Dələduzluğun estetikası: doğru-düzgün, yalansız yaşamaq olmaz. 19 illik YAP hakimiyəti boyunca dələduzluğun estetikasına uyğun – doğru-düzgün, yalansız yaşamaq olmaz – prinsipi ilə yaşayanların yaşayışına da baxın, o prinsiplə yaşamayanların yaşayışına da. Birincilər o prinsiplə yaşayanlardı, ikincilər o prinsiplə barışmayanlar.
YAP siyasi şura üzvü, YAP-ın ən gözəl, ola bilsin, ən doğru-düzgün xanımı, deputat Gülər Əhmədova DƏLƏDUZLUQ suçlaması ilə patriyadan çıxarıldı, deputat mandatı əlindən alındı. Özünə də cinayət işi açıldı.
YAP-ın yaradıcılarından, eləcə də başlıca yetkililərindən olan Sirus Təbrizli bu partiyanı SIMASIZ QULDURLAR PARTIYASI adlandırmışdı. Kimin quşqusu var? Bir adamın tarixə düşməsi, tarixdə qalması üçün bir fraza da yetərli ola bilir. Yaxın gələcək, eləcə də yaxın gələcəyin AYRI məhkəmələri Sirusun bu frazasını dönə-dönə doğruldacaq.
YAP icra katibi Əli Əhmədov elə bil Gülər Əhmədovanın ayağının sürüşəcəyi günü gözləyirmiş. Balaca bir çıxışında o, hələ siyasi şura üzvlüyündən çıxarılmamış çoxillik partiya yoldaşını dönə-dönə “dələduz” adlandırır, onun YAP-a “ləkə” olduğunu bildirir. Bu isə YAP-ı, eləcə də rüşvətin bir ucunun gedib çıxdığı rejim yetkililərini yubanmadan xalqın gözündə təmizə çıxarmağa, ləkədən uzaqlaşdırmağa yönəlmiş siyasət, taktiki gedişdir. Təmizləmənin effektiv alınması üçün G.Əhmədovanı daha çox qaralamaq, daha çox yamanlamaq gərəyi yaranır. Beləliklə, ən azı 2013-cü il seçkisi keçənədək G.Əhmədova YAP-ın gündəmdən düşməyən qurbanları sırasında olacaq – xalqı, demokratik dünyanı aldatmaq üçün!
Qabaqca siyasi sanksiya verildi, sonra prokurorluq işə qarışdı. Olsun. Ancaq nə üçün fakta uyğun olaraq rüşvət alıb-vermə (311) maddəsi deyil, dələduzluq? Bunun özü dələduzluq – xalqı aldatma faktı deyilmi? G.Əhmədova E.Abdullayevlə alver sürəcində, aldığını az sayaraq deyir: “Sən nə danışırsan, mən gedib camaatın prezidentdən keçən siyahısını pozdurmuşam”. 19 ildən bəri bu ölkədə seçki siyahıları dönə-dönə pozularaq dəyişikliyə uğrayıb. Kimlərsə kimlərinsə yerinə dürtülmək üçün qoyulan 3 milyonluq taksa yerinə 3 yarım, 4 milyon, 5 milyonluq taksa yerinə 5 yarım, 6 milyon verdiklərinə görə! Sözsüz, yuxarıyla danışıb-bitişmədən sonra G.Əhmədovanın etmək istədiyi də o işlərdən biri olub. Alınmayıb.
G.Əhmədovanın YAP yanındakı indiki suçu bacarıqsız çıxması, 19 illik rejim-seçki cinayətlərini açıb ağartmasıdılr. Onun başlıca suçu konkret ad çəkməsi, çoxillik seçki bazarlığının başında duranı – xalqın çox yaxşı tanıdığı bu adamı xalqa özünün deputat mandatı, deputat yetkisi ilə tanıtmasıdır. Üstəlik, o yerdə o, YAP yetkilisi – YAP siyasi şurasının üzvü olaraq çıxış edir, elə buna görə də kəskinliklə, üstün tonda danışır.
Ortada G.Əhmədovanın etdiyindən ötə gedən faktlar var:
– 19 ildən bəri keçirilən bütün seçkilərin saxtalaşdırılması;
– 19 ildən bəri müxalifətin televiziyalara çıxışının yasaqlanması;
– 20-ci yüzilin başlanğıcında Avropaya örnək demokratiya qurmuş ölkənin 80 il sonra diktaturaya dönüşdürülməsi;
– demokratik dövlət yerinə hərbi-polis dövləti qurulması;
– məhkəmə-hüquq sisteminin antihüquq sisteminə çevrilməsi;
– rüşvətin, korrupsiyanın, oğurluğun, soyğunçuluğun, monopoliyanın dövlət siyasəti olaraq oturuşması;
– orta-ali məktəblərin rüşvətə bürünməklə, bilik ocağından biliksizlik ocağına çevrilməsi;
– xəstəxanalardakı soyğunçuluq, həkimlərin yararsızlığı üzündən xalqın sağlamlıq üçün Irana axışması;
– vəhşi kapitalizm axarında insan faktorunun kapital yığımına qurban verilməsi;
– xalqın dirçəlişində, ölkənin yüksəlişində başlıca rol oynaya biləcək aqrar sektorun planlı olaraq dağıdılması;
– Ana-uşaq ölümü baxımından ölkəmizin ən geridə qalmış Afrika ölkələrinə yoldaş edilməsi;
– ölkənin uğurlu, parlaq gələcəyi üçün gərəkli potensialın yox edilməsi;
– Belarus diktatoruna 0,1, Azərbaycan xalqına 20-24 faizlə kredit verilməsi;
– bütün Avropaya qaz satan ölkədə rayonların qazlaşdırılmaması üzündən meşələrin qırılıb oduna çevrilməsi;
– avropalıların 1,5 milyon dollara çəkcəyi yolun “daxili imkanlar hesabına” 23 milyon dollara çəkilməyi;
– ölkənin başlıca gələcəyinin – GƏNCLIYIN işsizlikdən yaranan yoxsulluq içində yolsuzluğa sürüklənməyi;
– 256 dustağın vərəmə tutulduğu 14 saylı kolonda dustaqların normal yaşayış istəyi, bu istəyə görə onlara vəhşicəsinə divan tutulması;
– televiziyalarda xalqa doğru-düzgün informasiya yerinə yalan sırınması, milli-mənəvi dəyərlərin aşındırılması, intellektual-maarifçi proqramların yerinə düşük-düşkün şou proqramlara geniş meydan verilməsi, bir ailənin benefisinə yönəlik yaltaqcasına verilişlərlə millətə sürü psixologiyası aşılanması…
Bütün bunlar rejim siyasəti olaraq ortaya çıxan çoxsaylı antimilli, antidemokratik neqativ görsənişlərin bir azıdır. Bu görsənişlərin arxasında son 19 ildə xalqdan oğurlanan, təkcə ofşor zonalarda 48 milyard dollara çatan mənimsəmə-oğurluq faktları dayanır.
PA sözçüsü Əli Həsənovun “hakimiyətə gəlmək istəyənlər xalqın qanı üzərindən keçməli olacaqlar” deməsi nə deməkdir? Bu çıxış Cinayət Prosessual Məcəlləsinin hansı maddəsinin göstəricsidir? Demokratik dövlət qurduqlarından danışa-danışa özləri qana susayan diktatura qurduqlarını, demokratik yolla hakimiyətdən getməyəcəklərini bidirilər – bütün başqa diktaturalar kimi.
Əli Həsənovun indi etdiyi çıxışın oxşarını “sovet partiya və dövlət xadimi” (ASE), Azərbaycan xalqının qanına susamış daşnak Levon Mirzoyan ötən yüzilin 20-ci ilində Bakı “proletariatı” qarşısında etmişdi: “Yoldaşlar, biz Qızıl ordunu Azərbaycan hökuməti (ADR hökuməti. – X.B.) üzvlərinin cəsədləri üzərindən buraya gətirəcəyik”. Görünür, doğrudan da, könüldən könülə yollar görünür. “Yeni Azərbaycan Partiyası” kommunist-bolşevik törəməsi olduğundan demokratik dəyərlərlə barışa bilmir.
Bəlli olduğu kimi, kommunist-bolşeviklər rus-erməni-mason birliyinin yardımı ilə hakimiyətə gələndən sonra xalqımızın adını (TÜRK adını) dəyişdilər. Gətirənlərlə gətirilənlərin istəyi qarşılıqlı olaraq üst-üstə düşürdü: 20-ci yüzilin başlanğıc çağlarında da, sonlarında da.
Görəsən, ən əski çağlardan TÜRK adlanan bir xalqın adını dəyişməyin adı nədir?