Kəmaləddin Heydərov ələsgərliləri niyə “yaddan çıxarıb”?
Komissiya yol problemini bəhanə gətirib qəzalı evlərə diqqət yetirmir; kənd sakinləri qışı uçuq evlərdə keçirəcək…
5-6 ballıq zəlzələ Zaqatalaya necə divan tutubsa üstündən 6 ay ötməsinə baxmayaraq problemlər həll olunmur. Əksinə, vəziyyət gündən-günə pisləşir. Qış isə qapını kəsdirib, bir azdan çovğun olacaq, ancaq insanlar özlərinə normal bir koma qura bilməyiblər. Dövlət büdcəsindən ayrılan 300 milyon manat isə hələki zaqatalalıları isindirə bilmir. Hər kənddə iki-üç ev tikilib, yüzlərlə ev qəzalı vəziyyətdədir. Bir qismi çadırlarda, bir qismi həyətlərindəki balaca daxmada, başqa bir hissəsi isə öz hesabına bir otaqlı mənzil tikərək yaşamağa qərar verib.
Kəndə getmək üçün 20 manat!
Zəlzələnin bəxş etdiyi ən böyük fəlakətdən ziyanı Zaqatalanın Ələsgər kəndi çəkib. Bu kənd Muxax kəndindən 2 kilometr aralıdadır. Yəni o qədər uzun məsafə qət etmirsən. Bir sözlə, özünə azca əziyyət versən, Muxaxdan Ələsgərə 1 saata piyada çata bilərsən. Ancaq piyada getmək mümkün deyil. Çünki iki kənd arasında çay var. Bu çayın üstündə körpü tikilmədiyi üçün istənilən avtomobillə ora getmək olmur. Biz Ələsgərə getmək üçün Muxaxdan QAZ-53 sifariş etdik. 10 dəqiqədən sonra sözügedən kəndə çatdıq.
Bizə bələdçilik edən sürücü deyir ki, Ələsgər o qədər də böyük kənd deyil. Yarızarafat-yarıciddi deyir ki, kəndin eni ilə uzunluğu 500 metrdi. Burada 70 ailə yaşayır. Ələsgərdəki evlərin əksəriyyəti qəzalı vəziyyətdədir. Zəlzələdən sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) komissiyası kəndə iki dəfə səfər edib. Bütün mənzillərə “təmir edilməlidir”, “bərpa-gücləndirmə” rəyi yazılıb. Bu barədə az sonra yazacağıq.
Kəndə gediş-gəliş çətindir. Bura bircə dənə də olsun marşurut işləmir. Insanlar rayonun mərkəzinə getmək üçün yük maşını sifariş edirlər. Maşın isə zəhmət haqqı üçün 20 manat tələb edir. Bu pulu qazana bilməyən kənd sakinləri ayda, ildə bir dəfə mərkəzə gedirlər. Kəndin ərzaq problemini ödəmək üçün bir dükan fəaliyyət göstərir. Ancaq bu dükanda istədiyin məhsulu ala bilmirsən. Yol probleminə görə dükan sahibi də həftədə bir dəfə kəndi tərk etməli olur.
Su üçün 3 kilometr yol gedirlər
Ələsgərin ən böyük problemlərindən biri də içməli sudur. Kənd gözdən uzaq, könüldən iraq olduğu üçün bura su kəməri çəkilməyib. Kənd camaatı ötən əsrlərdə olduğu kimi içməli su ehtiyatını ödəmək üçün qonşu kəndə – Sabunçu çayına gedirlər. Bu zaman onlar 3 kilometr məsafə qət etməlidir. Yağış yağanda isə çayın suyu lil olur və camaat susuz qalır.
Işıq problemi tilə üzləşməyən ələsgərlilərin komalarında qaz yoxdur. Qaz xəttinin çəkilməsi üçün sakinlər bircə dəfə də olsun hər hansı quruma müraciət etmirlər. Əslində, “qazla bağlı heç yerə müraciət etməmişik” sözünü eşidəndə təəccübləndik. “Bəlkə səhv eşitmişik” deyib yenidən sual etdik. Ancaq qulağımız bizi aldatmırdı. Camaat qaz problemiylə bağlı ona görə müraciət etməyiblər ki, əvvəlki şikayətlərindən heç biri həllini tapmayıb.
“O qədər problemlərimiz var. Onların həll edilməsi üçün etdiyimiz saysız-hesabsız şikayətlərə baxılmayıb. Qaz yoxdur, olsaydı işlərimzi çox asan olardı, heç olmasa yemək bişirərdik. Ancaq illərdir qaz olmadan yaşadığımız üçün bunsuz da ötüşə bilərik. Əsas odur o biri problemlərimiz həll olunsun”,- deyə kənd camaatı bildirir.
Tibb məntəqəsi olmayan kənd
Ələsgər, Mamrux və Cimcimax kəndləri də daxil olmaqla Mamrux bələdiyyəsinə baxır. Sədri isə Məhərrəm Həsənovdur. Kənd camaatı bələdiyyə sədrinin üzünü aylarla görmür. Bütün problemlərin həll edilməməsində onu günahkar sayırlar.
Zaqatala rayon Icra Hakimiyyətinin saytındakı (www.zaqatala-ih.gov.az “http://www.zaqatala-ih.gov.az”) “Bələdiyyələr” bölməsinə daxil olub Mamrux bələdiyyəsi haqda məlumat əldə etmək istəyirik. Saytda yazılıb ki, “Ələsgər kəndində ümumi orta məktəb, tibb məntəqəsi, məscid binası vardır”. Ancaq ələsgərlilər deyirlər ki, tibb məntəqəsi olsa da fəaliyyət göstərmir. Kənddə bir həkim var ki, o da rayonun mərkəzində özünə aptek açıb: “Həkim aptek işlətdiyi üçün kəndə gəlmir. Tibb məntəqəsinin qapısı bağlıdır. Biri xəstələnəndə məcburuq ki, onu mərkəzə aparaq. Gecə vaxtı əgər kiminsə halı pisləşsə yardıma heç kimə gələ bilməyəcək. Nə maşın var rayona gedək, nə də həkim yoxdur ki, evə çağıraq. Bir neçə il öncə hamilə bir qadını vaxtında xəstəxanaya çatdıra bilmədik deyə dünyasını dəyişdi”.
Ələsgər kəndinin sakinləri azsaylı xalq olan saxurlardır. Kənd camaatı öz xeyir işlərini qonşuluqdakı kəndlərin şadlıq evlərində keçirirlər. Artıq həyətdə mağar qurub toy etməyi saxurlar tarixin arxivinə göndəriblər.
Bircə məktəb inşa olunur…
Bu qədər problemi olan kənd zəlzələdən sonra daha bərbad hala düşüb. Ələsgər kəndində yeraltı təkanın gətirdiyi bəladan sonra bircə dənə də olsun ev təmir olunmayıb. FHN-in işçilərə kəndə bir neçə dəfə gəliblər. Təmir olunacaq deyib gediblər. Sakinlər onlardan mənzillərinin təmir olunmasını tələb edəndə özlərinin qarşıladığı problemləri eşidirlər. Sən demə, FHN-də bu kəndə evlərin təmiri üçün taxta-şalban, daş, qum-çınqıl göndərə bilmir.
Məryəm Mahmudovaya FHN-in komissiya üzvləri deyib ki, Ələsgər kəndinə gəlmək çətindir: “Belə dövlət olar? Camaat soyuqdan qırılır, onlar isə deyirlər ki, gələ bilmirik”.
Gülşən Mahmudovanın evi də qəzalı vəziyyətdədir. Komissiya gəlib, baxıb, rəyini yazıb və gedib: “Bir azdan havalar lap soyuq olacaq. Zəlzələdən sonra yay idi, günümüzü həyətdə keçirirdik. Indi qış gəlir. Şəraitimiz yoxdur, yardım da edilmir. Xırda bir təkan olsa evimiz uçacaq. Ona görə də evdə paltarla yatırıq ki, bir şey olsa tez qaça bilək”.
Zəlzələdən sonra Ələsgərdə yalnız 9 illik təhsil verən orta məktəb inşa edilir. Dərs ilinə qədər məktəb istifadəyə verilmədiyi üçün şagirdlər direktorun evində “təhsil” almalı olurlar.
***
Ələsgəri tərk edib Muxaxa qayıdırıq. Təbii ki, QAZ 53-lə. Çayı keçəndən sonra bir kəndçi ilə qarşılaşırıq. Yolun yarısını qət edən ələsgərli çayı adlamağın yolunu axtarır. Bunu bacararsa, 500 metr də piyada gedib kəndə çatacaq. Ancaq çaydan hoppanmaq müşkül məsələdi. Odur ki, kəndə təsadüfən yolu düşən maşın gözləyirdi. Maşın isə yox idi…
Ramin DEKO
Bakı-Zaqatala-Ələsgər-Bakı