İP-də büdcə müzakirəsi: AXCP sədri Əliyevin hüquqi məsuliyyət məsələsini qaldırdı (VIDEO)
“İlham Əliyevin qarşısına bu sual hüquq qaydasında qoyulmalıdır ki, kim ona gələcək nəsilləri soymağa ixtiyar verib”
Ictimai Palata (IP) ötən gün Azərbaycanın 2013-cü il dövlət büdcəsinə daxil olan sənədlər zərfinin ictimai müzakirəsini keçirdi. Tədbirin aparıcısı olan Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Rauf Arifoğlu bildirdi ki, dinləmə vətəndaşların dövlət büdcəsindən gözləntilərini aydınlaşdırmaq məqsədilə təşkil olunub.
Neft Fondunun talanı
Daha sonra Ictimai Palatanın Iqtisadi siyasət komissiyasının sədri Qubad Ibadoğlunun “2013-cü ilin büdcəsi rəqəmlərdə: kimə nə çatacaq?” mövzusunda məruzəsi dinlənildi. Onun sözlərinə görə, 2013-cü ilin büdcəsini builki ilə müqayisə edəndə görünür ki, əsas məqsəd hakimiyyətin saxlanılmasıdır. Ona görə də hakimiyyətin təhlükəsizliyinin təminatı istiqamətində xərclər daha da artırılıb: “2013-cü ilin büdcəsinin xərclər hissəsində 2 milyard manata yaxın artım var. Bu artımın da demək olar ki, 80 faizində neft sektorundan daxilolmaların payı var. 2012-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 milyard manat transfer olmuşdusa, 2013-cü ildə transferin həcmini 11 milyard 350 milyon manata kimi artırıblar. Deməli, 2 milyardın 1 milyard 350 milyonu Dövlət Fondunun transferləri hesabına artıb”.
Neftomaniya
Q.Ibadoğlu dedi ki, büdcənin artımı neftdən daxilolmalar hesabına baş verdiyi üçün burada hökumətin hansısa əhəmiyyətli fəaliyyətindən danışmağa dəymir. Neft pulları ölkəyə daxil olur və çox sürətlə də xərclənir: “Artıq son hesablamalara görə, neft pullarının xərclənən hissəsi bütövlükdə daxil olan vəsaitin 60 faizinə yaxınlaşır. Azərbaycan neftdən qazandığından çox xərcləmə siyasətinə keçir. Indiyə qədər gəlirlər daha çox idi və xərclər də sürətlə artırdı. Amma artıq bu il və növbəti il xərcləmələr gəlirlərlə müqayisədə daha çox olacaq. 2013-cü ilin dövlət büdcəsi 19,2 milyard manatdır. Bunun 11 milyard 350 milyonunu Dövlət Neft Fondunun büdcəsindən götürüb dövlət büdcəsinə qoymaq şərtilə təmin edirlər. Vergilər Nazirliyinin yığdığı vəsaitin 2 milyard 640 milyon manatı neft sektorundan daxilolmalar hesabına baş verir. Bu vəsaitlə Dövlət Neft Fondundan transferləri cəmləyəndə bəlli olacaq ki, 19,2 milyardın 14 milyardı birbaşa neftdən daxilolmalardır. Bunu faizə çevirəndə məlum olur ki, neft vəsaitləri dövlət büdcəsinin 73,09 faizini təşkil edir. Yerdə qalan təxminən 26,91 faizdir ki, bu da qeyri-neft sektorundan vergi daxilolmalarıdır”.
Qonşularımıza bir nəzər…
Q.Ibadoğlu bildirdi ki, neft sektorundan daxilolmaları nəzərə almasaq, ölkənin qeyri-neft büdcəsi bütövlükdə 5,2 milyard manat təşkil edir. Bu rəqəmin isə 1 milyard 380 milyon manatı Dövlət Gömrük Komitəsinin idxala əlavə dəyər vergisi və rüsumlardan əldə etdiyi vəsaitdir. Yerdə qalan vəsait isə sahibkarlardan müxtəlif vergilər adı ilə dövlət büdcəsinə cəlb edilən vəsaiti xarakterizə edir: “Bizim bu 5,2 milyardlıq büdcəmiz Gürcüstanın 2013-cü il üçün təqdim etdiyi büdcə ilə müqayisədə 2,5 dəfə azdır. Gürcüstanın 2013-cü il dövlət büdcəsi 15 milyard dollar səviyyəsində proqnozlaşdırılır. Gürcüstanda isə neft pulları yoxdur.
Bir anlıq təsəvvür edək ki, neftdən gəlirlərimiz yoxdur və qeyri-neft sektorundan cəmi 5,2 milyard daxilolmamız var. Eyni zamanda, təsəvvür edək ki, yol, körpü çəkmirik, yalnız elə ən vacib xərclərimizi ödəyirik, buna da 10 milyard vəsait lazımdır. Yəni, Azərbaycanın qeyri-neft gəlirləri cari xərclərinin cəmi 52 faizini ödəyir və bu, çox təhlükəli göstəricidir”.
Prezidentin ehtiyat fondu 47 milyon manat artırılıb
Q.Ibadoğlu məruzəsində ehtiyat fondları ilə bağlı da bəzi statistik rəqəmləri açıqladı: “Prezidentin ehtiyat fondu 347 milyon manat proqnozlaşdırılır. Bu, 2012-ci illə müqayisədə 47 milyon manat çoxdur. Həmin vəsaitdən xərcləmələr isə daha çox sosial, populyar və siyasi məqsədlərə xidmət edir. Prezidentin ehtiyat fondunun 47 milyon artırılması da prezident seçkiləri ərəfəsində baş verən dəyişikliklərdən biridir. Mükafat komissiyasının da vəsaitləri artırılıb”.
Q.Ibadoğlu dövlət büdcəsində hər 100 manatdan kimə nə çatacağı ilə bağlı maraqlı statistik rəqəmləri də açıqladı: “Bütövlükdə götürəndə hər 100 manatdan 14 manat 20 qəpik məvaciblərə gedəcək. Sair xərclərə 11 manat 40 qəpik. Təqaüdlər və sosial müavinətlərə hər 100 manatdan 8 manat 80 qəpik xərclənir. Hər 100 manatdan 45 manat 80 qəpik tikintiyə ayrılacaq. Dövlət büdcəsinin hər 100 manatından müəllimlərə (orta məktəb) 3 manat 24 qəpik, ali məktəb müəllimlərinə hər 100 manatdan 0,2 qəpik çatır. Alimlərə 56 qəpik, həkimlərə 1 manat 35 qəpik, pensiyaçılara 5 manat 43 qəpik, gənclərə 0,1 qəpik, polislərə isə hər yüz manatdan 2 manat 88 qəpik çatacaq”.
Ağrılı sahələr diqqətdən kənarda qalıb
Məruzədən sonra Q.Ibadoğlu iştirakçıların suallarını cavablandırdı. Məlum oldu ki, büdcə layihəsində dəhşətli maxinasiyalar, qaranlıq məqamlar var.
Iqtisadçı ekspert Nemət Əliyev də çıxışında 2013-cü ilin dövlət büdcəsində artımın daha çox korrupsiyalaşmış sahələrə ayrılmasından, aqrar, elm, təhsil və sosial sahəyə isə az diqqət yetirilməsindən danışdı. O, əsas ağrılı sahələrin diqqətdən kənarda saxlanmasını tənqid etdi.
Iqtisadçı ekspert Qadir Ibrahimli çıxışında məlumat verdi ki, Gürcüstanda adambaşına düşən illik büdcə gəliri 1200 dollara yaxındır. Azərbaycanda bu rəqəm 715 dollar, Ermənistanda isə 1000 dollardır. Q.Ibrahimlinin sözlərinə görə, Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən büdcə gəlirləri cəmi 5 milyon manatdır. Halbuki, bu rəqəm dəfələrlə artıq olmalıdır.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, qeyri-neft sektorunda vergidən yayınma böyük həcmdədir. Bu yayınmaların qarşısı alınsa, büdcəyə daxilolmalar xeyli artar və neftin azalması kompensasiya olunar. Onun sözlərinə görə, bunun üçün ilk növbədə Azərbaycanda hakimiyyətdə olan sistemin dəyişməsinə çalışmaq lazımdır.
CXP sədri Bədrəddin Quliyev dedi ki, Azərbaycanın potensialı var, sadəcə, normal sistem yoxdur. Təkcə gömrük sistemindən gəlirlər dövlət büdcəsinin əhəmiyyətli hissəsini təmin edə bilər: “4-5 milyard məhz bu sistemdə mənimsənilir. O cümlədən, ticarət, xidmət sektorunun böyük hissəsi vergi ödəmir, yaxud da cüzi ödəyir”.
Ümid Partiyasının sədr müavini Razi Abbasbəyli isə sosial sahələrə, o cümlədən təhsilə ayrılan vəsaitin utancverici olduğunu bildirdi.
Heydər Əliyev Fondunun büdcəsi necə formalaşır?
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal Azərbaycanda “paralel büdcəni” – Heydər Əliyev Fondunun büdcəsini tənqid etdi. O bildirdi ki, Fondun qapalı, şəffaf olmayan büdcəsində toplanan vəsaitlərin ciddi tədqiqata ehtiyacı var. Çünki az qala, qeyri-neft sektorundan gələn vergi qədər vəsait dolaşıq yollarla Heydər Əliyev Fondunda toplanır. Bu isə ölkə iqtisadiyyatına ciddi ziyan vurur. V.Mirkamal iqtisadçıları və cəsur jurnalistləri Fondun fəaliyyətini araşdırmağa səslədi.
Əliyev rejimi gələcək nəsillərin də cibinə girir
AXCP sədri Əli Kərimli də çıxışın birinci hissəsində rəqəmlərə istinad etməklə iqtisadi təhlillər apardı və bildirdi ki, əslində, 2013-cü ilin dövlət büdcəsinin uzağı, 15 faizi qeyri-neft sektorundan gəlirlərdir, 85 faiz neft gəlirləridir. Bu da çox acınacaqlı və təhlükəli vəziyyətdir: “Neft tükənir. Azərbaycanın böyük neft erası keçib. Artıq neftdən 1 ildə qazanılan pulla da büdcənin açığını bağlamaq olmur və ona görə də əlavə ehtiyatlardan istifadə olunur. Bu proses artıq 2013-cü ildən başlanır. Azərbaycan rəhbərliyinin ixtiyarı yoxdur ki, neft gəlirlərinin 100 faizindən istifadə eləsin. 25 faiz yığım üçün qalmalıdır. Hakimiyyətin qarşısında məsələ qaldırmalıyıq ki, nə ixtiyarla gələcək nəsillərin də cibinə girirsiniz?! Indiki nəslin cibinə girdiniz, sərvətləri talan elədiniz. Indi də gələcək nəsillərə saxlanmalı olan vəsaitləri nə ixtiyarla dağıdırsınız?! Bizi soyub qurtardılar, indi də övladlarımızın payına əl uzadırlar. Bunu Azərbaycan xalqı bilməlidir”.
Padşahın lütfkarlığı
2013-cü ilin büdcəsini “korrupsiya büdcəsi” adlandıran Əli Kərimli dedi ki, ona baxıb hakimiyyətin prioritetlərini aydın şəkildə görmək olar. Onun sözlərinə görə, büdcə vəsaitlərinin yarıdan çoxu elə sahələrə yönəldilib ki, onlar oradan rahat mənimsənilsin. “Büdcə hazırlanarkən hakimiyyətdəki korrupsionerlərin, bir az da məddahların maraqları nəzərə alınıb, amma xalqın geniş kütləsinin marağı unudulub” deyən AXCP sədri Ilham Əliyevin özünü padşah kimi apardığını bildirdi. Dedi ki, Əliyev müxtəlif adlı qurumlar, fondlar vasitəsilə büdcənin təxminən 750 milyon dollarını əlinin altında cəmləyib. Rayonlara gedərkən isə bu pulun cüzi hissəsini – 2-3 milyonunu padşah kimi oralara “əta” edir, saxta lütfkarlıq göstərir. Bu halı “açıq-aşkar Azərbaycan xalqının satın alınması cəhdi” kimi pisləyən Əli Kərimli sual verdi: “Niyə bu vəsaitlər bələdiyyələrdə olmamalıydı? Niyə bələdiyyələri məhv edib onları ”lütfkarlığa” möhtac qoyublar?”
Hökumət xalqla savaşa hazırlaşır
“Gələn il seçkidir, amma əhalinin böyük hissəsinin çalışdığı sahələrdə – təhsil, səhiyyə, kənd təsərrüfatında artım 05, 1,5 həddindədir. Daxili qoşunlara 36 faiz, Fövqəladə Hallar Nazirliyinə isə 22 faiz artım nəzərdə tutulub. Azərbaycan hakimiyyəti buradan da görünür ki, seçkiyə yox, növbəti dəfə xalqla savaşmağa hazırlaşır. Biz müharibə vəziyyətindəyik, qoy həmin 36 faiz artım Müdafiə Nazirliyinə olsun, biz bunu başa düşək. Hakimiyyət xalqı əzmək strategiyası seçib. Müəllimlərə, həkimlərə, alimlərə, pensionerlərə hakimiyyət deyir ki, sizi saymıram, əməkhaqqınızı artırmağa ehtiyac duymuram. Bu dövlət büdcəsi ilə hakimiyyət öz mahiyyətini açıb ortaya qoyur”, – deyə AXCP sədri bildirib.
Əliyevli hər gün itki deməkdir
Müsavat Partiyasının başqanı Isa Qəmbər də vurğuladı ki, bu, böyük bir oğurluq büdcəsidir: “Bu oğurluq əsasən üç mərhələdə gedir. Birinci mərhələdə Azərbaycanın sərvətlərinin, insanların vergilərinin önəmli bir hissəsi büdcəyə cəlb olunmur, birbaşa oğurlanır. Ikinci mərhələdə büdcənin 65 faizinin təyinatı göstərilmir ki, bu pullar hara xərclənir və burada oğurluq üçün özlərinə münbit şərait yaradırlar. Üçüncü mərhələdə isə təyinatı göstərilmiş istiqamətlərdən də kifayət qədər mənimsənilir. Bu hakimiyyətin heç bir iqtisadi strategiyası, aydın islahat proqramı yoxdur. Sadəcə, neft layihələri bunların hakimiyyəti dövründə işə düşüb və ölkəyə pullar daxil olmağa başlayıb. Bunu bunlar özlərinin strategiyası adlandırırlar. Bu, mənasız iddiadır. Çünki göründüyü kimi, heç bir böyük sərvətləri olmayan qonşu dövlətlər də daha məsuliyyətli yanaşma nəticəsində Azərbaycan büdcəsindən üstün göstəricilərə malik büdcə formalaşdıra bilirlər. Bu hakimiyyət xalqımızın sabahını oğurlayır. Bu rejimin hakimiyyətdə olduğu hər bir gün xalqımız üçün böyük itkidir”.
Hakimiyyətlə vidalaşmağın vaxtıdır
Müsavat başqanının sözlərinə görə, Azərbaycanın o qədər böyük resursları var ki, bu işləri müasir qaydada qursaq, neftsiz, qazsız da çox yüksək səviyyəli şərait yaratmaq, xalqın həyat səviyyəsini yüksəltmək, ölkənin iqtisadiyyatının gələcəyini təmin eləmək mümkündür: “Bunu eləmək mümkündür, ancaq təbii ki, bu hakimiyyətsiz. Artıq bu hakimiyyətlə vidalaşmağın vaxtıdır ki, bu büdcəni Azərbaycanın bu toplantıda iştirak edən və etməyən güclü iqtisadçıları formalaşdırsınlar, burada iştirak edən və etməyən siyasi qüvvələr büdcənin formalaşmasına nəzarət etsinlər. 2014-cü ilin dövlət büdcəsini burada əyləşən və əyləşməyən iqtisadçılar, siyasətçilər, ictimai xadimlər birgə müəyyənləşdirməlidirlər. Birgə mübarizəmiz nəticəsində biz buna nail olacağıq”.
Natiq