Rəsm Bakı Avropa Ittifaqının Azərbaycandakı müvəqqəti işlər vəkilinə xəbərdarlıq etdi
Azərbaycan XIN rəhbərinin müavini Mahmud Məmmədquliyev Avropa Ittifaqının Azərbaycandakı müvəqqəti işlər vəkili Toralf Piltsi qəbul edib.
XIN mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Internet Idarəçiliyi Forumu çərşivəsində ötən həftə Bakıya gələn Avropa Komissiyasının vitse-prezidenti Neeli Kroesin son bəyanatları ilə bağlı məsələlərə toxunulub.
M.Məmmədquliyev qeyd edib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı Kroesin forumdakı bəyanatı və Tvitterdəki səhifəsində məqaləsi reallığı əks etdirmir. Bununla əlaqədar Azərbaycan hökumətinin narazılığı ifadə olunub və qeyd edilib ki, bu cür əsassız fikirlər Azərbaycanla AI arasında əməkdaşlığın ruhuna uyğun deyil və ikitərəfli əlaqələrə xələl gətirə bilər.
M.Məmmədquliyev həmçinin Kroesin köməkçisinin kompüterinə icazəsiz müdaxilənin olması barədə fikirlərin əsassız olduğunu qeyd edib. Adətən belə olan hallarda dərhal yerli strukturlara müraciət olunur.
M.Məmmədquliyev Kroesin bunu etməməsindən təəccüblənib.
Kroesin siyasi məhbuslarla baş tutmayan görüşünə gəlincə, nazir müavininin sözlərinə görə, bu, Azərbaycanın müvafiq qurumlarının razılığı ilə olmalıdır.