Fikrət Cəfərov: «Partiyanı hökumətdə olan hansısa oliqarxın maraq dairəsindən çıxarmalıyıq»
Xəzər Teyyublu: “Partiya sədri seçkidə iştirak etmək niyyətindədir. Bu məsələlərin məhz bundan sonra ortaya çıxması təsadüfi deyil”
Klassik Xalq Cəbhəsi Partiyasında (KXCP) “Demokratik Birlik” fraksiyası təsis edilib. Fraksiyadan APA-ya verilən məlumata görə, qurum KXCP sədrinin strateji məsələlər üzrə müavini Aydın Mədətoğlu, seçki məsələləri üzrə müavin Ədalət Yusubov, əlaqələr üzrə müavin Fikrət Cəfərov, beynəlxalq məsələlər üzrə müavin Qaya Əliyev, gənclər üzrə müavin Rüfət Sahiboğlu, partiyanın Idarə Heyətinin üzvü Rafiq Abdulla tərəfindən təsis olunub.
Fraksiyanın yaradılmasına səbəb partiyanın mövcud siyasi xəttinə etirazla bağlıdır. Fraksiyanın tələb və təklifləri yaxın vaxtlarda partiyanın sədrinə təqdim ediləcək.
“Uzun illərdir Klassik Xalq Cəbhəsi Partiyasında qəbul olunan qərarlar icra edilməyib.
Son 10 ildir partiya eyni formada idarə olunur. Dəfələrlə müxalifətin inteqrasiyasına yönələn birliklərdə təmsilçiliyimizlə bağlı qərarı olub, lakin hər dəfə bu qərarlar icraya yönəlməyib. Partiyanın rəhbəri ya prosesin icra edilməsinə imkan verməyib, ya da öz bildiyi kimi addım atıb. Belə hallar çox olub. Lakin ictimaiyyətə indi açıqlanır”. Bunu isə APA-ya açıqlamasında KXCP sədrinin müavini, “Demokratik Birlik” fraksiyasının həmtəsisçisi Fikrət Cəfərov deyib. O bildirib ki, partiyada təsis olunan fraksiyanın qarşısında duran əsas vəzifə təşkilatı təmsil olunduğu düşərgədəki fəaliyyətinə geri qaytarmaq, pərdəarxası məsələləri açıqlamaq olacaq: “Partiyanı hökumətdə olan hansısa oliqarxın maraq dairəsindən çıxarmalıyıq. Kimsə KXCP-nin möhürü ilə oynaya bilər, amma partiya hansısa şəxsin nəzarəti altında bu rejimlə pərdəarxası bir yerdə ola bilməz. Fraksiya bu məsələlərlə bağlı ciddi fəaliyyət göstərəcək, biz KXCP-nin müxalifət düşərgəsinə qaytarılması istiqamətində mübarizə aparacağıq”.
F. Cəfərovun sözlərinə görə, ictimaiyyətdə KXCP-nin dumanlı imici yaranıb. Buna səbəb KXCP-nin mənsub olduğu düşərgədən sapmalarıdır: “Partiyanın sətiraltı proseslərdə iştirakı şübhələr yaradır. Partiya mütləq öz siyasi düşərgəsinə dönməlidir. Biz ictimai fikirdə dumanlı imici dağıdacağıq və sübut edəcəyik ki, KXCP öz yolundadır. Artıq rayon şöbələrindən də fraksiyaya qoşulmaq niyyətləri açıqlanıb. Partiyanın üzvlərindən digər şəxslərin də fraksiyaya qoşulmasında heç bir problem yoxdur. Tələblərimizdə isə əlahiddə bir məqam yoxdur”.
Dünən həmçinin fraksiyanın Azərbaycan Xalqına müraciəti yayılıb. Həmin müraciətdə deyilir:
Əziz soydaşlarımız !
1. Azərbaycan xalqının demokratik və hüquqi dövlətə malik olmaq,azad iradəsinin ifadəsi kimi demokratik və şəffaf seçkilər yolu ilə dövlət hakimiyyətini formalaşdırmaq,insan hüquq və azadlıqlarına hörmət və ölkənin təbii ehtiyyatları və iqtisadi resurslarının ədalətli ictimai bölgüsü əsasında sosial rifah və layiqli həyat səviyyəsində yaşamaq haqqının realizəsinin labüdlüyünü nəzərə alaraq
2. Bütün bu haqqların realizəsinin Azərbaycanda formalaşmış avtoritar,korrpusioner və dinastiya reciminin süqutundan və ya demokratik recimə transformasiyasından keçdiyini dərk edərək
3. Bu məqsədin həyata keçirilməsinin yalnız recim tərəfindən bu və ya digər üsullarla deqradasiyaya uğradılmış,parçalanmış,süni şəkildə cinahlara bölünmüş milli-demokratik qüvvələrin birliyi,konsolidasiyası və ya təmərküzləşməsinin həyata keçiriləcəyi təqdirdə baş verəcəyini anlayaraq
“Demokratik Birlik” fraksiyasını Fraksiyasını yaratdıq.
Əziz həmvətənlər!
Qiyam və Azərbaycan xalqının konstitusion hüquqlarının pozulması yolu ilə dövlət hakimiyyətini qəsb etmiş bu recimin fəaliyyətinə son verməyin Xalq+Demokratik Qüvvələr Birliyi düsturunun həlli ilə gerçəkləşəcəyini qeyd edir, Azərbaycan xalqının istəyinə uyğun olaraq milli maraqlarımızın reallaşdırılması istiqamətində davamlı və dönmədən mübarizə aparacağımızı və bu mübarizədə sizlərin dəstəyinə ümidimizi ifadə edirik.
Tanrı Azərbaycanımızı,Millətimizi qorusun və bu mübarizədə hamımıza yardımçı olsun! Amin!”
KXCP-nin təşkilati məsələr üzrə müavini Xəzər Teyyublu isə baş verənlərlə bağlı “Azadlıq”a bildirib ki, əslində partiyada hər şey öz axarınca davam edir: “Sadəcə bəzi şəxslər mətbuat vasitəsilə ajiotaj yaradıblar. Partiyanın sədri var və müavinlər də onun tabeliyindədir. Əgər onların hər hansı təklifi, təşəbbüsü olarsa, bunun partiyanın Idarə Heyətində müzakirə etmək olar. Lakin müavin sədrə müxalifətçilik etməsi bir qədər məntiqsiz görünür. Bundan başqa həmin fraksiyanı yaradanlar arasında fikirayrılığı mövcuddur. Onlardan bəziləri bildirir ki, bu fraksiya bütövlükdə demokratik düşərgəyə aiddir. Amma bəziləri yalnız KXCP-yə aid olduğunu bildirir. Digər tərəfdən mətbuatda bəzi məsələlər də yanlış şəkildə verilir. Məsələn, Qaya Əliyev partiya sədrinin müavini kimi təqdim edilir. Amma o, nəinki sədr müavin deyil, ümumiyyətlə partiya sıralarından xaric edilmiş şəxsdir. Klassik Xalq Cəbhəsi Partiyası qarşıdan gələn prezident seçkisinə hazırlaşır. Partiya sədri seçkidə iştirak etmək niyyətindədir. Bu məsələlərin məhz bundan sonra ortaya çıxması təsadüfi deyil. Görünür, maraqlı qüvvələr narahatdır.
Biz bu gün milli qüvvələri bir araya gətirib demokratiya uğrunda mübarizəmizi gücləndirməliyik. Amma təəssüf ki, bunun əvəzində bəzi şəxslər xırda məsələlərlə məşğuldur”.