Dünən Ictimai Palatanın Koordinasiya Şurasının növbəti iclası keçirilib. Bu barədə “Azadlıq”a iclasa sədrlik edən, Koordinasiya Şurasının üzvü Ədalət Yusifov məlumat verib.
Onun sözlərinə görə, iclasda qərarların icra vəziyyəti, Ictimai Palatının sessiyasının ertələnməsi, ölkədəki ictimai-siyasi durum və cari məsələlər müzakirə olunub: “Qurban bayramıyla əlaqədar Ictimai Palatanın növbəti sessiyasının noyabrın 3-nə ertələnməsi qərara alınıb. ”Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə qarşı cərimə sanksiyaları, medianın düşdüyü çətin durumla bağlı bəyanat qəbul olundu. Bəyanatda hakimiyyətdən söz azadlığının keşikçisi olan bu iki qəzetə qarşı hücumları dayandırmaq tələb olunub”.
Parlamentin buraxılması tələbilə oktyabrın 20-də keçirilmiş etiraz aksiyasının nəticələri də dünənki iclasda müzakirə mövzusu olub. “Aksiya, Müsavat partiyasının qərargahına basqınla bağlı məsələlər də müzakirə olundu. 20 oktyabrda yaşından asılı olmayaraq, qocalara, xanımlara qarşı polis və mülki geyimlilərin zorakılığı pislənildi. Artıq bununla bağlı bəyanat qəbul olunub. Biz bu zorakılığı hakimiyyətin Azərbaycan xalqının gözünü qorxutmaq cəhdi kimi dəyərləndirmişik. Hakimiyyəti xalqla zor dilində danışmamağa, xalqla birgə olmağa çağırmışıq. Mitinq günü Müsavat partiyasının qərargahına hücumun hakimiyyətin mahiyyətindən doğan fakt olduğunu vurğulamışıq”, – deyə Ədalət Yusifov bildirib.
Siyasi məhbuslarla bağlı mövzu da diqqətdən kənarda qalmayıb. Nümayiş etdirdikləri cəsarətə, apardıqları rəşadətli mübarizəyə görə onlara minnətdarlıq ifadə olunub.