Etiraz azadlığı bütün konvensiyaların təməl prinsipidir
Dünyada Avropa Şurasına üzv olub, sərbəst toplaşmaq azadlığını qadağan edən neçə ölkə tanıyırsınız? Zəhmət çəkib axtarmayın, Azərbaycandan başqa belə bir ölkə tapmayacaqsınız. Azərbaycan hakimiyyəti illərdir qanunları pozur. Özü də təkcə ölkə konstitusiyası ilə təsbit olunmuş qanunları deyil, beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəlikləri də saya salmır. Elə isə Azərbaycan hakimiyyətinin 25 dekabr 2001-ci ildə Milli Məclisdə təsdiqlətdiyi qanunu xatırladırıq: ”1950-ci il noyabrın 4-də Roma şəhərində imzalanmış “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya və onun 1, 4, 6 və 7 saylı Protokolları müvafiq bəyanatlar və qeyd-şərtlər ilə təsdiq edilsin.” Həmin qanunun “Yığıncaqlar və birləşmək azadlığı” adlı 11-ci maddəsində deyilir ki, hər kəsin dinc toplaşmaq azadlığı və başqaları ilə təşkilat şəklində birləşmək azadlığı hüququ vardır. Milli təhlükəsizliyə və insanların sağlamlığına təhlükə yaratmadığı halda, bu hüquqlara heç bir məhdudiyyət qoyula bilməz. Biz Azərbaycan hakimiyyətinin bu öhdəliklərə əməl etməsini istəyirik. Hakimiyyət müxalifətin 19 oktyabr mitinqi üçün normal yer ayırmağa borcludur. Bunu həm ölkə qanunları, həm də beynəlxalq öhdəliklər tələb edir. Mitinq müraciətini BŞİH-nə göndərən Milli Şura bəyan edib ki, aksiya istənilən halda keçiriləcək. Çünki ölkədə narazılıq özünün pik səviyyəsinə çatıb və müxalifət də aksiyalarla bağlı qərarları bu sosial sifarişə əsaslanıb verir. Amma insan azadlıqlarını bütün konvensiyalarla başlıca prinsip elan edən beynəlxalq qurumlar nədən bu prosesə fəal dəstək verməsin? Nədən Azərbaycan hökumətinə bu qurumlar qarşısında götürdüyü öhdəliklərə əməl etməyin vacibliyi uca səslə xatırladılmasın?
Beynəlxalq təmsilçiliklər də sözünü deməlidir
Avropa köynəyi geyinən Azərbaycan hakimiyyəti on illərdir ölkəni feodal qaydalarıyla idarə edir. Müxalif səslər sıxışdırılıb küncə sıxılıb, demokratik təsisatlar əzilib yox edilib, həbsxanalar azad fikirli insanlarla doldurulub. Bütün bu baş verənlər və Avropaya, Amerikaya qədər bulaşdırdığı kürü diplomatiyasının, “landromat” korrupsiyasının fəsadları onları durdurmaq üçün yetərincə əsas vermirmi? Azərbaycan xalqı artıq insan azadlıqlarını universal dəyər elan etmiş güclərdən demokratiya mübarizəsinə dəstək gözləyir. Azərbaycan insanı o gün meydana Amerika səfiri Li Litzenberqerin, Almaniya səfiri Volfqanq Maniqin, Fransa səfiri Zakari Qrosun, Böyük Britaniya səfiri Ceyms Şarpın, Avropa İttifaqının səfiri Kestutis Yankauskasın müşahidəçilər göndərəcəyinə ümid edir. Azərbaycan insanı ogünkü aksiyanı BBC, CNN və başqa nüfuzlu kanalların işıqlandırmasını gözləyir. Dünya birliyi, nəhayət, üzünü demokratiya istəyən Azərbaycan xalqına tərəf çevirməli, 26 illik totalitar rejimlə qanun dilində danışmalıdır. Nəhayət, Avropa da, Amerika da nümayiş etdirməlidir ki, antidemokratik rejimlərlə bərabər addımlamaq onların prinsiplərinə uyğun deyil. Dünya bu regionda daha bir demokratik sistemin qurulmasını istəyirsə, öz prinsiplərinə sadiq qalaraq, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirməlidir.
19 oktyabra çağırış xalqın etiraz haqqıdır
Məlumdur ki, 19 yanvar mitinqindən sonra aksiyaların qarşısının alınmasının əsas səbəbi məhz o mitinqə xalqın verdiyi kütləvi dəstək olub. İllərdir narazı xalq kütlələrinin etiraz mitinqlərinə hər cür zorakılıqla mane olan hakimiyyət məhz meydanın ogünkü coşqusundan qorxuya düşdü. Çünki o gün onlarla təşkilatçı fəalın həbsi, yüzlərlə fəalın polisə çağırılıb hədələnməsi əks effekt verdi. Meydana xalq çıxdı o gün…Uzun fasilədən sonra, o qadağa buzu 8 oktyabrda Milli Şuranın “razılıq verilib-verilməməsinə baxmayaraq o aksiya olacaq” israrından sonra sındı. Müxalifət indiki hakimiyyətin tarixində ilk dəfə mərkəzdə razılaşdırılmış aksiya keçirdi. Amma azsaylı etirazçı kütləsinin iştirakına hesablanan o aksiya elə mitinq azadlığına olan qadağanın götürülməsi tələbi ilə keçirildi. Müxalifət bu həftə, 19 oktyabrda böyük mitinq keçirəcəyini bəyan edib, müraciət də elə 8 oktyabr aksiyasında BŞİH-nə təqdim olunub. Hökumət xalqın iradəsi ilə hesablaşıb, etiraz aksiyası üçün uyğun meydan ayırmalıdır. Azərbaycan insanı bu məsələdə həm də beynəlxalq qurumların dəstəyini gözləyir.