Milli Şuranın sədri, professor Cəmil Həsənli
Çox hörmətli Ali İsa Jabbarov bəy mənim onun Vaqif Mustafazadə ilə bağlı postuna yazdığım yazıya belə bir şərh yazıb.
“Cəmil müəllim diqqətinizə görə təşəkkür indi qısa yazım. Mövqeyiniz siyasi pozisiyanızın təzyiqi nəticəsində formalaşıb. Mənim pozisiyam isə onun haqda film üzərində işlərkən hımkarlarından aldığım infoya əsasən. Sizi yazmağa məcbur edən Əliyev məsələsidi. Ardıcıl anti-əliyevçi kimi siz Mustafazadə məsələsində faktları tarixdən poza bilməzsiniz. O cümlədən Əliyevin o zaman ziyalılara münasibətdə vulqar bolşevizmdən uzaq daha praqmatik mümasibətini də. Ona görə də ” Qobustan” jurnalı da var idi , Qarayevin fəxri adı da, “İstintaq” filmi də və s. Əliyev Nərimanovdan qalma suveren milli sosializmin tərəfdarı idi və humanitar sahədə də bunu edirdi. Statusda dediyiniz hallar ümumi kampaniya idi və daha çox erkən 60lara aid idi. Mustafazadəyə ünvanlı təzyiq deyildi. Yeri gəldi deyim , son dövrlər Sizin siyasi baxışlarınızın elmi yanaşmanı redaktə etməsi tendensiyasi ilk deyil. Tez tez rast gəlirəm buna . Müasir siyasi proseslərin şərhində də. Sizə və ailənizə edilən hər hansı cinayət tarixi proseslərə elmi yanaşmağa mame olmamalıdı. O cümlədən Əliyevin Mustafazadənin ad günündə müsbət fonda xatırlanan adı qıcıq doğurmamalıdı. Ortada fəxri ad, valların sayı, aztv nin musiqi kollektivinin rəhbəri statusu var. Bu faktlardır. Siz və mən deyənlər isə onların şərhi. Caza təpki olan şəhərdə SSRİ də “caz şəhəri” statusi qazanması mümkünsüzdür”.
Çox hörmətli Əli İsa bəy yazımın mənim siyasi pozisiyamın təzyiqi altında formalaşdığın yazırsınız və deyirsiniz ki, “Sizi (yəni məni) yazmağa məcbur edən Əliyev məsələsidir”. Əvvəla dəfələrlə elan etmişəm ki, siyasət mənim həyatımın hamısı, hətta yarısı da deyil. Mən tarixçiyəm və öz peşəmə hörmətlə yanaşmağa çalışıram. Sovet dövrünün bütün siyasi xadimləri kimi Heydər Əliyev də öz zəmanəsinin, xidmət etdiyi sistemin övladı və yetirməsi isi. Sizdən fərqli olaraq Heydər Əliyev bunu inkar etmirdi və dəfələrlə deyirdi ki, mən o sistemə inanırdam və ona görə də ona bütün varlığımla xidmət edirdim. Bilirsiniz, Əli İsa bəy siyasi liderləri öz zamanından ayırmaq olmaz. Metodoloji baxımda məsələni belə qoymaq olmaz ki, Sovet sistemi pis idi, kommunizm anti-humainst bir quruluş idi, amma bu sistemin başında duran, ömrünün böyük hissəsini kommunizmə xidmət edənlərdən biri kimi Heydər Əliyev yaxşı idi,milli idi. Bu kökündən yanlış bir yanaşmadır. Nə Heydər Əliyevə, nə də Sovet dövrünün digər rəhbərlərinə birtərəfli yanaşmaq doğru deyil. Onlara keçdiyi həyat yoluna, siyasi fəaliyyətinə öz zamanının şərtləri daxilində, tarixin rəng çalarlarında yanaşılması vacibdir. Kiminsə haqqın kiməsə vermək, kiminsə haqqında miflər uydurmaq, hazırkı dolanışıq ehtiyaclarına görə kiminsə adına etmədiyi şeyləri yazıb onun saxta obrazını yaratmaq ən yüngül formada desək tarixi təhrifçilik yoludur.
Deyirsiniz Vaqif Mustafazadə haqqında film çəkərkən pozisiyan “onun haqda film üzərində işlərkən həmkarlarından aldığım infoya əsasən”dir. Əvvəla böyük şənətkar haqqında film çəkməyinizə görə təşəkkür. Amma əgər Mustafazadə haqqında filmi də yazdığınız kimi gətirib Heydər Əliyevə bağlamısınıza onda sənətdən söhbət gedə bilməz. Həmkarları Vaqif Mustafazadə haqqında xoş sözlər deyə bilər, onu yüksək qiymətləndirə bilər. Ancaq indiki şəraitdə həqiqəti demək hər adamın işi deyil axı. Film qalıcı bir əsər olduğu üçün şübhəsiz ki, şifahi müsahibələrdən əlavə Azərbaycan KP MK-nın fondlarında, keçmiş DTX-nın arxiv fondlarında Vaqif Mustafazadə ilə bağlı olan sənədlərlə tanış olmanız pis olmazdı. Sizdən fərqli olaraq mən o sənədlərin xeyli hissəsi ilə tanışam. Mustafazadə haqqında film çəkən bir sənət adamı kimi Siz də onları görsəyrdiniz, yəqin ki, mənim yazdığım kiçik postun şəxsi qərəzlik məsələsi olmadığı qənaətinə gələrdiniz.
Bakının “caz şəhəri” olması artıq 60-cı illərin sonlarında həll edilmişdi. “Caz şəhəri” kimi Bakının məhz 60-cı illərdə nəzarətə götürülməsi də bununla bağlı idi. Əlavə edim ki, DTK-nın rəhbər xadimlərindən biri kimi Heydər Əliyevin caz və stilyaqlar əlehinə keçirdiyi əməliyyat müşavirələrinə Zaqafqaziya Sərhəd Dairəsinin Azərbaycan sərhəd xidməti rəhbər heyəti də dəvət edilirdi. Sanki, Caz stilyaqa formasında sərhəddən keçib Azərbaycana gələcəkmiş və onu sərhəddə yaxalamaq lazım imiş. Yazdıqlarımın heç biri improvizasiya deyil, hamısının faktoloji əsası var.
“Qobustan” jurnalın nümunə gətirirsiniz. Heydər Əliyev hakimiyyətə gələndə “Qobustan”ın artıq iki nömrəsi çıxmışdı. Bu toplu haqqında qərar Azərbaycan KP MK Bürosunda 1968-ci ildə MK-nın ideologiya üzrə katibi Cəfər Cəfərovun təqdimatı ilə qəbul edilmişdi. Əvvələ bu jurnalın adı “Azərbaycan incəsənəti” kim müəyyən edilmişdi. Sonra Cəfərov onu ikinci dəfə Büronun müzakirəsinə çıxarıb “Qobustan” adını təsdiq elətdirmişdi. Heydər Əliyev rəhbərliyə gələndən sonra “Qobustan” haqqında DTK-nın 5-ci şöbəsi və Qlavlit ona toplu haqqında arayışlar və məlumatlar göndərmişdi. İdeoloji plenimların birində Heydər Əliyev “Qobustanı” pantürkizm yaymaqda sərt şəkildə ittiham etdi.
Qara Qarayevlə bağlı məsələni də görünür yaxşı bilmirsiniz. Heydər Əliyev respublikada hakimiyyətə gəldikdən sonra Qarayev və onun
rəhbərlik etdiyi Bəstəkarlar İttifaqı yeni rəhbərliyin kəskin tənqid hədəflərindən birinə çevrildi. 1971-ci ilin məşhur oktyabr plenumunda Heydər Əliyev qeyd edirdi ki, respublikada opera əsərləri yaradılmır, mahnı yaradıcılığında meşşan sentimentallıq, kədər və mətn bəsitliyi səciyyəvi hal alır, “lakin Bəstəkarlar İttifaqının rəhbərləri, ittifaqın sədri Qara Qarayev yoldaş bunu bildikləri halda vəziyyəti dəyişdirmək üçün əməli tədbir görmürlər. Ayrı-ayrı bəstəkarlar öz qüvvələrini və istedadlarını heç bir perspektivi olmayan qondarma axtarışlara sərf edirlər.” Yüksək partiya tribunasından ünvanına deyilmiş belə sərt tənqiddən sonra “Üçüncü
simfoniya”nın müəllifi artıq respublikada özü üçün bir perspektiv görmədi və Moskvaya köçməyə qərar verdi. Bu da Sizin üçün Qarayev məsələsi.
Nümunə kimi gətirdiyiniz “İstintaq” filminin ekranlara buraxılması da asan olmadı. Filmi Moskva təsdiq etmişdi. Amma Heydər Əliyev onu Azərbaycanda ekrana buraxmaq istəmirdi. Qlavlit və 5-ci idarə film haqqında mənfi rəy vermişdi. Çoxlu yazışmalar, mübahisələr oldu. Moskva filmi təsdiq etdikdən sonra Heydər Əliyev yaradıcı heyəti məcbur etdi ki, filmin əvvəlinə – bu filmdə təsvir edilən hadisələr 1969-cu ildən əvvəl baş vermişdir – sözlərini yazsınlar və o həmin titr yazısı indi də qalmaqdadır.
Əli İsa bəy yazırsınız ki, “Əliyev Nərimanovdan qalma suveren milli sosializmin tərəfdarı idi və humanitar sahədə də bunu edirdi.” Görünür Sizin ya 1971-ci ilin oktyabr plenumunda Əliyevin məruzəsindən xəbəriniz yoxdur, ya da bunu görmək istəmirsiniz. Çünki həmin plenumdakı məruzasəndə yoldaş Əliyev Nərimanov dövründən qalma, xüsusiylə 60-cı illərdə formalaşmış “suveren milli sosializmə” bağlı nə vardısa hamısının üzərindən çalın-çarpaz xəttə çəkdi.
Məsələn, 60-cı illərdə tarix elmi sahəsində gedən prosesləri qiymətləndirərkən 1971-ci ilin oktyabr plenumunda qabaqcıl Azərbaycan tarixçiləri kəskin tənqid edildilər. Plenuma məruzəsində MK-nın birinci katibi Heydər Əliyev deyirdi: “Bəzi müəlliflər tarixi keçmişdən bəhs edərkən partiyalılıq prinsiplərindən kənara çıxmış, istismarçı siniflərin ayrı-ayrı nümayəndələrini müəyyən dərəcədə ideallaşdırmış, burjua filantropiyasının ictimai təbiətini düzgün izah etməmişlər. Respublika Elmlər Akademiyasının müxbir üzvü Ziya Bünyadov, professor Mahmud İsmayılov və universitetin dosenti Süleyman Əliyarov bir sıra tarixi faktları qiymətləndirərkən kobud səhvlərə yol vermişlər.”
60-cı illərin ən yaxşı ədəbi nümunələri ilə bağlı Heydər Əliyev Azərbaycan KP MK-nın ideoloji məsələlərə həsr edilmiş plenumunda deyirdi ki, “Mətbuat orqanlarının səhifələrindən bəzən nalayiq məqsədlərlə istifadə edilir. “Literaturnıy Azerbaydjan” jurnalı Maqsud İbrahimbəyovun “Günlərin bir günündə” hekayəsini dərc etmişdir. Bu hekayədə müəllif namuslu rəhbər işçilərə ləkə
vurmağa, ictimaiyyətimizi səfeh yerinə qoymağa cəhd etmiş, onu prinsipsiz göstərmişdir.” Və yaxud elə həmin məruzədə “Bir cənub şəhərində” filmini “sovet həyat tərzini təhrif etməkdə” günahlandırdı və onun müəlliflərini kəskin tənqid etdi. Heydər Əliyev qeyd edirdi ki, “şair Xəlil Rzanın yaradıcılığında ciddi ideya qüsurları vardır. Onun ayrı-ayrı əsərlərində həyatımız təhrif olunur, elə bil ki, şair xalqımızın həyatında baş vermiş əzəmətli dəyişiklikləri görmür.”
Heydər Əliyev qeyd edirdi ki, “Sabir Əhmədovun “Dünyanın arşını” romanında ciddi ideya qüsurları və səhvlər vardır. Romanda sovet gerçəkliyi təhrif edilir, kolxoz həyatında kölgəli cəhətlər axtarılır və onun nöqsanları şişirdilir.” Bu roman kitab kimi tam şəkildə yalnız SSRİ dağılandan sonra Azərbaycanda nəşr edildi. Romanın əlyazması müzakirə ediləndə Əli Vəliyev dedi ki, “Mən qoymaram Sabir Əhmədov mənim qurduğum kolxozu dağıtsın”. Heydər Əliyevin bu tənqidindən sonra MK-dan nəşriyyatlara təlimat gəldi ki, Sabir Əhmədovun əlyazmalarını geri qaytarsınlar. Həmin dövrdə MK-nın ştatlı tənqidçilərindən biri Sabir Əhmədovun əlyazmasına mənfi rəy yazanda müəllifə dedi ki, “sənin personajların işsizdir, onlara iş tap, sovet cəmiyyətində işsizlik yoxdur.” Sabir Əhmədov da on ilə yaxın öz personajlarına iş tapa bilmədi. Bax belə!
Və sonralar məlum oldu ki, bu millətin milli-mənəvi təmizliyini əks etdirən Heydəər Əliyevin “səlib müharibəsi” elan etmiş olduğu elə bu əsərlərdir. Bir də ki, Əli İsa bəy gətirdiyim nümunələri mən özümdən keçmiş tarixə Əliyevin adına “sənədləşdirməmişəm”. Bunlar Sizin “Suveren Milli Sozializmin” davamçısı kimi vəsf etdiyiniz bir şəxsin öz dedikləridir.
Bilirsiniz ki, Nərimanov məscidə gedəndə ayaqqabılarını çıxarıb Allahın evinə girirdi. “Suveren Milli Sözializm”in “davamçısı” kimi Heydər Əliyev 1971-ci ilin oktyabr plenumunda qeyd edirdi ki, “Ayrı-ayrı kommunistlərin, bəzi rəhbər işçilərin, ziyalı nümayəndələrinin dini qalıqlara qarşı mübarizə hissinin kütləşməsi bizi narahat etməyə bilməz. İctimai nəzəriyyələrin tələb etdiyi kimi, mübariz mövqe tutmaq əvəzinə onlar dini təsisatları müdafiə yoluna qədəm qoyurlar. Əgər Elmlər Akademiyasının
müxbir üzvü Cümşüd Zülfüqarlı və ya bəstəkar Musa Mirzəyev kimilər nəzir vermək üçün məscidə gediblərsə, onlar ideoloji işə necə kömək edə bilərlər? Bəzi kommunistlər, məsul işçilər, ziyalı nümayəndələri öz yaxın adamlarının dəfnini dini qaydalarla təşkil edir, belə mərasimlərdə iştirak edir və bunu “xalq” adətinə ehtiram sayırlar. Bu cür “izahat” həmin kommunistlərin partiyalılıq hissini
itirdiklərini göstərir. Həmin yoldaşlar əslində ruhanilərin və cəmiyyətə zidd ünsürlərin fəaliyyətini təqdir edir, öz ömrünü çoxdan başa vurmuş dini adət və ənənələrin dirçəlməsinə kömək göstərmiş olurlar.”
Ona görə də əgər gələcəkdə “Heydər Məscidi” haqqında da film çəkəsi olsanız, lütfən yalnız Şeyximizin və möhtərəm üləmalarımızın Heydər Əliyevin Sovet dövründə “İslam dininə və mənəvi irsə qayğısı” haqqında dedikləri ilə kifayətlənməyin, 1971-ci ilin noyabr ayının 2-də bütün respublika qəzetlərində dərc olunmuş bu sözləri, 1975-76-cı illərdəki ideoloji işə həsr edilmiş plenumlarının materiallarını, MK Bürosunun 1982-ci ilə qədər olan toplantılarının stenoqramlarında İslam dininə olan partiya “qayğısını” da yada salın və ən azından DTK-nın sədri, Azərbaycan KP MK-nın birinci katibi, Siyasi Büronun üzvü kimi onun dinə və xüsusi ilə islam dininə qarşı apardığı barışmaz mübarizəni də xatırladın. Axı, ortada Azərbaycan DTK-nın İslam dininə qarşı onun da iştirak etdiyi “Yasin Surəsi” əməliyyatı var.