AXCP partiyanın Cəlilabad şöbəsinə sədrlik edən Təzəxan Mirələmliyə qarşı hakimiyyətin bitməyən basqılarını, bu konteksdə iki gün əvvəl onun atasının uzun müddətə həbsə atılmasını şiddətlə pisləyir.
AXCP T.Mirələmlinin atasının həbsini birincinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir, ittihamı və məhkəmə hökmünü siyasi sifarişdən doğan qərəz kimi dəyərləndirir.
AXCP xatırladır ki, Mirələmli ailəsinin Azərbaycan hakimiyyətinin qisas obyektinə çevirilmə tarixi 2010-cu ilin saxta parlament seçkisindən qaynaqlanır.
T.Mirələmli rayondakı seçkilərin saxta aparıldığını ifşa edən fəaliyyətdən kənar qalmamış, seçki pozuntuları ilə bağlı məlumatları ölkə və beynəlxalq aləmdə ictimailəşdirmişdir…
Saxta seçkilərin ləğv edilməsi tələbi ilə yaranan Ictimai Palatanın təsisçilərindən olan T.Mirələmli qurumun təşkil etdiyi bütün aksiyalarda aktivlik göstərib. IP-in ən kütləvi aksiyalarından olan 2 aprel mitinqində T.Mirələmli polisin zorakılığına məruz qaldı, onun gözü kor olacaq həddədək əzildi, daxili orqanları polis dəyənəyindən ciddi xəsarət aldı. T.Mirələmli aldığı xəsarətlərdən Bakıda müalicə aldığı bir vaxtda yerli orqanların təşviqi nəticəsində məktəbli oğlu təxribata çəkildi, məktəbli uşağa atasına görə tənələr, aşağılamalar edərək onu affekt halına çatdıraraq cinayətə sövq etdilər. Hakimiyyətin bu çirkin siyasi oyunun nəticəsində bir azyaşlı Azərbaycan övladı həbsə düşdü, o biri isə həyatını itirdi.
Nəhayət, hakimiyyət “köhnə kartlara” əl ataraq onun yaşlı atasını da şərləməyi öz mənəviyyatına rəva bildi. T.Mirələmlinin atası narkotik satışı ilə qondarma ittihama tuş edildi və həbsə atıldı.
AXCP beynəlxalq insan haqları qurumlarına səslənərək onlardan 21-ci əsrdə, Avropa Şurasına üzv dövlətdə bir insanı tənqidçi düşüncələrinə görə əzən Azərbaycan hakimiyyətinə məsuliyyətli və humanist olmağa israrlı çağırışlar etmələrini istəyir.
AXCP hesab edir ki, Azərbaycan hakimiyyəti öz emosional hisslərini kənara qoyub siyasi müxalifliyinə görə hər cür təqib və təzyiqləri dərhal dayandırmalıdır”.