Milli Şuranın sədri Cəmil Həsənli
Konqresmen Cim Makqovernlə (Jim McGovern) ötən ilin sonlarında Congressdə tanış olmuşduq. ABŞ-da və dünyada demokratiyanın ardıcıl müdafiçələrindəndir. Onun təşəbbüsü ilə “Pandemia dönəmində insan haqlarının müdafiəsi aktı” adlı qanun layihəsi Congressə təqdim edilməsi də bir sıra avtoritar rejimlərin pandemiyadan öz əleyhdarlarına qarşı istifadə cəhdlərindən, kriminal-kleptokratik dövlət başçılarının Covid-19-dan müxalifətə və demokratik təsisatlara, azad sözə, vətəndaş cəmiyyətə qarşı istifadə niyyətlərindən irəli gəlmişdir.
Qanun layihəsini müdafiə edənlərin sayı günbəbəgün artır. Artıq səkkiz konqresmen qanun layihəsinin həmmüəllifi kimi çıxış ediblər: Enn Vaqner, Tom Malinovski, Brayan Fitspatrik, Qas Bilirakis, Ceymi Raskin, Mett Kartrayt, Devid Tron və İlhan Ömər. Bu layihənin uğurlu perspektivindən xərbər verir. Qnun layihəsində bir sıra avtoritar rejimlərin Covid-19-dan yararlanmaq kimi çirkin niyyətlərinin önlənməsi nəzərdə tutulur. Orada deyilir ki, “Azərbaycan, Salvador, Macarıstan, Qazaxıstan və Filippin də daxil olmaqla, bəzi ölkələrdə hökumətlər indiki böhrandan hakimiyyətin konsolidasiyası, qanunverici orqanların səlahiyyətlərinin məhdudlaşdırılması və tənqidlərin aradan qaldırılması üçün istifadə edir”.
Gördüyünüz kimi siyahıya Azərbaycan, kleptokratik diktator İlham Əliyev rəhbərlik edir. Bu səbəbsiz deyil. Adı çəkilən ölkə başçılalarından heç biri İlham Əliyev kimi pandemiyadan öz əleyhdarlarına qarşı açıq istifadə doktrinası ilə çıxış etməmişdi. İlham Əliyevin 19 mart çıxışı onun bu siyahıya rəhbərlik etməsini şərtləndirən başlıca sənəddir. O, pandemiyadan yalnız insan haqlarını boğmaq üçün deyil, eyni zamanda ölkənin çökürtdülməsinin fakturasını da guya fors-major kimi Covid-19-un adına kəsib məsuliyyətdən yaxasını kənara çəkmək planları cızırdı. Lakin neft qiymətlərinin kəskin düşməsi fonunda sosial, iqtisadi və idarəçilik böhranının dərinləşməsi ona bu imkanı vermədi.
Bilavasitə İlham Əliyevin şəxsi göstərişi ilə Tofiq Yaqublunun və Əlzamin Salayevin həbsi, mart-iyun aylarında 50-yə yaxın Xalq Cəbhəsi fəallarının, xüsusi ilə AXCP sədri Əli Kərimlinin yaxın ətrafının inzibati qaydada saxlanılması (bəzilərinin bu müddətdə 3 dəfə), ölkənin əsas müxalifət partiyası liderinin internet, humanitar və kommunikasiya blokadasına alınması, partiya aktivistinin (Aqil Hümbətov) ruhi dispanserə göndərilməsi bu qəbildən olan natəmiz əməllər, pandemiyadan öz əleyhdarlarına qarşı yararlanmaq cəhdi idi.
Tofiq Yaqublunun vərəmli xəstələrlə birlikdə saxlanması, Cəbhə rəhbərliyində təmsil olunan Məmməd İbrahimin oğlu Mehdi İbrahimi qurama dövlət çevrilişi adı ilə həbs edə bilməyəndən 7 gün sonra onu atasının siyasi fəaliyyətinə görə Covidə yoluxma və guya başqalarını virusa yoluxdurma ittihamı ilə haqqında cinayət işi açdılar. Necə də utanmaz və murdar həşaratmış bunlar. Namuslu adamları namussuz əməllərlə şərləyirlər. Öz əleyhdarlarını qorxulu Covidə belə yoluxdurmaqdan çəkinmirlər.
Bunların bu qorxulu xisləti tək ölkə əhalisinə qarşı deyil, bəşəriyyətə və bəşəri dəyərlərə qarşı ağır cinayət əməlidir. İki körpə ekiz uşaq atası olan Aqil Əli Məhərrəm şəraitsizlik ucbatından və ya qəsdən öz siyasi mənsubiyyətinə görə həbsxanada covidə yoluxub. Əlifba sırasına görə deyil, məhz belə natəmiz niyyətlərinə görə İlham Əliyev “Pandemia dönəmində insan haqlarının müdafiəsi aktı” qanun layihəsində kleptokratik rejim bacılarının sıralanmasına başçılıq edir.
Digər diktatorlardan fərqli olaraq İlham Əliyev pandemiyaya öz müxalifətini legitimləşdirmək imkanı kimi baxır, real, gerçək müxalifətə qarşı “müqəddəs” müharibəni cib müxalifətinin konsolidasiyası fonunda aparırdı. Onun Milli Şura və Xalq Cəbhəsinə qarşı amansız mübarizəsi, bütün cəbhə boyu savaş açması ələ baxan müxalifətin legitimləşmə yolunu təmizləmək, bu prosesə mane olan gerçək müxalifəti sıradan çıxarmağa çıxarmaq zərurətindən irəli gəlirdi.
Bu mümkün olmadıqda və onun 19 mart doktrinası iflasa uğrayanda İlham Əliyev Tovuz avantürasına əl atıb karantin şəraitində Qarabağ kartı və Vətənşüvənlik dalğasında Milli Şura və Xalq Cəbhəsini bitirməyin çirkli planını işə saldı. Parlamentin tutulması ilə guya Xalq Cəbhəsinin hakimiyyəti ələ keçirməsi ittihamının hüquqla heç bir əlaqəsi yoxdur. Bu siyasi ittiham, həm də karantin rejimindən dövlət çevrilişinə cəhd kimi istifadəni özündə ehtiva edən sərsəm və avantürist ittihamdır.
O, indi “Bandoteldə” açdığı modul elektrik stansiyasını işə salaraq cəbhəçilərin bədəninə elektrik cərəyanı verməklə öz sərsəm iddialarına “hüquqi” zəmin hazırlayır, Covid böhranı şəraitində ağır işgəncələr yolu Əli Kərimlinin guya Milli Məclis binasını “tutmaqla” dövlət çevrilişinə cəhd etməsi barədə “təsdiqləyici” ifadələr alır. Nasistlər də vaxtı ilə Reyxstaqı öz əleydarlarına divan tutmaq üçün yandırmışdılar. Milli Məclisin “tutulması” adi faşizm rəzalətinə söykənən avantüradır. O, tələsir, çox tələsir. Covidin ağır şərtlərindən yararlanaraq Milli Şura və Xalq Cəbhəsin bitirmək istəyir, amma Covid də daxil olmaqla günü gündən dərinləşən sosial, iqtisadi və idarəçilik böhranının müstəbid İlham Əliyevin oğru, kriminal, kleptokratik və antimilli rejimini bitirəcəyi də istisna edilmir.