8 ildə 800 milyon «udan» tikinti-təmir əməliyyatı
Naməlum tikinti şirkətləri və qapalı qalan tenderlər
R.Ağayev məktəbləri tikən şirkətlərin seçimi və tenderlerin keçirilməsi ilə də bağlı çox ciddi problemlərin olduğunu bildirir: “Azərbaycanda büdcə xərcləmələri ilə bağlı şəffaflıq yoxdur. ”Satınalmalar haqqında” qanun olduqca qəliz və qeyri-dəqiqdir. Lakin bu qanunda birmənalı qeyd olunur ki, əgər büdcə vəsaitləri hesabına görülən işin qiyməti 50 min manatı keçirsə, açıq tender keçirilməlidir. Açıq tenderin də şərtləri var. Elan verilməlidir, iddiaçıların sayı üçdən az olmamalıdır. Tender elanında işin həcmi haqda dəqiq məlumatlar çap olunmalıdır. Açıq tender satınalmaların başqa növləri ilə müqayisədə şəffaflığa daha yüksək təminat verir. Amma görünən odur ki, Azərbaycanda orta məktəblərin tikilməsində açıq tenderlərdən qaçırlar. Arqument də gətirirlər ki, bu iş tələsik görülməlidir. Qanunvericilikdəki problem odur ki, orada icra hakimiyyətlərinin satınalmaları müəyyən hallarda başqa üsullarla da keçirə biləcəyi qeyd olunur. Təhsil Nazirliyi də bundan maksimum istifadə edib. Işin tələsik görülməli olduğu tutarlı arqument deyil. Bu, əsas vermir ki, büdcə vəsaitlərini talan etmək üçün açıq tenderə gedilməsin. Bunun yolları tapılmalıdır. Bir problem də odur ki, açıq tender keçiriləndə işləri eyni şirkətlər görür. Yaxud bir neçə şirkət var ki, bazarda yalnız onlar oyunçu qismində çıxış edirlər. Bunun da çox sadə səbəbləri var. Uzun illərdir ki, Azərbaycanda müəssisə reyestrinin açıq olması məsələsi həllini tapmır. Söhbət, müəssisənin kommersiya sirlərinin yayılmasından getmir. Ondan gedir ki, müəssisə özü, yeri, fəaliyyət istiqamətləri haqda məlumat verməlidir. Bu, ona görə vacibdir ki, sabah açıq tenderdə qalib gələn şirkətin reyestrinə girib onun haqqında məlumat əldə edə biləsən. O şirkətin həqiqətən də mövcud olub-olmadığını müəyyənləşdirəsən. Tenderi o şirkətlər udmalıdır ki, onların texniki və peşəkar imkanları qoyulan tələblərə cavab verir. Amma bizdə ayrı-ayrı nazirlər öz qohumlarının əli ilə şirkətlər yaradırlar. Tenderi də bir qayda olaraq bu şirkətlər udurlar. Bununla da, büdcə vəsaitlərinin yayındırılması üçün yaxşı şərait yaradılır. Əslində tenderi daha sərfəli təklif irəli sürən şirkət udmalıdır. Daha az vəsaitlə və daha qısa vaxtda daha keyfiyyətli iş təklif edən şirkətə üstünlük verilməlidir. Bütün dünyada kriteriya belədir. Amma biz bilmirik ki, udan şirkət bu kriteriyalara nə dərəcədə cavab verir. Bəlkə uduzan şirkət daha yaxşı təklif irəli sürübmüş? Uzun illərdir məktəb tikintisi ilə bağlı bazarda eyni şirkətləri görürüksə, bu o deməkdir ki, burada da korrupsiya riski var”.
Büdcə pullarını mənimsəyənlər niyə cəzalandırılmır?
Təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, təmir-tikinti işləri üçün dövlət büdcəsindən ayrılan vəsait bu illər ərzində Təhsil Nazirliyi tərəfindən tam qapalı şəkildə xərclənib: “Vəziyyət o həddə gəlib çatdı ki, hətta ölkə başçısı Suraxanı rayonunda uçmuş məktəbə şahid oldu. Baş Prokurorluq Təhsil Nazirliyinin məsul işçilərinin məktəb tikintisində yol verdiyi ciddi nöqsanlar və yeyintilərlə bağlı məlumat yaydı. Amma heç kim cəzalandırılmadı. Çünki məktəb tikintisinə məsul olan şəxs nazirliyin tikinti və təmir şöbəsinin müdiri – nazirin doğma xalasıoğlu idi. O, vəzifəsindən sakitcə uzaqlaşdırıldı. Problemlərdən biri də, məktəblərin qısa zamanda tikilməsidir. Başlayırlar, bir-iki aya təhvil verirlər. Sovet dövründə bir məktəbi 7-8 aya, 1 ilə inşa edirdilər. Bir-iki aya tikilən məktəbin nə keyfiyyəti olacaq? Aydın məsələdir ki, bu, vəsaitin silinməsinə xidmət edir. Bakıda məktəblərin birində direktora imzalatmaq istəyiblər ki, təmirə bu qədər vəsait xərclənib, imza at. Imtina etdiyi üçün həmin direktoru işdən çıxarıblar. Bir faktı da deyim. Sabunçu rayonundakı bir məktəbdə şagird kontingentində çatışmazlıqlar olduğu halda onun yanında başqa bir məktəb tikdilər. Məktəblərin bər-bəzəkli şəkildə tikilməsindən az sonra hansı vəziyyətə düşdüyü də hər kəsə bəllidir. Bir sıra məktəblər tikilib istifadəyə veriləndən az sonra divarlarda və döşəmələrdə çatlar əmələ gəlir, binaların fasadları korlanmağa başlayır, ya da damı uçur. Son bir ildə məktəb tikintisi ilə Bakı Şəhər Icra Hakimiyyəti məşğul olur. Icra Hakimiyyətinin tikintidə hansı üstünlüklərə malik olduğunu deyə bilmərik. Çünki monitorinqi heç kim apara bilmir. Amma məsələ bundadır ki, Təhsil Nazirliyi bu məsələdə sözün əsl mənasında ağ eləmişdi. Ona gərə də bu səlahiyyəti ondan aldılar. Təsəvvür edin ki, təmir-tikinti üçün büdcədən ayrılan vəsaitin 20 faizi Təhsil Nazirliyinin tabeçiliyində olan təhsil şöbələrinin rəhbərlərinə çatırdı. Icra Hakimiyyətinin bu sahəyə necə yanaşdığını bilmirik. Amma hansı qurum olursa-olsun bu sahədə müstəqil monitorinq aparılmasa, heç nə dəyişməyəcək. Bu monitorinqi Təhsil Nazirliyinə tabe olan qeyri-hökumət təşkilatları aparmamalıdır. Bunu müstəqil QHT-lər aparıb nəticələri hökumətə təqdim etməlidirlər. Əks halda keyfiyyətli məktəb tikintisi və təmirindən danışa bilmərik. Bu vəsaitlərin ictimai monitorinqi aparılmadığı üçün xərclənmə qapalı şəkildə həyata keçirilir. Bu sahəyə böyük vəsait ayrılır və bura kimlərinsə maraq dairəsindədir. Məktəbləri inşa edən tikinti şirkətlərinə gəlincə, bunlar birmənalı olaraq özlərinə yaxın şirkətlər olur. Hətta bu şirkətlərin çoxunun tikintiyə aidiyyəti olmayıb, sonradan bu istiqamət üzrə formalaşıblar. Ona görə tikinti sahəsində təcrübələri də olmur. Necə ki, məktəblərin IKT təminatı ilə bağlı tez-tələsik bir ”Kür” şirkəti yaratdılar. Həmin o “Kür” şirkəti də “Kür” kompüterlərini orta məktəblərin zirzəmilərinə doldurdu, qapısını da bağladı. Bu gün 50-yə yaxın bu cür tikinti şirkəti var ki, məqsəd də pul köçürmələrini həyata keçirmək və vəsaiti mənimsəməkdir.
Səfirliklərin və başqa beynəlxalq təşkilatların tikdiyi məktəblərin xərcləri qəpiyinə qədər açıqlanır. Tutalım, məktəb otaqları, qazanxanası – hər bir şeyə ayrılan vəsait şəffaf olur. Bizdə isə heç nəyi açıqlamırlar. Onların ayırdığı vəsaitlə bizimkilərin ayırdığı vəsaiti müqayisə edəndə görürsən ki, üç dəfə fərq yaranır. Onlar tikdikləri məktəblərin keyfiyyətinə də cavabdehlik daşıyırlar. Ola bilməz ki, Yaponiya və ya ABŞ səfirliyinin tikdiyi bir məktəb 4-5 aydan sonra çat versin və ya başqa neqativ hal olsun”.
“Tenderlər formal keçirilir”
Iqtisadçı Zöhrab Ismayılın sözlərinə görə, Azərbaycanda dövlət investisiyaları hesabına reallaşan məktəb tikintisi və təmiri layihələrinin hazırlanması proqramlaşdırılmır, ehtiyaclar lazımi səviyyədə qiymətləndirilmir. Nəticədə məktəb layihələri təsdiqlənərkən rayon icra hakimiyyəti başçılarının siyasi çəkisi, həmçinin rayon və kəndlərin qeyri-rəsmi hamilərinin mövqeyi xüsusi rol oynayır.
Onun fikrincə, problemlərdən biri də Azərbaycanda vahid məktəb standartlarının vaxtında qəbul edilməməsidir: “Bunun nəticəsidir ki, bu vaxta qədər tikilmiş yeni məktəblər həm dizaynına, həm imkanlarına və təchizatına, həm də smeta dəyərinə görə çox halda fərqlənirlər. Məktəblərin tikintisi və təmiri üzrə podratçılar müəyyən edilərkən çox halda qanunvericiliyin tələblərinə zidd olaraq tender keçirilmir. Tenderin keçirildiyi hallarda isə bu, adətən, formal xarakter daşıyır. Layihələrin podratçılarının əksəriyyəti yetərli imkana və peşəkarlığa malik olmur. Bu şirkətlərin əksəriyyətinin normal ofisi, işçi heyəti və dövlət büdcəsi vəsaitlərini istifadə etdiyi üçün ictimai hesabatlığı, o cümlədən, internet səhifəsi yoxdur. Ən vacib məqamlardan biri də odur ki, Təhsil Nazirliyi məktəb tikintisi və təmiri layihələri üzrə ayrıca hesabat açıqlamır. Illik hesabatlarına bu proqramlar və onların icrası ilə bağlı məlumatları daxil etmir, geniş məlumat vermir, informasiya sorğularına vaxtında və detallı cavab vermir. Bəzi hallarda isə layihələrlə bağlı Təhsil Nazirliyinin verdiyi rəsmi məlumatlar reallığı əks etdirmir və ya rayon təhsil şöbələri, podratçılar və məktəb rəhbərliklərinin məlumatları ilə üst-üstə düşmür”.
Ekspert hesab edir ki, Təhsil Nazirliyi ilkin bir müsabiqə ilə məktəb tikintisi və təmiri üzrə təcrübəsi və imkanı olan şirkətlərin siyahısını və məlumat bazasını formalaşdıra, onu hər il yeniləyə bilər ki, tender prosesində iddiaçıları qiymətləndirmək asan olsun: “Tender prosesinin şəffaf və ədalətli keçirilməsini təmin etmək üçün məlumatlar nazirliyin saytında yerləşdirilə, tender komissiyalarına QHT-lərin nümayəndələri daxil edilə bilər. Layihə üzrə podratçılarla müqavilələr bağlanarkən keyfiyyətə bir neçə illik təminat məsələsi öz əksini tapa bilər. Eyni zamanda, istifadə müddətində keyfiyyət problemləri çıxdığı halda, məktəb rəhbərlikləri podratçı şirkətləri məhkəməyə verib problemlərin aradan qaldırılmasına nail ola bilər”.
Gültəkin Knyazqızı
Yazı, Nəcəf Nəcəfov Fondunun həyata keçirdiyi “Azərbaycanda korrupsiya halları ilə bağlı müstəqil jurnalist araşdırmaları” layihəsinin dəstəyi ilə hazırlanıb