«Fövqəlnazir»ə qarşı hücum başlanılıb; Nazirin çevrəsi hakimiyyətdəki rəqib qruplaşmadan şübhələnir
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov çətin vəziyyətdədir. Bir qədər əvvəl zəlzələ bölgəsilə bağlı şok faktların açıqlanmışdısa, indi Kəmaləddin Heydərovdan ölkə başçısına kütləvi şikayətlər edilir. Şikayətçilər zəlzələ və Kür daşqınlarından əziyyət çəkən vətəndaşlardır. “Azadlıq”a daxil olan məlumatlara görə, Kəmaləddin Heydərov bundan ciddi narahat olub.
“Fövqəlnazir”in yaxın çevrəsi isə hesab edir ki, bu hakimiyyətdəki rəqib qruplaşmanın təşkil etdiyi hücumdur. Kəmaləddin Heydərovun komandası düşünür ki, rəqib qruplaşma bununla “fövqəlnazir”i bitirməyə çalışır.
Oxucuların yadına salaq ki, bir qədər əvvəl Kəmaləddin Heydərovun Prezident Administrasiyasında (PA) “çevriliş” etmək istədiyi barədə məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, “fövqəlnazir” PA rəhbəri Ramiz Mehdiyevi devirməyə çalışır. Kəmaləddin Heydərov onun yerinə PA-nın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovu təyin etdirməyə səy göstərir. Ramiz Mehdiyev və komandası da “fövqəlnazir”in bu planından xəbərdardır. Onların hətta bu barədə ölkə başçısı Ilham Əliyevə məlumat verdikləri də iddia olunur. Bildirilir ki, onlar ölkə başçısını Kəmaləddin Heydərovun post-Əliyev dövrünə hazırlaşdığına inandırıb. Ölkə başçısı isə buna görə Kəmaləddin Heydərovdan qəzəblidir. Iddia olunur ki, “fövqəlnazir”in zəlzələ bölgəsində baş verənlərə bağlı PA-ya çağırılması və ondan izahat istənilməsinin kökündə də məhz bu məsələ dayanır.
Kəmaləddin Heydərov bundan sonra zəlzələ bölgəsinə ciddi diqqət ayırmağa başlayıb. “Fövqəlnazir” düşünür ki, rəqibləri bu məsələdən istifadə edərək onun “vurulmasını” təmin edə bilərlər.
“Fövqəlnazir”in zəlzələ bölgəsinə səfərindən sonra ondan kütləvi şəkildə şikayətlər edilməsi də bu baxımdan komandası tərəfindən rəqib qruplaşmanın təşkil etdiyi kampaniya kimi dəyərləndirilir.