq üçün aparanda polislərin ciddi təzyiqi ilə üzləşib.
Özünün dediyinə görə,”Azneft” deyilən yerlə hərəkət edərkən polislər maşınını saxlayıblar və maşının arxa oturacağında olan qəzetləri götürüblər.
Bu zaman polislər onunla kobud rəftardan belə çəkinməyiblər.
S.Eminovun dediyinə görə onu narkotiklə həbs edəcəkləri ilə hədələyiblər.
Müxalif şəxslərə qarşı narkotika ittihamı tez-tez tətbiq edildiyindən bu hədənin real olduğunu hesab etmək təəssüf ki, çox çətin deyil.
Tamamilə leqal olaraq dərc edilən qəzetin yayılmasına belə maneələr qanunsuzluqdan başqa bir şey deyil.