19 oktyabr baş məşq idi, mitinqlər dayanmayacaq!
Hakimiyyət 19 oktyabrda ifrat zorakılığa niyə yol verdi, bilirsiniz? Xalqın gözünü qırsın və mitinqlərin ardı gəlməsin. Sonra da payız mövsümünü bağlı elan edib, qarşıdan gələn növbəti seçki saxtakarlığının hazırlıqlarına başlasın. Deyəsən hakimiyyət, doğrudan, başını itirib və anlamır ki, daha zaman o zaman deyil. Müxalifət bu ilin ən uğurlu mitinqini nə vaxt keçirib, bilirsiniz? 19 yanvarda-qışın oğlan çağında. Guya biz məhz o mitinqdən sonra bunların kürkünə birə düşdüyünü bilmirik? Guya mitinqləri həmişəlik yasaqlamağın nəyin qorxusu olduğunu anlamırıq? Hamı hər şeyi gözəl bilir. Bu çirkin hakimiyyətin istismar müddəti çoxdan bitib və yaxın zamanda tarixdən silinib gedəcək. Mitinqlər və etiraz aksiyaları isə heç bir halda dayandırılmayacaq. O gün meydana gələn insanlar etiraz aksiyalarını davam etdirməyin ən vacib məsələ olduğunu deyirdi. “Bunlardan boğaza yığılmışıq, etirazlar davam etməlidir, istəmirik bu oğru hakimiyyəti” deyən onlarla insan gördük meydanda. Bəli, daha insanlar qorxmur, daha Əliyev diktaturasının dayaqları ləngərləyir, onu aşırmaq üçün bircə güclü təkan belə yetər.
O gün meydanda 1990-cı il 20 yanvar gecəsinin iştirakçısı olan xeyli dostlarla qarşılaşdıq. Həm kədərli, həm qürurlu şəkildə “az qaldı, belə davam etməyəcək” dedilər. 20 yanvar gününü xatırladıq, cərgə-cərgə rus tanklarının qarşısına çıxdığımızı, açılan güllələri, yaralanan və şəhid olan dostlarımızı xatırladıq. Onların ruhunu hiss etdik meydanda. Qorxuya və ölümə meydan oxuyan doxsanıncıların yazdığı tarixdən danışdıq. Xalqın qorxu hissinin öldüyünü gördük o gün. Əliyev rejiminə meydan oxuyan gəncləri gördük. Onların krallıq istəklərinə, əbədi hakimiyyət ehtiraslarına nifrət yağdırdığını gördük. Qadınların, qocaların ölkədəki iyrəncliklərə və özbaşınalıqlara od püskürdüyünü gördük. O gün qorxunu öldürüb çağırışa gələn minlərlə insanın gözlərindəki ümidi gördük. O ümid ölkənin gələcəyinə böyük işıq tutur. O işığın məhbəs qaranlığını qovmasına, azadlıq qapılarını açmasına az qalır. 19 oktyabr böyük etirazların baş məşqi idi. Diktaturaya “bu xalq sənin kölən deyil, etiraz haqqımızı əlimizdən ala bilməzsən” mesajı idi. Hakimiyyət məlum mesajı aldı, hər halda. Mitinqlər davam edəcək. Həm də davamlı şəkildə davam edəcək, qələbəyə kimi!