Qaya Əliyev: “Mirmahmud bəy mənimlə Xəzərin vasitəsilə polemikaya girməsin”
“Bu adamın adı Xəzər olsa da, polemika imkanları heç gölməçə qədər də deyil”
KXCP daxilində sədr müavinləri arasında gərginlik davam edir. Hər şey partiya sədrinin müavini Qaya Əliyevin KXCP və AXCP-nin birləşməsi təşəbbüsüylə çıxışından başladı. Və KXCP-nin sədri Mirmahmud Mirəlioğlunun bu təklifə görə Q.Əliyevi tənqid etməsindən sonra prosesə sədr müavini Xəzər Teyyublu da qatılıb.
Artıq bir neçə gündür ki, Q.Əliyevlə X.Teyyublu arasında mətbuatda qarşılıqlı ittihamlar davam edir. Q.Əliyevin müavinlik postundan uzaqlaşdırılmasıyla bağlı X.Teyyublunun dediklərinə qarşı tərəfin cavabından sonra ara bir qədər sakitləşsə də, sükutu yenə Teyyublu pozdu.
Q.Əliyevin gətirdiyi arqumentlərə cavab verən X.Teyyublu “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Q.Əliyev ümumiyyətlə, partiyanın işində yaxından iştirak etməyib. Onun sözlərinə görə, Q.Əliyev üzvü olduğu partiyaya gedib-gəlmədiyini özü də etiraf edib: “Bu adam həm KXCP sədrinin müavini olduğunu bəyan edir, həm də bildirir ki, partiyanın qərargahına gedib-gəlmir və partiyanın işində virtual iştirak etməyi doğru sayır. Sən partiya funksionerisənsə, partiyanın işində yaxından iştirak etməlisən. Bunu etmirsənsə, deməli, tutduğun vəzifənin öhdəsindən gəlmirsən və avtomatik olaraq həmin vəzifədən kənarlaşmış hesab olunursan. Partiya üzvlüyündə saxlanılıb-saxlanılmamaq məsələsinə gəlincə, ya Qaya Əliyev özü getməlidir, ya nizamnamənin tələbinə uyğun olaraq, onun barəsində addım atıla bilər”.
X.Teyyublu onu da vurğulayıb ki, Q.Əliyevi məqsədli şəkildə ortaya atıb danışdırırlar: “Adı Qaya olduğu üçün elə bilirlər ki, özü də qayadır. KXCP daxilində onun bir çınqıl qədər gücü yoxdur. Onu öyrədib ortaya atanlar özləri-özlərini aldatmaqla məşğuldurlar”.
KXCP sədrinin müavini Qaya Əliyev “Azadlıq”a açıqlamasında ünvanına səslənən ittihamlara cavab verdi. Q.Əliyev öncə onu vurğuladı ki, partiyanın işində onun yaxından iştirak etmədiyi barədə söylənilənlər reallıqdan uzaqdır. Əksinə o, partiyanın fəaliyyətilə bağlı bir sıra mühüm sənədlərin işlənib hazırlanmasında yaxından iştirak edib: “Mən partiyanın işində necə yaxından iştirak etməmişəm ki, partiyaya 2012-ci illə bağlı inkişaf proqramını təqdim etmişəm. Indi mən partiyanın keçirdiyi tədbirlərdə iştirakımı sübut edən fotoları ortaya qoyub bunların yalanını çıxarım? Dəfələrlə partiyanın qərargahına gəlib görmüşəm ki, heç kim yoxdur. Bu həmin Xəzər bəydir ki, 30 iyun 2012-ci ildə məni SMS-lə 2 iyul 2012-ci il saat 12-də keçirilən Idarə Heyətinin iclasına dəvət ediyi halda, utanmadan mənim guya, hələ may ayından müavinlikdən azad edildiyimi iddia edir. Bir gün mətbuatda deyir ki, Qaya Əliyevin müsahibələrindəki fikirlərilə bağlı heç bir şərh vermirik, o biri gün isə çıxıb mənimlə bağlı nağıllar danışmağa başlayır”.
Q.Əliyevin sözlərinə görə, M.Mirəlioğlu X.Teyyublunun vasitəsilə onunla polemikaya girməklə yanlış addım atıb: “Mirmahmud bəy Xəzər bəyin vasitəsilə mənimlə polemikaya girəndə düşünmədi ki, bu adamın adı Xəzər olsa da, polemika imkanları heç gölməçə qədər də deyil. Mirmahmud bəyə tövsiyə edərdim ki, Xəzəri polemikaya göndərməmişdən əvvəl ona politologiyaya aid 1-2 kitab oxutduraydı. Heç olmasa, ”çaşmaq”, “aşmaq” kimi tin uşaqlarına məxsus ifadələr işlədib sosial mənşəyini, “vitrin”, “istifadə”, “satış” kimi bazar jarqonunu işlədib siyasətə hardan gəldiyini biruzə verməyəydi”.
Hikmət