«Məsələnin prezident seçkiləri ərəfəsi gündəmə gətirilməsi təsadüf deyil»
Sentyabrın 18-də ABŞ-ın Kolumbiya Universitetinin professoru Fredrik Sjöberq Corc Vaşinqton Universitetində “Seçki günü yerli seçki müşahidəçiliyi” mövzusunda dinləmə keçirib. O çıxışında Azərbaycan, Qırğızıstan və Gürcüstan təcrübəsinə əsaslanaraq vətəndaş cəmiyyətindən olan müşahidəçilərin seçki günündə saxtakarlıq hallarını azaltmaq gücünə malik olduqlarını göstərib.
Sjöberq hazırda Azərbaycanda hökm sürən vəziyyəti nümunə gətirərək qeyd edib ki, bu ölkədə seçki zamanı seçki keçirilən məkanda veb-kameraların quraşdırılması saxtakarlığı azaltmır, sadəcə saxtakarlığın hansı üsullarla törədildiyini göstərir: “Hakim orqan bundan da ”çıxış yolu”nu bilir: onlar kameraların yerləşdirilmədiyi yerlərdə yenidən seçkilərin nəticələrini saxtalaşdırmaqda davam edirlər”.
Seçki monitorinqlərinin müxtəlif formalarının təsirinə gəldikdə, o, Azərbaycanla bağlı bu faktı aşkar edir: veb-kameraların quraşdırılmasının təsiri yox dərəcəsindədir: Daha sonra Sjöberq Azərbaycanda seçkilərin vəziyyəti barədə məlumat verib. O, 2008-ci ildə keçirilən prezident seçkiləri zamanı səslərin 90-%-ni toplayaraq, keçmiş prezident Heydər Əliyevin oğlu Ilham Əliyevin prezident seçildiyini, 1 il sonra isə yəni 2009-cu ildə iki dəfədən artıq seçilməmək məhdudiyyətinin ləğv olunduğunu, 92% qərarın lehinə səs verildiyini deyib: “Beynəlxalq seçki müşahidəçiliyi ilə bağlı ATƏT-in 2010-cu il hesabatında qeyd olunur ki, Azərbaycanda keçirilən seçkilər ölkənin demokratik inkişafına şərait yaratmır: 152 seçki məntəqəsindən 47-də səslərin sayılması prosesi neqativ qiymətləndirilib. Qeyd olunmalıdır ki, seçki gününə qədər hakimiyyət müdaxilələrindən geri qalmır. Belə ki, müxalifət partiyalarından namizədliyini vermiş namizədlərin yarıdan çoxu qeydiyyatdan imtina edib”.
Scöberq hər 3 ölkədə saxtakarlıq hallarını qiymətləndirib və belə nəticəyə gəlib: ekspertlər 12 ballıq cədvəldə Azərbaycanı 2 balla, Qırğızıstan və Gürcüstanı isə 6 balla qiymətləndirir. Bu o deməkdir ki, seçkilərin düzgün və ədalətli keçirilməsi baxımından Azərbaycan digər adıçəkilən iki ölkədən 3 dəfə geri qalır: “Araşdırmadan həmçinin belə məlum olur ki, Azərbaycanda səslərin sayılmasında saxtakarlıq halları 2008-ci il prezident seçkilərində davam edib. Bundan fərqli olaraq 2010-cu il seçkilərində isə belə görünür ki, müşahidəçilər bu cür saxtakarlıq hallarını azaltmağa nail olublar”.
Beləliklə Sjöberq apardığı araşdırmalara əsasən belə qənaətə gəlib ki, Azərbaycan da daxil olmaqla adıçəkilən hər üç ölkədə seçkilərdə qanunsuzluqlarla bağlı əhəmiyyətli addımlar atılsa da, saxtakarlıq halları davam edir: “Müşahidəçilərin iştirakı seçkilərdə bu halları azaldır, lakin ölkələrdə hökm sürən rejimlərin seçki müahidəçilərinə qarşı həssaslığından asılı olaraq, bu proses fərqlənir: belə ki, daha avtokratik rejimin hökm sürdüyü Azərbaycanda seçki müşahidəçilərinin iştirakı olsa da, saxtakarlıq halları davam edir”.
Siyasi ekspert Rahim Hacıyev hesab edir ki, ABŞ-ın məsələni məhz Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsi gündəmə gətirməsi təsadüf deyil: “Hələ may ayında ABŞ Konqresində Azərbaycanda 2013-cü ildə keçirilməsi planlaşdırılan seçkilərlə bağlı müzakirələr olmuşdu. Orada açıq şəkildə bildirilmişdi ki, Azərbaycanda bu vaxta qədər keçirilən seçkilər saxtalaşdırılıb. ABŞ-da çox ciddi narahatlıq var ki, hakimiyyət növbəti seçkiləri də saxtalaşdırmağa hazırlaşır. Yəni bu vaxta qədər seçkini saxtalaşdırmaq yolu ilə hakimiyyətdə qalan hakim komanda bundan sonra da eyni üsula əl atacaq. Çünki hakimiyyətdə qalmağın başqa formasını tanımırlar. Xalqa xidmət, xalqdan səs almaq yolu seçilməyib. Hakimiyyətin belə bir planı yoxdur. Sadəcə olaraq seçkiləri saxtalaşdırmaq yolu ilə bir neçə il də hakimiyyətdə qalmaq istəyirlər. Əlbəttə ki, bu, ABŞ-da çox ciddi narahatçılıq yaradıb. ABŞ administrasiyası dəfələrlə bildirib ki, bizim əməkdaşlıq etmək istədiyimiz ölkələr demokratik ölkələrdir. Yəni işlədiyimiz ölkələrin demokratik ölkələr olmasını istəyirik”.