Fəvvarələr Meydanında demokratiya yürüşü: polis aksiyanın qarşısını ala bilmədi və zora əl atdı
Bakının mərkəzi ötən gün növbəti dəfə etirazçı insanlarla aşıb-daşdı. Hakimiyyətin “yüksək cərimə” təhdidinin, polisin bir neçə gündür aksiyaçılara qarşı yönələn siyasət dolu qorxu bəyanatlarının heç bir təsiri olmadı. Meriyanın inadkarlıq edərək aksiyaçılara yer ayırmaması da effekt vermədi. Aksiya öncədən vəd edilən yerdə və saatda – Fəvvarələr Meydanında, saat 15:00-da başladı.
Aksiyaçılar təpiklənir, yerə sərilir
Aksiyanın start nöqtəsi Mərkəzi Univermağın yanındakı küçə oldu. Buradakı kolonun önündə AXCP rəhbərliyində təmsil olunan şəxslər – Asəf Quliyev (sədr müavini), Əbülfəz Qurbanlı (AXCP GK sədri və partiya Rəyasət Heyətinin üzvü) vardı. Əsasən cəbhəçilərdən ibarət kalon demək olar ki, polislərin gözü önündə ani bir məqamda formalaşdı. Onlar polisin 10 mert addımlığında səfərbər olub, meydana doğru yürüşə başladılar. Polis olaya reaksiya verənə qədər artıq kalon xeyli irəliləyə bildi. Aksiyaçılar “Parlament buraxılsın”, “Azadlıq”, “Istefa” şüarları səsləndirirdilər.
Kalon meydana daxil olanda polisin ilk həmləsi başladı. Keçən aksiyalardan fərqli olaraq bu dəfə polisin aqressiyası aşkar hiss olunurdu. Polislər bu dəfə aksiyaya dəbilqə və dəyənəklə çıxmışdılar. Keçən aksiyada dəyənək gözə dəyməmişdi. Polislər heç bir müqavimət göstərməyən, yerə yıxılan aksiyaçıları belə təpikləyir, dəyənəklə vururdular.
“Asayiş keşikçiləri” budəfəki aksiyada jurnalistlərlə də kobud davrandılar. Onlar çəkilişlərə mane olur, jurnalistlərin kameralarını əllərindən almağa cəhd edirdilər. Saxlanılan aksiyaçıların görüntülərini çəkərkən “Turan” informasiya agentliyinin fotoreportyoru Etimad Budaqovu polislər döydülər. Onu polislərdən qoruyarkən “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim Ilqaroğlu daha ağır zorakılığa məruz qaldı. Polislər onun sifətinə və böyrünə yumruq, təpik, dəyənəklə vuraraq yerə sərdilər. Polis bu kobudluğu jurnalistlərin əynində xüsusi fərqləndirici geyim ola-ola edirdi.
Polis çaş-baş qaldı
Birinci kalonun səfi dağıdılandan sonra düz meydanın ortasında cəbhəçilərin növbəti kalonu yaradıldı. Bu dəfə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı səfərbəredici roldaydı. Cəbhəçilər qol-qola keçərək şüarlar səsləndirə-səsləndirə meydan boyunca yürüşə başaldılar. Bu kalonda məhbəsdən yeni çıxan “2 aprelçi” cəhbəçilərin – AXCP sədrinin müşaviri Məhəmməd Məcidli, partiyanın Nizami şöbəsinin sədri Zülfüqar Eyvazov, Babək Həsənovun varlığı etirazçılara əlavə güc qatmışdı.
Polis bu dəfə AXCP Səbail şöbəsinin sədri Saqif Qurbanova və partiyanın fəalı Inqilab Kərimova qarşı xüsusi qəddarlıq etdi. Aldığımız məlumata görə, Inqilab Kərimovla polis bölməsində də amansız davranıblar.
Ümumiyyətlə, polis çox çaşqın durumdaydı. Meydanda olan və birbaşa aksiyaçılara dəxli olmayan insanların aktiv müşahidəçiliyi polisi qəzəbləndirmişdi. Kənar müşahidəçilər polisləri hər zorakılıq etdiklərində qınayır, aksiyaçılar şüar səsləndirdikdə isə alqışlayırdılar.
Biz, “Azadlıq”ın reportyor qrupu olaraq onların bəzisi ilə söhbət apardıq. Insanlardan “hökumət hər dəfə bu aksiyaları qadağan edəndə əsas gətirir ki, aksiyalar sakinlərin rahatlığını pozur. Doğrudanmı belə aksiyalar sizi narahat edir?”- deyə soruşduq. Insanlar istisnasız olaraq aksiyaları dəstəklədiklərini, tələblərin haqlı olduğunu dedilər. “Dünyanın hər yerində belə aksiyalar keçirirlir. Bu qədər polisi bura yığıb hay-küy salınca, aksiyaların sakit keçməsinə şərait yaratsınlar? – deyə Müslüm Feyziyev adlı Bakı sakini bildirdi.
“Zəncir” işə yaramadı
Etirazçıların ikinci kalonu da dağıdılandan sonra çox keçmədi ki, “McDonalds”ın önündən çoxluğu müsavatçılar təşkil edən növbəti kalon hərəkətə başladı. Müsavatçılar əllərində parlamentə və sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına qarşı etiraz plakatları tutmuşdular. Müsvatçılarla bərabər yan tərəfdən ADP üzvü olan bir dəstə etirazçı da şüarlarla meydana girdi.
Vəziyyətin idarəolunmazlığını görən polislər bu dəfə meydanı tam təmizləmək üçün “zəncir” yaratdılar. Onlar qol-qola girərək meydanda fərqinə varmadan hər kəsi şəhərin içərisinə doğru qovmağa başladılar.
Bu zaman meydanın müxtəlif tərəflərində növbəti lokal etirazlar başladı. Bu etirazlar “zəncirin” qırılmasına səbəb oldu.
Qadınlara qarşı kobudluq
AXCP-dən aldığımız məlumata görə, bu aksiyaya xanımların çıxmasına rəsmi qadağa qoyulubmuş. Buna baxmayaraq partiyanın xanım fəalları bu dəfə də seçildilər.
AXCP sədrinin müavini Gözəl Bayramlı, AXCP Yevlax şöbəsinin sədri Şəkər Iskəndərli, fəallar Zərifə Məhəddinov, Mərdanə Hüseynova, Kəmalə Bənənyarlı, Nüşabə Ağakişiyeva parlament və avtoritar idarəçilik əleyhinə şüarlar səsləndirdilər, çıxış etdilər.
Polis bu dəfə də xanımlara qarşı xüsusi kobudluq etdi. Sonradan aldığımız məlumata görə, Gözəl Bayramlının qolu çıxıb və polis idarəsində onun təkidinə baxmayaraq, təcili yardım çağırılmayıb.
Bir saatadək davam edən aksiyandan sonra təşkilatçılar adından AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı açıqlama yaydı. O, facebook qeydində aksiyanı uğurlu və baş tutmuş saydığını yazdı: “”Parlament buraxılsın!” aksiyasında iştirak edən və dəstək verən hər bir kəsə, vətəndaşlara, jurnalistlərə təşəkkür edirik!
Bugünkü aksiya polisin müdaxiləsinə baxmayaraq ötən aksiyalardan daha mütəşəkkil alındı və xeyli sayda aksiyaçı mitinqin mesajlarını hər kəsə çatdıra bildi.
Bildiririk ki, parlament buraxılmayınca, hakimiyyət qanunu ayaqlar altına atmaqdan əl çəkmədikcə və azad, demokratik seçkilər keçirilmədikcə bizim aksiyalar yüksələn xətlə davam edəcək”.
Əli Kərimli: “Bütün dünyaya bəyan etdilər ki, Ilham Əliyevin repressiyaları bu xalqı susdurmaq iqtidarında deyil”
Günün sonunda Ictimai Palatanın Koordinasiya Şurasının üzvləri, AXCP sədri Əli Kərimli və Müsavat başqanı Isa Qəmbər aksiyaya münasibət bildirdilər.
AXCP sədri yaydığı açıqlamada bunları qeyd edib: “Qarabağı azad, millətimizi müstəqil etmək, xalqımızı totalitar idarəetmədən azadlığın, ədalətin təntənəsinə qovuşdurmaq eşqilə 24 il bundan əvvəl bir yola çıxdıq. Xalqımızın tarixinə Milli Dirçəliş günü yazdıq. Amma hədəflərimizə tam yetişməmişik. Xalqımız hələ də ”simasız quldurların” əsarətindədir. Əziyyətlə qurduğumuz dövlət cinayətkarların hamisinə çevrilib, sərvətlərimiz hər gün talan olunur. Belə bir vəziyyətdə Milli Dirçəliş gününü kütləvi etirazları bərpa etməklə qeyd etmək çox yerinə düşdü. Bu gün yüzlərlə fədakar, mübariz həmvətənimiz bütün maneələri aşaraq şəhərin mərkəzində “Parlament buraxılsın!” tələbilə növbəti aksiyanı keçirdi. Bütün dünyaya bəyan etdilər ki, Ilham Əliyevin həyata keçirdiyi repressiyalar bu xalqı susdurmaq iqtidarında deyil. Xalqımız saxta parlamentin, başdan-ayağa saxta, qeyri-legitim olan hakimiyyətin varlığı ilə barışmayacaq. Mübarizə davam edəcək. Bu gün etiraz aksiyasına qoşulmuş xanımlar, bəylər, gənclər həbs olunmağı, döyülüb xəsarət almağı, cərimələnməyi göz önünə alaraq hüquqları hər gün əlindən alınan, qorxudulan, əzilən, sərvətləri talan edilən xalqımızın haqq bağıran səsi oldular. Azərbaycanda azadlığın və ədalətin təntənəsi naminə risqli və məhrumiyyətlərlə dolu mübarizə yolunu seçmiş, bu yolda yürüyən hər bir vətəndaşımıza təşəkkür edirəm. Milli Dirçəliş bayramınız mübarək olsun!”.
İsa Qəmbər: “Bir daha xalqın parlamentə etimadsızlığı, inamsızlığı göstərildi”
Müsavat başqanı “Azadlıq”a açıqlamasında aksiyanın baş tutduğunu və bu aksiyanın bir sıra özəl cəhətlərinin olduğunu bildirdi. “Aksiyanın bir neçə özəlliyi var. Birincisi, bu aksiya da ayrı-ayrı siyasi təşkilatların deyil, sosial şəbəkədəki fəalların təşəbbüsü ilə keçirilib. Təbii ki, aksiyada müsavatçılar, cəbhəçilər və başqa partiyaların gənclər təşkilatlarının üzvlərinin fədakarlığı xüsusilə qeyd olunmalıdır. Ikinci önəmli cəhət bundan ibarətdir ki, parlamentin buraxılması tələbi ilə aksiya keçirildi. Bir daha xalqın, cəmiyyətin, demokratik düşərgənin parlamentə etimadsızlığı, inamsızlığı göstərildi. Bu, xüsusilə Elşad Abdullayevin video materiallarının ortaya çıxması zəminində diqqətəlayiqdir. Çünki bu videolar parlamentin saxta olduğunu bir daha sübut etdi. Üçüncü maraqlı cəhət ondan ibarət idi ki, bu dəfə mülki geyimlilərlə yanaşı, polis formasında olanlar da çox böyük fəallıq göstərirdilər. Məncə, burada polis rəhbərliyinin özünü hakimiyyətə, rejimə bir daha nümayiş etdirmək məqsədi güdülürdü. Polis rəhbərliyi, DIN bir daha hakimiyyətə öz zəruriliyini, lazımlılığını nümayiş etdirmək istəyirdi”.
Isa Qəmbərin fikrincə, hakimiyyət xalqdan, demokratiyadan qorxduğunu nümayiş etdirdi: “Hakimiyyət bu aksiyanı yasaqlamağa çalışdı. Dinc aksiya iştirakçılarına qarşı polis çox kobud zorakılıqla cavab verdi. Bütün iştirakçılara – gənclərə, xanımlara, eyni zamanda jurnalistlərə qarşı kobud davrandı. Bütün bunlara baxmayaraq fədakar insanların dəyərini yüksək qiymətləndiririk”.
Aksiyadan sonra təşkilatçıların məlumatına görə, 50-dən çox etirazçını polis saxlayıb.
Həbs edilənlərin siyahısı:
AXCP
1.Fuad Qəhrəmanlı – sədr müavini
2.Gözəl Bayramlı – sədr müavini
3.Məmməd Ibrahim – sədrin müşaviri
4.Təzəxan Mirələmli – şöbə sədri
5.Saqif Qurbanov – şöbə sədri
6.Zülfüqar Eyvazlı – şöbə sədri
7.Aydın Əliyev – şöbə sədri
8.Kəmaləddin Rəhimov – şöbə sədri
9.Mirkazım Qubadov
10.Orxan Carçı
11.Cavid Nəbiyev
12.Kəmalə Bənənyarlı
13.Mehman Süleymanov
14.Hidayət Sülemaynov
15.Bəhruz Tağızadə
16.Taleh Qurbanlı
17.Mənsimalı Qasımzadə
18.Osman Əhmədli
19.Elmir Hüseynov
20.Ramin Əliyev
21.Qulu Məmmədli
22.Elşən Abbasov
23.Zaman Məhərrəmov
24.Adil Cəfərov
25.Əli Süleymanov
26.Salman Murtazayev
27.Türkel Azərtürk
28.Sərraf Əliyev
29.Akif Babayev
30.Etibar Qurbanlı
31.Cəmil Məhərrəmov
32.Səxavət Şükürov
33.Babək Həsənov
34.Mehdi Hüseynov
35.Rəhim Inayətov
36.Xalid Əzimov
37.Nihad Hüseynov
38.Inqilab Kərimov
39.Dəyanət Babayev
40.Zaur Məmmədov
41.Rüfət Əliyev
42.Mənsur Cəbrayılov
43.Musa Rahim
44.Kamran Sanatürk
45.Elşən Ağayev
Müsavat
1.Mustafa Hacılı
2.Kənan Səfərli
3.Elçin Cərullazadə
4.Zakir Məmmədzadə
5.Bəxtiyar Tarıyev
6.Natiq Ağayev
7.Ramil Baxış
8.Ramiq Nuriyev
9.Əli Həsənov
10.Kərim Kərimli
11.Fəxrəddin Abbas
12.Vidadi Feyzi
ADP
1.Cəmil Hacıyev
2.Azər Sadıqov
3.Hafiz Adgözəlov
ACP
1.Emin Fərhadi
2.Ruslan Şükür
3.Yasəmən Məmmədli
4.Zeynal Məmmədzadə
5.Tamerlan Baxışlı
6.Gülnarə Quliyeva
Bitərəf
1.Məhəmməd Əliyev
Aksiyada saxlanılanların bir çoxu polisdən sərbəst buraxılsa da, 31 nəfərin işi məhkəmələrə göndərilib. Məhkəmələr isə onlardan 16 nəfəri ya sutkalıq həbs cəzasına məhkum edib, ya da cərimələyib. Sutkalıq həbs cəzası alanlar və cərimələnənlər
1.Məmməd Ibrahim (AXCP) 7 sutka
2.Inqilab Kərimov (AXCP) 7 sutka
3.Zülfüqar Eyvazlı (AXCP) 7 sutka
4.Orxan Carçı (AXCP) 7 sutka
5.Babək Həsənov (AXCP) 7 sutka
6.Dəyanət Babayev (AXCP) 7 sutka
7.Hafiz Adgözəlov (ADP) 7 sutka
8.Cəmil Hacıyev (ADP) 5 sutka
9. Məhəmməd Əliyev (bitərəf) 5 sutka
10.Elçin Cərullazadə (Müsavat) 5 sutka
11.Saqif Qurbanov (AXCP) 25 manat
12.Türkel Əlisoy (AXCP) 15 manat
13.Mənsur Cəbrayılov (AXCP) 12 manat
14.Kəmalə Bənənyarlı (AXCP) 12 manat
15.Kamran Sanatürk (AXCP) 12 manat
16.Elşən Ağayev (AXCP) 12 manat
Natiq, Ramin Deko