Avropa Parlamentinin Ramil Səfərovla bağlı qətnaməsinə Azərbaycan siyasi partiyalarının birgə etirazı məktubunun mətni ilə bağlı söz-söhbət hələ də səngimir. Məlumdur k, YAP-ın təşəbbüsü ilə hazırlanan sənədə AXCP və Müsavat da imza atıb. Lakin bu partiyalar ilk mətnə dəyişiklik təklif ediblər və təklif qəbul olunub. Bununla belə, xüsusən də sosial şəbəkələrdə bəziləri müxalifətin təklifinin Avropa Parlamentinə göndərilən variantda əks olunmadığını iddia edirlər.
YAP-ın rəsmi saytında isə sənədin Avropa Parlamentinə göndərilən mətni yerləşdirilib və orada ACXP ilə Müsavatın təklifinin öz əksini tapdığı görünür.
Xatırladaq ki, sənədin ilkin mətnində Azərbaycanın beynəlxalq təşkilatlarda layiqincə təmsil olunduğu bildirilirdi, lakin AXCP-nin təklifi ilə sənəddən “layiqincə” sözü çıxarılıb.
YAP-ın rəsmi saytında sənədin müvafiq ünvanlara göndərildiyi haqda 19 sentyabr tarixli məlumatı olduğu kimi təqdim edirik. Haqqında qeyd etdiyimiz cümlə məlumatda xüsusi rənglə fərqləndirilir.
***
Yeni Azərbaycan Partiyasının igamətgahında 18 siyasi partiyanın imzaladığı müraciət Avropa Parlamentinə və müvafiq olaraq digər qurumlara göndərilmişdir
Azərbaycanda fəaliyyət göstərən 18 siyasi partiyanın rəhbər və nümayəndələrinin “Avropa Parlamentinin Azərbaycan haqqında Qətnaməsi: Ramil Səfərov məsələsi” adlı sənədə etiraz olaraq, sentyabr ayının 14-də Yeni Azərbaycan Partiyasının igamətgahında imzaladıqları müraciət Avropa Parlamentinin Prezidentinə, sözügedən qurumdakı siyasi partiya qruplarının rəhbərlərinə və məlum qətnaməyə səs vermiş deputatlara, Avropa İttifaqının Bakı ofisinin rəhbərinə, eləcə də Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda olan səfirlərinə göndərilmişdir.
Müraciətdə deyilir:
Biz, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Avropa strukturları ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, Avropa dəyərlərinə sadiq olduğumuzu birmənalı şəkildə ifadə edirik. Azərbaycan müstəqilik əldə etdikdən sonra ölkəmizin xarici siyasətində Avroatlantik məkanına inteqrasiya mühüm və əhəmiyyətli yerlərdən birini tutmuşdur. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası və bir sıra nüfuzlu qurumlarda təmsil olunmuş, həmin qurumların qəbul etdiyi konvensiyalara və digər hüquqi sənədlərə qoşulmuşdur. “Evronest”in qurucu üzvü olaraq Azərbaycan Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığında fəal iştirak etməklə, Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə Assosiativ sazişinə sadiqliyini bəyan edir.
Avropa Parlamenti Cənubi Qafqaz və Azərbaycanla bağlı dəfələrlə müxtəlif xarakterli qətnamə və qərarlar qəbul etmişdir. Qəbul edilən sənədlərdə Azərbaycanın üzləşdiyi əsas problem – Ermənistanın təcavüzü, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar, obyektiv fikirlər də özünə yer tapmışdır. Lakin bəzi hallarda Avropa Parlamentində təmsil olunan deputat qrupları bu və ya digər maraqlar naminə, xüsusilə erməni lobbisinin təsiri altında reallığı təhrif edən sənədlər qəbul etmişdir. Təbii, bu cür sənədlərin qəbulu Azərbaycan ictimai rəyində və siyasi mühitində birmənalı qarşılanmır.
Macarıstanda həbsdə olan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Azərbaycana təslim edilməsi və ölkə Prezidenti tərəfindən əfv olunması məsələsi ilə bağlı Avropa Parlamentində qəbul olunmuş qətnamə, bütövlükdə, qeyri-obyektiv olmaqla, Ermənistanın və erməni lobbisinin maraqlarına xidmət edir.
Avropa dövlətlərinin qoşulduğu və beynəlxalq miqyasda hamının qəbul etdiyi konvensiyalar və digər hüquqi sənədlər məhbusların ekstradisiyası və əfv olunması məsələlərini tənzimləyir. Azərbaycan ordusunun zabiti Ramil Səfərovun da ekstradisiyası və əfv edilməsi “Məhkum olunmuş şəxslərin təslim edilməsi haqqında Konvensiya”nın 12-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn norma və prinsiplərinə istinad olunaraq həyata keçirilmişdir. Təəssüf ki, Avropa strukturlarının bir sıra qurumlarında bu məsələ ilə əlaqədar obyektivlikdən uzaq bəyanatlar və sənədlər yayılmışdır.
Xatırlatmaq istərdik ki, Ramil Səfərov erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalan Azərbaycanın Cəbrayıl bölgəsində doğulmuş və Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi gedişində mülki şəxslər olan bir çox yaxınları, qohumları öldürülmüş, girov götüürülmüş, ailəsi isə qaçqın vəziyyətinə düşmüşdür. Ramil Səfərov 2004-cü ildə Budapeştdə ingilis dili kurslarında iştirak edərkən onunla birlikdə bu kursda olan erməni zabiti Qurgen Markaryan tərəfindən təhqirlərə məruz qalmış və buna cavab olaraq affekt vəziyyətdə ona qarşı ən son vasitəyə əl atmışıdır. Ramil Səfərovun üzərində Budapeştdə aparılan məhkəmə prosesi zamanı Ermənistanın və erməni lobbi təşkilatlarının təzyiqləri nəticəsində bu hadisə ilə əlaqədar çox sərt və humanizm prinsipləri ilə uzlaşmayan hökm verilmişdir. Halbuki, Avropa ölkələrinin məhkəmələrində belə sərtlik özünü biruzə vermir. Son misal kimi, Norveçdə Breyvik üzərində qurulan məhkəmə və onun çıxardığı qərarı göstərə bilərik. Qeyd etmək istərdik ki, Ramil Səfərov onun üçün müəyyən olunmuş cəzanın 9 ilini həbsxanada keçirmişdir.
Hazırda erməni lobbi təşkilatları və Ermənistanı himayə edən dairələr tərəfindən Ramil Səfərov məsələsi ətrafında qaldırılan hay-küy kampaniyası, əslində Azərbaycanın 20 faiz torpaqlarını işğal edərək bir milyona yaxın insanı qaçqına çevirən təcavüzkar Ermənistanın törətdiyi hərbi cinayətləri, işğal faktını və dalana dirənən sülh danışıqları prosesində tutduğu qeyri konstruktiv mövqeyi ört-basdır etmək cəhdindən başqa bir şey deyildir. Öz yaxın tarixi ərzində dəfələrlə dünyanın müxtəlif yerlərində qanlı terror əməlləri törətmiş caniləri (ASALA terror təşkilatının üzvləri: Monte Melkonyan, Vazgen Sislyan, Varujan Karapetyan və s.) Ermənistana gətirərək onlara vətəndaşlıq pasportu verən bir ölkənin indiyədək Avropanın heç bir beynəlxalq qurumu tərəfindən qınağa məruz qalmaması faktı, Azərbaycan ictimai rəyində hiddət və təəssüf doğurmuşdu. Halbuki, bu terrorçular Ermənistana gəldikdən sonra bu ölkənin hərbi birləşmələri tərkibində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində dinc əhaliyə qarşı bir sıra ağır hərbi cinayətlər, o cümlədən, Xocalı soyqırımını törətmişlər. Hesab edirik ki, Avropa Parlamenti kimi nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkarlığına rəvac verən qərarlar qəbul etmək əvəzinə, iki ölkə arasında olan konfliktin sülh yolu ilə həlli istiqamətində ardıcıl addımlar atsaydılar daha məqsədəuyğun olardı.
Biz, siyasi yönümündən asılı olmayaraq müraciəti imzalayan partiyalar Azərbaycan cəmiyyətinin bu mövzudakı həssaslığını və narahatlığını ifadə edərək, bir daha Avropa Parlamentinin qəbul etdiyi məlum qətnaməyə öz qəti və birmənalı etirazımızı bildirir, bu sənəddə əks olunan müddəaları qeyri-obyektiv, qərəzli və ikili standartların növbəti təzahürü hesab edirik.
1. Yeni Azərbaycan Partiyası
2. Ana Vətən Partiyası
3. Azərbaycan Sosial Rifah Partiyası
4. Müsavat Partiyası
5. Azərbaycan Xalq Partiyası
6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
7. Azərbaycan Xalq Cəbhəsi Partiyası
8. Böyük Quruluş Partiyası
9. Vətəndaş və İnkişaf Partiyası
10. Azərbaycan Liberal Partiyası
11. Azərbaycan Demokrat Partiyası
12. Azərbaycan Milli İstiqlal Partiyası
13. Milli Dirçəliş Hərəkatı Partiyası
14. Ədalət Partiyası
15. Vətəndaş Həmrəyliyi Partiyası
16. Vətəndaş Birliyi Partiyası
17. Azərbaycan Demokratik İslahatlar Partiyası
18. Klassik Xalq Cəbhəsi Partiyası