Məhkəmədə YAP-çı həkimin dələduzluğu sübuta yetirildi
Mingəçevir Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Tacəddin Vahid oğlu Kosayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Mingəçevir şəhər Məhkəməsində hakim Ələkbər Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, T.Kosayev 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, T.Kosayev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub. Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının üzvü olan T.Kosayev 28 il davamlı olaraq şəhərin ayrı-ayrı tibb müəssisələrində həkim kimi fəaliyyət göstərib. O, uzun müddət şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, eləcə də Mingəçevir Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi olub. T.Kosayev son günlərədək Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında statistik kimi fəaliyyət göstərib.
Onu da əlavə edək ki, sabiq baş həkim 2013-cü ilin yayında Heydər Əliyevin abidəsi önündə keçirdiyi aclıq aksiyasıyla ölkə mətbuatının gündəmini zəbt etmişdi.
Azər