Toplantıda Ictimai Palataya yeni üzvlər qəbul olunub
Ictimai Palatanın ötən gün növbəti sessiyası keçirilib. Bu barədə “Azadlıq”a məlumatı AXCP-nin Xətai rayon təşkilatının sədri Hüseyn Orucov verib. Onun sözlərinə görə, sessiyada 100-ə yaxın adam iştirak edib: “34 nəfər Ictimai Palataya yeni üzv qəbul olunub. Sessiyada ictimai-siyasi vəziyyət müzakirə olunub.
Ölkədə və dünyada baş verən proseslərlə bağlı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli çıxış etdilər. Xətai rayonundakı sosial problemlərlə bağlı KXCP-nin Xətai rayon əlaqələndirmə şurasının üzvü Rafiq Abdullayev, VHP-nin Xətai rayon əlaqələndirmə şurasının üzvü Faiq Balabəyli və AXCP-nin Xətai rayon təşkilatın sədri Hüseyn Orucov çıxış etdilər”.
Hüseyn Orucov Ictimai Palatanın təşkilatlanmasının önə çəkilməsinin sessiya iştirakçılarının səsləndirdiyini söylədi: “Oktyabrın 14-də Ictimai Palatanın Xətai rayon şöbəsi yenidən sessiya keçirəcək”.
“AXCP sədri Əli Kərimliyə qarşı hakimiyyətin zəhərlənmə şousu pislənildi və qeyd edildi ki, bu, Əliyevlər rejimini ən sərt tənqid edən aparıcı müxalifət partiyalarından birinin sədrinə qarşı çirkin kampaniyadır. Bundan başqa, Müsavat gənclər təşkilatının fəalı Nigar Yaqublunun həbsi pislənildi. Baş vermiş hər iki olayla bağlı bəyanat qəbul edildi. ”Azadlıq” qəzetinə qarşı hökumətin apardığı siyasətə adekvat olaraq sessiyada “hərə iki qəzet alsın” kampaniyasının aparılması da yekdilliklə qəbul edildi”, – deyə Hüseyn Orucov bildirdi.
Ramin DEKO