Qırıcılar sərnişin təyyarəsini enməyə məcbur etdi; Dəməşq və Moskva Ankaranın üzərinə getdi
Dəməşqə uçan Suriya Hava yollarına məxsus təyyarə Türkiyə hava məkanına daxil olarkən Türk Hərbi Hava Qüvvələrinə aid F-16 qırıcıları tərəfindən Ankara hava limanına endirilib. Yayılan ilkin məlumatlara görə, 35 sərnişini olan “A-320 Airbus” tipli təyyarədə aparılan araşdırmalar zamanı 12-13 ədəd nəhəng dağıdıcı silahlar aşkar edilib. Təyyarədəki şübhəli əşyalar götürüldükdən sonra hava gəmisi Dəməşqə yola salınıb.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu təyyarənin göyərtəsində mülki aviasiya tələblərinə cavab verməyən yük daşındığı barədə məlumat aldıqlarını və buna görə də təyyarəni endirmək qərarı verdiklərini söyləyib. Nazir əlavə edib ki, təyyarədə qadağan edilmiş yük, xüsusilə, silah aşkarlansa, beynəlxalq hüquqa uyğun addımlar atılacaq.
Əhməd Davudoğlu sərnişinlərin zərər görməməsi üçün təyyarənin Dəməşqə yola salındığını təsdiqləyib.
O, təyyarədə olan bəzi avadanlıqların isə araşdırmalar üçün müsadirə edildiyini deyib. Nazir təyyarədən aşkarlanan bəzi avadanlıqların araşdırıldığını bildirib. Davudoğlu həmçinin Türkiyənin hərbi uçuşlar üçün qoyduğu məhdudiyyətləri davam etdirəcəyini və bundan sonra da eyni addıma əl atacağını vurğulayıb. Davudoğlu hadisənin Türkiyə-Rusiya münasibətlərinə zərər verməyəcəyini, təyyarənin endirilməsinin isə beynəlxalq hüquq çərçivəsində etdiklərini söyləyib.
Rəsmi Moskva göyərtəsində Rusiya vətəndaşlarının olduğu Suriya təyyarəsinin Ankarada saxlanması ilə bağlı Türkiyədən izahat tələb edib. XİN Ankaradakı Rusiya səfirliyinin Türkiyənin rəsmi dairələriylə əlaqə yaradaraq baş verənlərin təfərrüatı ilə bağlı izahat tələb etdiyini bildirib. Türkiyə tərəfi isə Rusiyadan hər hansı izahat tələb olunmadığını və bunun üçün rəsmi bildiriş almadıqlarını bəyan edib.
Təyyarənin endirilməsi Türkiyə və Rusiya rəsmilərini qarşı-qarşıya gətirib. Rusiya XİN-in sözçüsü Aleksandr Lukaşeviç Ankaradakı səfirik və konsulluq işçilərinin təyyarədə olan Rusiya vətəndaşlarına baş çəkmələri üçün müraciətlərinə Türkiyə tərəfinin laqeyd yanaşdığını bildirib. Sözçü deyib ki, səfirlik və konsulluq işçiləri heç bir əsas göstərilmədən hava limanı ərazisində 8 saat gözlədiliblər.
Suriya Xarici İşlər Nazirliyi də Moskva-Dəməşq reysiylə uçan təyyarənin endirilməsinə sərt reaksiya verib. Nazirlik təyyarənin endirilməsini “düşməncəsinə və qınanması lazım olan bir davranış” adlandırıb. XİN-in bəyanatında “təyyarənin dayandırılması terrorçuları dəstəkləyən və Suriya torpaqlarını bombalayan Ərdoğan hökumətinin düşmənçilik siyasətinin bir işarəsidir” cümləsi yer alıb. Bəyanatda türkiyəlilərin götürdüyü yükün tam şəkildə geri qaytarılması da tələb olunub. Livandan nəşr olunan “Əl Manar” televiziyasına danışan Suriyanın nəqliyyat naziri Mahmud Səid Türkiyəni “quldurluq”da günahlandırıb.
Endirilən təyyarənin aid olduğu Suriya Hava yollarının Moskva nümayəndəliyinin rəhbəri Əhməd Hüseyn Rusiya mətbuatına açıqlamasında baş vermiş hadisəyə baxmayaraq təyyarələrin marşrutlarını dəyişdirməyəcəklərini bəyan edib. Nümayəndə Moskva-Dəməşq reysi ilə üçan təyyarələrin yenə eyni marşrut üzrə uçacağını deyib. Əhməd Hüseyn təyyarədə gizli daşınan yük olduğuna dair iddiaları rədd edib. O, endirilən təyyarədə qanunsuz yük daşınmadığını söyləyib.
Türkiyənin endirdiyi təyyarənin sərnişinləri və ekipaj üzvləri hadisəylə bağlı Rusiyanın RBK kanalına açıqlama veriblər. Sərnişinlər və ekipaj üzvləri təyyarənin endirilməsindən sonra türkiyəli əsgərlərin onlara təzyiq göstərdiklərini açıqlayıblar. Onların sözlərinə görə, əsgərlər sərnişinlər və ekipaj üzvlərinə təyyarənin məcburi eniş etdiyinə dair sənəd imzaladıblar. Sənədi imzalamaqdan imtina edənlərə isə zor tətbiq olunduğunu deyiblər.
azadliq.info