Hərənin bir dərdi var, Tahir Kərimlinin də plyonka dərdi
Bu gün Milli Məclisin yaşlı deputatlarından fərqli olaraq, Tahir Kərimli “orjinal” təkliflə gündəmə gəlib. O, çoxdandır avtomobillərə tətbiq edilən plyonka qadağasının aradan qaldırılması təklifini irəli sürüb. Deputat deyib ki, plyonkaya görə cərimələrin yazılması vətəndaşları narazı salır: “Bu qadağanın tətbiq edilməsi absurddur. Beynəlxalq qanunvericiliyə əsasən, avtomobilin ön şüşələri istisna olmaqla, arxa şüşələrə plyonka və ya digər vasitələr vurula bilər. Tutaq ki, biri ailəsinin gizliliyini təmin etmək istəyir, digəri görünmək istəmir, yəni bu, insanların seçim hüququdur. İnsanlar var ki, günəş şüasına qarşı allergiyası var, onlar nə etməlidir? ” Kərimli xatırladıb ki, yaxınlarda Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlinin avtomobilinə də plyonkaya görə cərimə yazılıb. “Vüsal Kərimli cərimələnirsə, görün o biri insanlar necə əziyyət çəkirlər…”- deyə deputat bildirib.
Avtomobillərdən plyonkaların sökülməsini insan hüquqlarının pozulması kimi qiymətləndirən deputatın fikri ilə razıyıq. Amma kaş ki, Kərimlinin ölkə vətəndaşlarının fundamental hüquqlarının pozulmasında da belə prinsipiallıq göstərdiyinin şahidi olaydıq. Onun yaxın günlərdə 19 oktyabr mitinqi ilə bağlı mürtəce çıxışını da unutmamışıq. Onda niyə küçədə zorakılıqla sürüklənən, polis idarələrində işgəncəyə məruz qalan insanların hüquqlarından danışmırdı deputat Kərimli? Məlumdur, bunlar xalqın dərdinə yandıqları üçün heç vaxt dillərini tərpədib danışmazlar. Adamın dərdi var, ya ailə üzvlərindən kiminsə avtomobilini saxlayıb plyonkasını söküblər, ya da öz avtomobilinin plyonkasına irad tutublar. Yoxsa Tahir Kərimli boşuna belə qəzəblənib, plyonka söhbətinə baş qoşmaz.
“Striptiz” deputatlara qarşı bizimlə meydanlarda ol! 2si Noyabr DİN binasının qarşısında!! Saat 15 00da!