Daha bir qocaman deputat sağ-salamat olduğunu dedi
Rəhmətlik Üzeyir bəy haqlıymış, deputatlıq adamın ağlını başından alırmış. İlham Əliyevin hökumətdə kök salmış 70 yaşlılardan könüllü istefa ərizəsi gözlədiyini deməsi parlamentdəkilərin də kürkünə birə salıb. İllərdir parlamentdə varlığı ilə yoxluğu bilinməyən ağsaqqal deputatlardan biri də dilə gəlib. Məlum eyhamdan panikaya düşən 69 yaşlı Tahir Rzayev tələm-tələsik mətbuata açıqlama verib, sağ-salamat olduğunu bildirib: “ Kadr dəyişiklikləri, kadr islahatları başqa məsələdir, deputatlıq başqa. Biri təyinatladır, biri seçki ilə. Deputatı xalq seçir, o xalqın istəyinin seçimidir. Neçə yaşından asılı olmayaraq, aşağı hədd məlumdur – 18 yaş, istənilən şəxs istənilən yaşda və istənilən dəfə seçilə bilər. Elə bir yuxarı yaş həddi yoxdur ki, kimsə deputat seçilə bilməsin… Təcrübəli gənclərin, sağlam gənclərin parlamentə gəlməsinin də əleyhinə deyiləm. Lakin bütünlüklə parlamenti gəncləşdirmək gələcəkdə qanunvericiliyə böyük ziyan ola bilər…Kimlərsə öz vəzifəsini yerinə yetirirsə, xüsusən xalqın içində hörməti varsa, fəaldırsa, belə adamlara xalq etimad göstərirsə, qoy yenidən seçilsinlər. Niyə seçilməsinlər ki?”. Dəyərli “deputat” anlamır ki, parlament artıq ölkədə öz leqitimliyini itirib. Ölkədə Parlament yox, “Striptiz” Məclisi var.
Deputatın bir fikri xüsusi olaraq diqqəti çəkir – “parlamenti gəncləşdirmək gələcəkdə qanunvericiliyə böyük ziyan ola bilər.” Müəllim elə danışır ki, guya bu ölkədə qanunvericilik-filan sayan var ? Guya adamlar on illərdir parlamentdə qanunvericiliyi rəhbər tutub, xalqın dərdinə yarayan bir iş görüblər. Tahir Rzayevin deputatlıq müddətində mətbuatın gündəminə düşdüyü bir mövzu olub ki, o da şoumen Toliklə bağlıdır. Deputat o vaxt mətbuata YAP-ın sıralarına ağına-bozuna baxmadan kimin gəldi qəbul edilməsindən gileylənmiş, misal kimi Toliki göstərmişdi: “Axı Tolikin YAP-da nə işi var? Bəlkə Tolikin başı xarab olub, onun ətrafına baxılmalıdır. Onunla eyni partiyada təmsil olunmaq şəxsən mənə pis gəlir. Sabah Toliklə partiyanın təşkil etdiyi hər hansı tədbirdə üz-üzə gəlsəm, əlbəttə ki, bundan pis olaram. Bu təkcə partiyanın adına xələl gətirmir, həmin adamların öz adlarına da xələl gətirə bilər…” Maraqlı olsa da, bu açıqlamadan qısa müddət sonra deputatın ağacəkmə aksiyasında Toliklə yan-yana şəkilləri yayılmışdı.
Amma yaş məsələsində Tahir müəllimin narahatlığını anlayırıq, növbəti seçkilərdə parlamentdən kənarda qalmaq təhlükəsi onun da yuxusunu qaçırıb. Əslinə qalsa, qocaman deputatın bu qədər həyəcan keçirməsinə əsas yox. Ölkədə böyük xalq hərəkatı başlayır. Onsuz da xalq bu parlamentdəki qvardiyanı tam heyətdə istefaya göndərəcək. Nəyi pisdir ki? Tahir müəllim üçün də təqaüdə çıxıb, nəvələriylə gün keçirməyə yaxşı imkan yaranar.
“Striptiz Yox-Parlament İstəyirik” aksiyana qoşul və 2 Noyabr saat 15 00dam axşamadək bizimlə ol!