İlham Əliyev bəyan etdiyi “islahatlara” qocaların yerini dəyişməklə başladı. O, bir neçə gün əvvəl baş nazirin qoca müavinləri Əli Həsənovla Hacıbala Abutalıbovu istefaya yola salarkən, “iqtidarda 70 yaşını keçən” məmurların istefa verəcəyinə ümid etdiyini bildirdi. Ötən gün isə illərdən bəri gözlənən “istefa” baş verdi. Daha doğrusu, 24 il Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyev vəzifəsindən azad edildi. Başqa bir sərəncamla prezident onu Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edib. 81 yaşında olan Mehdiyev iki gün əvvəl istefa vermiş akademik Akif Əlizadədən 3 yaş cavandır. İlham Əliyev onu boş da yola salmadı, “dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə” görə “Heydər Əliyev” ordeni ilə təltif etdi. Bundan başqa, ölkə başçısı iqtisadiyyat naziri Şahin Mustafayevi baş nazirin müavini vəzifəsinə gətirdi. Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi İqtisadiyyat Nazirliyinə birləşdirildi və Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edildi. Hakimiyyət daxilində zəlzələ təkanları baş verməkdədir və Əliyev komandasındakı kadrların yerini dəyişməklə qəzadan sağ çıxmağa çalışır. Yaxın günlərdə bənzər təyinatların və yerdəyişmələrin davam edəcəyi də gözlənir. Gözləyək, görək, prezidentin “kadr islahatında” daha kimlərin “kəlləsi gedəcək…”
Milli Məclisin qapısı nə vaxt döyüləcək?
Prezident Administrasiyasında təlatüm başlandı. Şübhəsiz, növbə məlum komanda üzvlərinə də çatacaq. Bu məsələyə, xüsusilə də, boz kardinalın gedişinə ən çox sevinən parlament üzvləridir, deyilənə görə. Yazmışdıq, deputatlar çoxdan Mehdiyevin həbs olunacağını, onun komandasının darmadağın ediləcəyini gözləyirlər. Amma prezident onun “böyük zəhmətini” yerə vurmadı, yola salanda boynuna “Heydər Əliyev” ordeni asdı, üstəlik, qucaqlayıb öpdü də. Necə olsa, 16 illik diktatura hakimiyyətini ona borcludur, bu müddətdə zor aparatına məhz o rəhbərlik edib, adam haqqı itirməz. PA komandasında təmsil olunanlarla düşmənçilik edən, Mehdiyevin istefasına sevinən deputatlar özlərini süddən çıxmış ağ qaşıq hesab edirlər, deyəsən. Amma indi hamının ağlından keçən bir sual var ““islahatlar” MM-nin qapısından nə vaxt girəcək”? Biçarə xalq on illərdir bunların əlindən zara gəlib axı. Bu qocalar və səfehlər ünvanı on illərdir insanların ömrünü yeyir. On illərdir xalqın əleyhinə olan bütün qanunlar Parlament adlı bu bayquşxanadan çıxır. Əliyevlər hakimiyyəti xalqdan qazandığı sonsuz nifrətin 70%-ni bu bayquşxanaya borclu olsun gərək! Şübhəsiz, “islahatlar” yaxında bura da çatacaq. Ən yaxşı halda indiki parlamentin 70 yaşlıları boğçalarını büküb qoysunlar qapının ağzına. Çünki diktator hakimiyyətinin ömrünü uzatmaq üçün köhnə komandadan xeyli qurban verməli olacaq.
Qocalmış hakimiyyət özü də gedəcək
Xülasə, ölkənin gündəmi sürətlə dəyişməkdədir. 8 oktyabrda şəhərin mərkəzində razılaşdırılmış aksiya ilə başlanan, 19 oktyabrda razılaşdırılmamış aksiya ilə davam edən etirazlar ölkədə yeni situasiya yarandığından xəbər verir. Azərbaycan dəyişikliklərə hamilədir. Əliyevlər diktaturasının getməsi “olmazsa, olmaz”a çevrilib. Artıq hər kəs anlayır ki, bu doğumun qarşısını heç kim heç bir yolla ala bilməyəcək. Prezidentin islahat şousu belə bu məsələdə bir şeyə yaramayacaq. 85 yaşlı qocanı çıxarıb yerinə 81 yaşlı qocanı gətirməklə, nazirlikləri birləşdirib başına “universal yenilikçi” kadrı oturtmaqla, lap elə parlamentdə naftalinləşmiş qocaları bayıra atmaqla da qurtulmaq olmayacaq. Artıq bu hakimiyyətin bütünlükdə özü qocalıb. Xalqın etirazı hər gün qartopası effekti ilə böyüyür. Ölkə insanı köklü dəyişiklik istəyir, 26 illik hakimiyyətin çıxıb getməsini istəyir. 19 oktyabr etirazların böyüməsi üçün baş məşq idi, ardı mütləq gələcək! Yüzminlərin elliklə meydanlara çıxmasına lap az qalır!