İlham Hüseyn
Xeyli adam haqlı olaraq şəhid ailələrinin pulunun verilməsini, minimum əməkhaqqının 50 manat artırılmasını və digər kiçik addımları 19 yanvar mitinqi ilə əlaqələndirir. Bəziləri isə hesab edir ki, 19 yanvar mitinqi çox şişirdilir. Əslində belələrini də başa düşməyə çalışıram. Uzun illər vətəndaş o qədər kiçildilib ki, hökumətdən o qədər ögeylik görüb ki, hansısa mitinqin önəmini qəbul etməyə çətinlik çəkir.
Amma bu birmənalı şəkildə belədir ki, 19 yanvar mitinqi hökumət üçün siqnal oldu. Uzun illərdi öldüyünü, kölə olduğunu düşündükləri xalqdan etiraz gəldi. Bu etiraz yalnız meydandakı insanlarla məhdudlaşmadı. Sosial şəbəkələrdə, iş yerlərində, məhlələrdə geniş müzakirə mövzusu oldu. Xalqda özünəinam yarandı.
Ona görə də pessimist, inam qıtlığı yaşayan adamlar da başa düşməlidir ki, 19 yanvar mitinqi şişirdilmir. Sadəcə olaraq bizim içimizdəki ümidsizliyin, inamsızlığın şişkinliyi böyükdür.
Və bir daha sübut olundu ki, meydanların alternativi yoxdur. Bunu hökumət də etiraf etdi. Meydanlar hər zaman yenidir, köhnəliyi inkar edir və istifadə müddəti sonsuzdur.
Gənclərin 1+3 kampaniyası da təsadüfi çağırış deyil.
Məsələ burasındadır ki, 1+3 = XİLAS.
Yəni, xilasın düsturu bu qədər sadədir