Tanınmış dramaturqun təşkilatına daha 2 nüfuz sahibi qoşuldu (FOTOLAR)
Onun qələmə aldığı “Günəş kələfi” rus və ingilis dillərində təqdim olundu
Dünən Kinematoqrafçılar Ittifaqında tanınmış dramaturq Rüstəm Ibrahimbəyov rus və ingilis dillərində “Günəş kələfi” kitabının təqdimatı keçirdi. Tədbirdə diplomatik korpusun nümayəndələri daxil olmaqla tanınmış ictimai xadimlər, ziyalılar və media nümayəndələri iştirak edirdi.
Təqdimat mərasimini açan Rüstəm Ibrahimbəyov bildirdi ki, sədrlik etdiyi ittifaq yaradıcı təşkilat olduğundan onlar daha çox kino problemlərindən danışırlar:
“Ona görə də gəlin ümumi ictimai-siyasi proseslərə toxunmayaq, nəzərə alın ki, bu bina hökumət evi olduğundan biz buranı kirayəyə götürmüşük. Burada olan söhbətləri nazirliklərə çatdıracaqlar və bundan istifadə edib kirayə müqaviləsini ləğv edib bizi binadan çıxarda bilərlər. Bunlar mənim şəxsi qorxumla bağlı deyil, sadəcə, ittifaqın fəaliyyəti gərəklidir. Ancaq tədbirdən sonra səhərə qədər suallarınıza cavab verməyə hazıram”. R.Ibrahimbəyov bildirdi ki, ABŞ-da buraxılan kitabına 15 il əvvəl yazdığı əsərləri də daxil edilib. Çıxışdan sonra R.Ibrahimbəyovun 2006-cı ildə V milli “Qızıl Çıraq”, ən yaxşı tammetrajlı bədii film nominasiyasında, ən yaxşı ssenari nominasiyasında və ən yaxşı kişi rolu nominasiyasında mükafat alan “Əlvida, cənub şəhəri” filminin nümayişi oldu. 90-cı illərin Bakısından bəhs edən filmdə xalq şairi Ramiz Rövşənin şeirlərindən də istifadə olunmuşdu. Rüstəm Ibrahimbəyov Ramiz Rövşənin “Bu vətənə qayıtmaq” şeirinin ona hədiyyə etdiyini bildirdi. Ramiz Rövşən türk şairi Kamunun “Mən qürbətdə deyiləm, qürbət mənim içimdə” misrasını epiqraf götürdüyünü deyəndən sonra “Bu vətənə qayıtmaq” şeirini söylədi. Buna cavab olaraq R.Ibrahimbəyov şeir yazmadığına təəssüfləndiyini dedi. Yazıçı-dramaturq iştirakçılara hazırda SOCAR-la məhkəmə prosesi gedən Kino Akademiyasının ərazisi ilə bağlı məlumat verdi. O, akademiyanın Bayıl qəsəbəsində tikilməsini nəzərdə tutduqlarını söylədi: “Bəzi mətbuat orqanlarında akademiyanın Şəhidlər xiyabanıyla üz-üzə tikiləcəyini və orada restoran olacağı barədə səhv məlumatlar yayıblar. Halbuki, akademiyanın binası xiyabandan 5 kilometr kənarda yerləşir. Mən Sizə akademiyanın layihəsini də göstərə bilərəm (zalın divarındakı layihələri göstərdi, bu layihələrdə binanın çox möhtəşəm olduğu görünür). Amma SOCAR-ın mövqeyinə gəlincə, mənim vəkilim Fuad Ağayev danışacaq”.
Tanınmış hüquqşünas Fuad Ağayev bildirdi ki, SOCAR-ın “işğal etdiyi” əraziylə bağlı konkret sənədi yoxdur: “Onların məhkəməyə təqdim etdiyi yeganə sənəd arxiv sənədidir və bu, 1962-ci ilin mayında Bakı şəhərinin Əmək Şurasının deputatlarının ərazini ”26 Bakı Komissarları” rayonuna verməsi haqqında qərardır. Halbuki, 1962-ci ildən sonra Torpaq Kodeksi 3 dəfə dəyişdirilib. Rüstəm müəllim isə 2006-cı ildə ərazinin ona məxsus olması barədə sənəd alıb və görülən işlərlə əlaqədar xərc qoyulub. Ancaq bunlara baxmayaraq məhkəmə bizim iddianı rədd etdi”.
Tədbirin sonunda Rüstəm Ibrahimbəyov Kinematoqrafçılar Ittifaqının 50 il əvvəl təsis olunduğunu xatırladaraq bildirdi ki, onların təşkilatına hakimiyyətin basqısı olsa da, hətta alternativ qurum yaransa da, fəaliyyət göstərirlər: “Bu gün mən ittifaqa qəbul üçün ərizə verənlərin biletlərini təqdim edəcəyəm. Onların arasında tanınmış ədəbiyyat və sənət adamları da var. Birincisi, tanınmış şair Vaqif Səmədoğlu, o, özünün üzvlük biletinə ən yaxşı şəklini təqdim edib”. V.Səmədoğlu üzvlük biletində olan şəklinin doğrudan da bərbərxanadan çıxanda çəkdirdiyini təsdiqlədi. Daha sonra üzvlük biletləri tanınmış yazıçı, Az.TV-nin sabiq sədri Məmməd Murad, aktyor Azəryar Vaqif, gənc səs rejissoru Vüsal Həsənov, aktyor-prodüsser Nazim Zeynalov, Xatəm Əsgərov, Emin Abbasov, publisist-jurnalist Fazil Rəhmanzadə və başqalarına təqdim olundu. Sonuncu bildirdi ki, o, uzun müddətdir ittifaqın üzvüdür: “Ancaq bu üzvlüyü faktlaşdırmaqla Rüstəm Ibrahimbəyova qarşı olan təzyiqlərə etiraz etdim. Mən elə həmişə Rüstəmin yanındayam, ölənə qədər…”.
Natiq