O günün xalq arasından çıxan qəhrəmanları
8 oktyabr aksiyası Bakını silkələdi. Çoxdandır səssizlikdən mürgüləyən paytaxtın mərkəzi küçələri “azadlıq” şüarları ilə diksindi. Həmin gün ölüm səssizliyindən, ətalətdən və xofdan bezən minlərlə insan şəhərin mərkəzinə axışdı. Milli Şuranın “sərbəst toplaşmaq azadlığı” şüarıyla çağırılmış kiçik aksiyası meydandakı “azadlıq” sədalarıyla böyük bir dalğaya çevrildi. O gün bir daha sübut olundu ki, Azərbaycan insanın azadlıq, demokratiya, ədalət arzuları hələ də canlıdır. Sübut olundu ki, insanların ölkəni dəyişmək, yeni düzən qurmaq və qanunların hakim olduğu ölkədə yaşamaq arzularının qarşısını heç bir qüvvə ala bilməz. O gün meydanda xalq vardı. O gün hər kəs meydanda bu xalqın qəhrəmanlarını gördü. Polisin gözünün içinə baxa-baxa Əliyev rejimini yıxıb sürüdü qəhrəmanlar həmin gün. O gün meydanda “heç nədən qorxmuruq, istəyirsiniz həbs edin, istəyirsiniz öldürün, artıq bu rejimi istəmirik” deyən qəhrəmanlar gördük. Meydanda peyda olub “İlhamla irəli” çığıran yaltağı yerdən-yerə vuraraq, alnına “aftafatutan” ləqəbi yapışdıran və aksiyanın simvoluna çevrilən Pərvanə xanımı gördük. “Verin mənim atamı, sizə nifrət edirəm, Əliyev rejimi, artıq dəf olun gedin” deyə fəryad edən şəhid qızı gördük. “Bu yaşamaq deyil, Qarabağ getdi, namus-qeyrət getdi, belə həyatdansa hamımızı aparın güllələyin” deyən Qarabağ qazisi gördük. Qatil səhiyyə övladını öldürən cəbhəçi Vəlixan bəyin hönkürə-hönkürə üsyan etdiyini gördük. “Mənə Qarabağımı qaytarın, mənə torpağımı qaytarın” deyə haray çəkən insanlar gördük.
“Yüz dəfə də tutulmağa hazırıq, təki bu ölkə dəyişsin”!
Gerçəkdən möhtəşəm gün idi. Doğrudur, haqsız həbslər də oldu. Polislərin, xüsusən, meydanda ilk dəfə peyda olan qadın polislərin zorakılıq faktlarını da gördük. Amma ədalətlə desək, polis də hər zamankı ilə müqayisədə daha peşəkar davrandı və artıq zorakılığa yol vermədi. Saxlanılanların böyük əksəriyyəti qısa vaxtda sərbəst buraxıldı. Saxlanan 30 aksiyaçıdan inzibatı qaydada cərimələnənlər də oldu. İndiyə qədər həbsdə qalanların məlum siyahısı yalnız iki nəfərdən ibarətdir – aksiyadan bir gün əvvəl saxlanan cəbhə fəalları Əlizamin Salayev və Elxan Əliyev. Amma vəkillər başqa şəxslərin saxlanma ehtimallarını da araşdırıb ictimaiyyətə məlumat verəcək və onlara bütün lazımi dəstək təmin olunacaq. Qarşıda isə bizi daha böyük bir gün gözləyir. Milli Şura rəhbərliyi elə aksiyadaca 19 oktyabr tarixinə mitinq elan etdi. Mitinq müraciəti də elə yerində BŞİH-nə təqdim olundu. Ogünkü aksiyanın sonunda müvəqqəti saxlanıb azad edilən insanlarla danışmaq imkanımız da oldu. “Yüz dəfə də tutulmağa hazırıq, təki bu ölkə dəyişsin” deyir hər kəs. “Ölkə həbsxanaya çevriləndən sonra hansı həbsxanayla qorxudacaqlar bizi” deyə qəzəb püskürür insanlar. Hər kəsin dilində “bu ölkəni otuz il sümürmək bəs olmadımı bir ailəyə” fəryadı, “neft milyardlarıyla öz balalarına yüz illik sərvət yığıblar, bəs bu yüz minlərin ac-susuz balaları necə olsun” üsyanı, “hər yerdə qanunsuzluq, yoxsulluq, işsizlik, bezdik, usandıq, tükəndik, bu hakimiyyət getsin artıq” nidası!
Xalqın qəlbindəki azadlıq sevdasından doğan 19 oktyabr
8 oktyabr xalqın içindəki etiraz qığılcımını 19 oktyabr mitinqində alova çevirmək üçün bir pəncərə açdı. O gün sərbəst toplaşmaq azadlığı şüarı altında bir araya gəlmiş insanlar illərlə boğulmuş arzularını dilə gətirdi. O gün bu ölkənin qaranlığa sıxışdırılmış milyonlarının içində neçə-neçə cəsur ürəklər yaşadığına şahid olduq. Dünənə kimi heç kəsin tanımadığı, bilmədiyi qəhrəmanlar çıxdı o gün həmin qaranlıq evlərdən. Qocalı, cavanlı, gəncli, qadınlı, kişili bir xalq vardı o gün meydanda. Onlar bu xalqın, övladlarının gələcəyindən əndişələnən və o məqsədlə meydana çıxan qəhrəmanlardır. Heç bir siyasi mənsubiyyəti, tərəfkeşliyi, iddiası olmayan qəhrəmanlar. O qəhrəmanları siz də gördünüz. Sabah böyük meydanlarda onların sayının yüzminlər olacağına şübhə qalmadı artıq. Vulkan kimi püskürən qəzəb seli o gün Bakının üstündəki ölü səssizliyi alıb çox uzaqlara apardı. Artıq 19 oktyabr bu ölkənin demokratik dəyişikliklərin lap astanasına aparıb çıxaran gün ola bilər. O gün üçün hamımız birlik olmalıyıq. Dəyişim və gözəl günlər üçün hərəmiz əlimizi bir daşın altına qoymalıyıq. Hakimiyyət özü də xalqın iradəsinə qarşı dirənməyin faydasız olduğunu anlamalı və bağlı qapıları açmalıdır. Bu ölkədə dinc və demokratik dəyişikliklərə yaşıl işıq yandırmağın zamanıdır. O işıq sənin qəlbindəki azadlıq sevdasından doğacaq, Azərbaycan insanı! Vaxtdır, saatlarımızı hamılıqla 19 oktyabra quraq!
Hikmət