Zakir Qaralov niyə məzuniyyətə çıxıb? İlham Əliyevin namizədliyi Əli Əhmədovun yadına niyə indi düşüb?
“Gülər Əhmədova olayı”nın hakimiyyətdaxili qruplaşlamalar arasında ziddiyyətləri alovlandırdığı barədə məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, Ramiz Mehdiyevin rəhbərlik “Naxçıvan” qruplaşması ilə Paşayevlər bu məsələdə üz-üzə gəlib. Ramiz Mehdiyevdə və komandasında belə bir rəy yaranıb ki, Gülər Əhmədova özünü onlar tərəfdən müdafiə edilmədiyini görüb hakimiyyətdə rəqib qüvvələrin təsir dairəsinə düşüb.
PA rəhbəri və komandası əsasən MTN-dən şübhələnir. Gülər Əhmədovanın MTN-nin nəzdindəki Əsir və Girovların Axtarışı üzrə Dövlət Komissiyasının üzvü olması, həmçinin onun “məndə də videolar var” bəyanatı bu şübhələri bir qədər də artırır. Məlumatda bildirilir ki, Ramiz Mehdiyevin komandası Paşayevlərin nəzarətində olan MTN-nin Gülər Əhmədovadan PA rəhbərinə qarşı istifadə etmək niyyətindədir.
Məlumatda həmçinin qeyd etmişdik ki, Ramiz Mehdiyev və komandası Gülər Əhmədovanın həbsini tələb etsələr də, prokurorluq hələ ki, Gülər Əhmədovanı şahid qismində dindirməkdən o yana keçə bilməyib. Bu da ən yüksək səviyyədə siyasi qərarın olmaması ilə izah edilir. Məlumata görə, Ramiz Mehdiyev və komandası da ölkə başçısı Ilham Əliyevin məsələyə münasibətini səbirsizliklə gözləyir.
“Azadlıq”ın yazdıqlarını təsdiqini tapmaqdadır. Xüsusilə iki hadisə belə düşünməyə əsas yaradır. Bunlardan biri Zakir Qaralovun Strasburqdan qayıtdıqdan sonra məzuniyyətə çıxmasıdır. Təsəvvür edin, iki həftədən çoxdur ki, “Gülər Əhmədova olayı” ölkənin gündəmini zəbt edib. Sabiq deputatın rüşvət videosu ilə bağlı Bakı prokurorluğunda cinayət işi başlanıb. Hər gün yeni təfərrüatlar üzə çıxır, müxtəlif məlumatlar yayılır. Belə bir vaxtda ölkənin baş prokuroru məzuniyyət götürür. Bu halda “məzuniyyət oyunu”nun “Gülər Əhmədova olayı” ilə əlaqəli olmadığını düşünmək üçün heç bir əsas yoxdur. Böyük ehtimalla Zakir Qaralov bu məsələ ilə bağlı üz-üzə gələn qruplaşmaların hədəfinə gəlməmək üçün belə bir addım atıb. Yəni, hər iki tərəfin təzyiqlərinə məruz qalan baş prokuror vəziyyətdən ən optimal çıxış yolu kimi məzuniyyət götürməyi seçib. Görünür, baş prokuror ən yüksək səviyyədə siyasi qərar verilməyənə qədər heç bir addım atmaq istəmir.
Ikinci hadisə isə YAP-ın icraçı katibi Əli Əhmədovun bəyanatıdır. Əli Əhmədov “Trend”ə bir bəyanat göndərək YAP-ın namizədinin Ilham Əliyev olduğunu açıqlayıb. Maraqlıdır, bu məsələnin gündəmdə olmadığı bir vaxtda Əli Əhmədovun belə bir bəyanat səsləndirməsi nədən irəli gəlib? Ilk ağla gələn versiya əlbəttə ki, yenə də “Gülər Əhmədova olayı” gəlir. Əli Əhmədovun bu bəyanatını Ilham Əliyevə mesaj kimi dəyərləndirmək olar. Yəni, Ramiz Mehdiyevin nəzarətində olan YAP Ilham Əliyev namizəd elan etməklə “Gülər Əhmədova məsələsi”ndə ölkə başçısının dəstəyini qazanmaq istəyir. Belələliklə, bütün bunlardan bir daha o nəticəyə gəlmək olar ki, “Gülər Əhmədova olayı” hakimiyyəti iki yerə bölüb.
Namiq